Aleksey İsayev: “Bu gün ölkəmizə bayram bəxş etdik”

26.11.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayev UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda İspaniyanın “Barselona” klubuna 1:4 hesablı məğlubiyyəti şərh edib.

İdman.Biz xəbər verir ki, futbolçu Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmadan sonra jurnalistlərə açıqlamasında bu görüşün Azərbaycan futbolu üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

“Bu gün ölkəmizə bayram bəxş etdik. Ümid edirəm ki, hamının xoşuna gəldi. Oyunun böyük hissəsini topsuz keçirdik. Rəqibdən öyrənəcəyimiz çox şey var. Buna görə də çalışmağa davam edəcəyik. Sadəcə, yaratdığımız qol imkanlarından istifadə etməliyik”, - deyə İsayev bildirib.

Yarımmüdafiəçi qarşılaşmada qazanılan təcrübənin xüsusilə yerli futbolçular üçün əhəmiyyətli olduğunu qeyd edib:

“Çempionlar Liqasında çıxış edirik. Bəli, məğlub olduq və bu, təəssüf, məyusluq doğurur. Amma kimə qarşı oynadığımızı bilirdik. Bu gün yerli futbolçuların meydana çıxıb oynamasına şadam. Bu, əvəzolunmaz təcrübədir”.

İsayev “Sabah”ın turnirin qalan qarşılaşmalarında da öz oyun üslubuna sadiq qalacağını söyləyib:

“Yəqin ki, bu gün müdafiəyə çəkilmədiyimizi gördünüz. Rəqibə pressinq tətbiq etməyə, topu ondan almağa çalışırdıq. Özü də “Barselona”ya qarşı. Növbəti matçlarda da öz futbolumuzu oynayacağıq. Heç kim müdafiəyə çəkilib gözləmək niyyətində deyil”.

Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsində beş turdan sonra üç xalı olan “Sabah” turnir cədvəlində 33-cü pillədə qərarlaşıb. Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda növbəti oyununu dekabrın 8-də səfərdə İspaniyanın “Vilyarreal” klubuna qarşı keçirəcək.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью