Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Nisbilik nəzəriyyəsi və elmə gətirdiyi inqilabi yeniliklərlə tanınan Albert Eynşteynin qeyri-adi yemək vərdişi üzə çıxıb.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, məşhur fizik göbələyi çox sevib və onu gün ərzində bir neçə dəfə yeməyə hazır olub.
Eynşteyn xüsusilə ağ göbələyə üstünlük verib. Onun evində çalışan Herta Valdovun sözlərinə görə, alim göbələyi o qədər çox sevib ki, imkan olsaydı, hər yeməkdə ondan istifadə edərdi.
Məşhur fizik səhər yeməyində qızardılmış və ya qarışdırılmış yumurtanın yanında göbələk yeməyi xoşlayıb. O, həmçinin göbələk, zeytun yağı və Romano pendiri ilə hazırlanan yumurtalı əriştəni də sevib.
Eynşteyn 1929–1932-ci illərdə yay aylarını Almaniyanın Kaput kəndində, şam meşələrinin yaxınlığında yerləşən evində keçirib. Həmin ərazidə ağ göbələklər çox olduğundan alim tez-tez meşədə gəzərək onları özü toplayıb.
Mürəkkəb nəzəriyyələr və düsturlar üzərində çalışan Eynşteyn yemək məsələsində sadəliyə üstünlük verib. Onun sevdiyi yeməklər arasında alman üsulu ilə hazırlanan qızardılmış donuz əti də olub. Lakin sağlamlıq problemlərindən sonra həkimlərin tövsiyəsi ilə qidalanmasına məhdudiyyətlər qoyulub və daha çox bitki mənşəli məhsullara üstünlük verməyə başlayıb.