Aleksandr Stubb: Müharibə bitmədən Rusiya ilə müzakirə olmayacaq

17.11.2026

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Finlandiya Prezidenti Aleksandr Stubb Avropa ölkələrinin Rusiya ilə gələcək təhlükəsizlik münasibətlərini yalnız Ukraynada müharibə başa çatdıqdan sonra müzakirə edə biləcəyini bildirib.

Qaynarinfo xəbər verir ki, o, bu barədə “Financial Times” nəşrinə müsahibəsində danışıb.

Stubb hesab edir ki, Avropa liderləri Rusiya ilə danışıqlar məsələsində məsuliyyəti yalnız ABŞ-ın üzərinə qoymamalı, Vladimir Putinlə birbaşa ünsiyyət qurmağa hazır olmalıdırlar. Bununla belə, Finlandiya prezidenti vurğulayıb ki, müharibə davam etdiyi müddətdə Avropanın təhlükəsizlik sisteminin əsas prinsipləri müzakirəyə çıxarıla bilməz.

Onun sözlərinə görə, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və geosiyasi seçim azadlığı BMT Nizamnaməsi, Helsinki və Paris razılaşmaları ilə qorunur. Bu prinsiplər danışıqlar predmeti ola bilməz.

Stubb bildirib ki, müharibə başa çatdıqdan sonra Rusiya ilə NATO və Avropa İttifaqı arasındakı münasibətlər, nüvə silahlanması yarışı və silahlara nəzarət məsələləri müzakirə oluna bilər. Onun fikrincə, bu dialoqun məqsədi gələcəkdə Rusiyanın mümkün təcavüzünün qarşısını almaq və Avropada təhlükəsizliyi möhkəmləndirmək olmalıdır.

“Bütün bunlar təhlükəsizliyin gücləndirilməsi amilləridir. Lakin proses müəyyən ardıcıllıqla aparılmalıdır. Müharibə başa çatmadan bu mövzularda heç bir danışıq ola bilməz”, deyə Finlandiya prezidenti qeyd edib.

Stubb əlavə edib ki, müharibədən sonrakı dövr hələ başlamayıb. O, ötən ay Putinlə telefon danışığından sonra müəyyən mənada dialoq üçün imkanların yarandığını da bildirib.

Qeyd edək ki, ötən həftə ABŞ, Ukrayna və Rusiya nümayəndələri mümkün sülh razılaşması ilə bağlı üçtərəfli danışıqlar aparıblar. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta isə Avropanı danışıqlarda Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və Polşanın, eləcə də Aİ institutlarının təmsil edəcəyini açıqlayıb.

Bununla belə, Kremlin mövqeyi fərqlidir. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Moskvanın avropalı nümayəndələrin danışıqlarda iştirakına razılıq vermədiyini bildirib.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью