Albaniya nəşrinin ölkəmizə marağı artır

17.09.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Alplar qəzeti” bu dəfə Naxçıvandan və “Xalq qəzeti”ndən bəhs edib

Albaniyanın paytaxtı Tiranada nəşr olunan, ölkənin populyar mətbu orqanlarından biri kimi tanınan “Alplar qəzeti” (“Gazeta e Alpeve”) növbəti sayında Naxçıvana həsr olunmuş geniş yazı dərc edib.

Qəzetin 1–15 sentyabr 2026-cı il tarixli, 125-ci sayının 25-ci səhifəsində “Naxçıvan – Azərbaycan Respublikasının ayrılmaz hissəsidir” sərlövhəli məqalə dərc olunub. Məqalə “Biz özümüzü Azərbaycan xalqının tarixi və onun tərkib hissəsi olan Naxçıvan barədə alban xalqını məlumatlandırmağı borc bilirik” fikirləri ilə başlayır. Yazıda Naxçıvanın tarixi keçmişinin, onun Azərbaycanla bağlılığının və bu məsələnin alban oxucusuna çatdırılmasının əhəmiyyəti diqqətə çatdırılır.

“Alplar qəzeti”nin Naxçıvan mövzusuna müraciəti bununla məhdudlaşmır. Qəzetin 16–30 iyun 2026-cı il tarixli sayında da “Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir və tarixən də belə olub” adlı geniş məqalə təqdim edilmişdi. Həmin yazı barədə türkoloq-publisist Əli Şamilin məlumatları əsasında “Xalq qəzeti”ində daha əvvəl xəbər verilmişdi.

Soydaşımızın bildirdiyinə görə, məqalənin müəllifi Entela Muço Albaniyanın tanınmış tarixçisi, osmanlışünası və arxiv tədqiqatçısıdır. O, xüsusilə Osmanlı dövrü Balkan tarixi, Albaniya–Türkiyə və Albaniya–Azərbaycan tarixi-mədəni əlaqələri istiqamətində araşdırmaları ilə tanınır. Uzun illər Albaniya Dövlət Arxivində çalışan Entela Muço Osmanlı türkcəsində yazılmış arxiv sənədlərinin tədqiqi üzrə mütəxəssis kimi fəaliyyət göstərir.

Qəzetin yeni sayında diqqətçəkən məqamlardan biri də “Xalq qəzeti” haqqında verilən məlumatlardır. Yazıda Azərbaycanın ictimai-siyasi həyatında mühüm yer tutan “Xalq qəzeti”nin nəşr tarixi, fəaliyyəti və ölkənin ictimai fikir tarixindəki rolu barədə məlumat verilir. Bildirilir ki, qəzet uzun illər, 70 ildən çox müddətdə “Kommunist” adı ilə nəşr olunub.

“Alplar qəzeti”nin ardıcıl olaraq Naxçıvan mövzusuna müraciət etməsi Azərbaycan–Albaniya münasibətlərinin yalnız müasir siyasi və iqtisadi əlaqələrlə məhdudlaşmadığını, xalqların tarixi və mədəni irsi haqqında qarşılıqlı məlumatlandırmanın da mühüm əhəmiyyət daşıdığını göstərir. Qəzetin yazıları Azərbaycanın və onun tərkib hissəsi olan Naxçıvanın tarixi ilə bağlı məlumatların Albaniya ictimaiyyətinə çatdırılması baxımından da diqqət çəkir.

Namiq QƏDİMOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью