Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Albaniyada hökumət əleyhinə etirazlar davam edir.
Yeniavaz.com “Reuters”ə istinadən xəbər verir ki, paytaxt Tiranada başlayan aksiyalar ölkənin digər şəhərlərinə də yayılıb.
Məlumata görə, etirazçılar Baş nazir Edi Ramanın istefasını tələb edirlər. Nümayişçilər hökuməti korrupsiyada, işsizlik probleminin həllində uğursuzluqda və təhsil sahəsinə kifayət qədər diqqət ayırmamaqda ittiham edirlər.
Albaniya hakimiyyəti baş nazirin istefasının gündəmdə olmadığını açıqlayıb. Edi Rama isə oktyabrın 18-də bildirib ki, etirazlar onun hökumətini deyil, ölkənin Avropa İttifaqına (Aİ) üzvlük istiqamətində əldə etdiyi irəliləyişi təhdid edir.
Şənbə günü minlərlə gənc Tirananın mərkəzində, Təhsil Nazirliyinin binası qarşısında toplaşıb. Aksiya zamanı qarşıdurmalar baş verib. Etirazçılar polisə daş, kustar üsulla hazırlanmış “Molotov” kokteylləri və atəşfəşanlıq vasitələri atıblar. Polis isə nümayişçilərə qarşı gözyaşardıcı qaz, su şırnaqları və rezin güllələrdən istifadə edib.
Polisin məlumatına əsasən, beş gün davam edən iğtişaşlar zamanı 167 nəfər saxlanılıb, 132 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb. Həmçinin, vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı aparılan araşdırmalar çərçivəsində yeddi polis əməkdaşı vəzifəsindən kənarlaşdırılıb.
Etirazlarda məktəblilər və universitet tələbələri də iştirak edirlər. Onlar korrupsiyaya, iş yerlərinin çatışmazlığına və təhsil sistemindəki problemlərə etiraz edirlər.
Narazılığın digər səbəblərindən biri də Albaniya sahillərində elit kurort kompleksinin tikintisi planıdır. ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin dəstəklədiyi layihəyə qarşı etirazlar yay aylarında başlayıb. İlk mərhələdə əsasən dinc xarakter daşıyan aksiyalar sonradan daha geniş miqyas alıb.