Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Noyabrın 27-də Bakıdakı Rus evində görkəmli sovet və rus bəstəkarı, musiqişünas və pedaqoq Alfred Qarriyeviç Şnitkenin 90 illik yubileyinə həsr olunmuş sərgi və konsert keçiriləcək.
Kulis.az xəbər verir ki, tədbir A.G.Şnittke adına Moskva Dövlət Musiqi İnstitutunun dəstəyi, Bakıdakı Rus evi, Rusiya Milli Musiqi Muzeyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.
Alfred Şnitke XX əsrin ikinci yarısının böyük sovet bəstəkarlarından biridir. Onun əsərlərindən ibarət konsertlər həmişə ajiotaj yaradıb.
Polistilistika texnikasının banisi olan Şnitke müxtəlif janrların və üslub istiqamətlərinin musiqi dilində eyni dərəcədə inandırıcı danışa bilirdi.
Onun yaradıcılığı zəmanəmizin problemlərinə, bəşəriyyətin və bəşər mədəniyyətinin taleyinə böyük diqqət yetirməsi ilə səciyyələnir.
Onun yaradıcılığını dolduran dünya və mədəniyyət, xeyir və şər, inam və skeptisizm, həyat və ölüm dilemmaları emosional ifadəli fəlsəfəyə çevirir.
Görkəmli musiqiçinin yubileyi üçün Rusiya Milli Musiqi Muzeyi sərgi hazırlayıb, eksponatlarla Bakıdakı Rus evində tanış olmaq imkanı yaranacaq.