Albertada Kanadadan ayrılmaqla bağlı referendum keçirilə bilər

22.05.2026

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Kanadanın Alberta əyalətində oktyabrın 19-da əyalətin ölkənin tərkibində qalıb-qalmaması ilə bağlı referendum keçirilə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, Alberta Baş naziri Danielle Smit bildirib ki, referendum zamanı sakinlərdən əyalətin Kanadanın tərkibində qalmasını istədikləri, yoxsa ayrılma ilə bağlı hüquqi prosesin başlanmasına dəstək verdikləri soruşulacaq.

Smit qeyd edib ki, o özü Albertanın Kanadanın bir hissəsi olaraq qalmasına səs verəcək və əyalət hökuməti də bu mövqeni dəstəkləyir.

Bildirilir ki, Kanadadan ayrılma ilə bağlı referendumun keçirilməsi üçün tələb olunan 178 min imzadan artıq - 300 mindən çox imza toplanıb.

Bununla belə, aparılan sorğular Alberta sakinlərinin əksəriyyətinin Kanadadan ayrılmağa qarşı olduğunu göstərir.

Məlumata görə, mayın 14-də Federal Məhkəmənin hakimi Şeyna Leonard əyalət hökumətinin məsələ ilə bağlı yerli nümayəndələrlə məsləhətləşməməsini əsas gətirərək ayrılma təşəbbüsünün qarşısını alıb.

Danielle Smith isə əhalinin referendum keçirmək hüququna malik olduğunu bildirib, məhkəmə qərarını tənqid edib və apellyasiya şikayəti verəcəyini açıqlayıb.

Qeyd edək ki, Alberta 1905-ci ildə Kanadanın tərkibinə daxil olub. 1940-cı illərdə bölgədə böyük neft ehtiyatlarının aşkarlanmasından sonra əyalət ölkənin əsas enerji mərkəzlərindən birinə çevrilib. Son illərdə isə bəzi sakinlər federal hökumətin iqlim siyasətinin neft və qaz sənayesinə mənfi təsir göstərdiyini düşünür.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью