Ali Baş Komandanın Zəfər manifesti

05.11.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan dövlətçilik tarixinin ən parlaq və şərəfli səhifəsini təşkil edən 44 günlük Vətən müharibəsi, eləcə də bu savaşın məntiqi nəticəsi kimi işğalçı Ermənistan üzərində qazanılmış Böyük Zəfər, təkcə hərbi-strateji qüdrətin və rəşadətli ordunun döyüş meydanındakı möhtəşəm uğurları ilə məhdudlaşmır. Məsələyə daha dərindən yanaşdıqda tam əminliklə demək olur ki, bu qələbə, eyni zamanda dərin intellektual, diplomatik və ideoloji müstəvidə qazanılmış konseptual zəfərdir. 

Çünki istənilən hərbi uğurun arxasında onu həm hüquqi cəhətdən legitim edən, həm milli iradəni vahid ideya ətrafında səfərbər edən, həm də beynəlxalq auditoriyanı haqqın tərəfinə çəkməyi bacaran olduqca güclü diskurs və arqumentasiya xətti dayanır. Məhz bu xəttin fundamental sütununu və əsas strateji proqramını Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən 27 sentyabr 2020-ci il tarixində, yəni müharibənin ilk günündə xalqa ünvanlanan tarixi müraciət təşkil edir. 

Həmin müraciəti təkcə hərbi əməliyyatların başladığını elan edən bir bəyanat hesab etmək, onun tarixi və strateji mahiyyətini və əhəmiyyətini tam dolğunluğu ilə əks etdirmir; bu müraciət, əslində Azərbaycanın onilliklər boyu formalaşdırdığı milli və beynəlxalq prinsiplərin ən ali müstəvidə sistemləşdirildiyi hüquqi, siyasi və mənəvi manifestdir. Elə bu səbəbdən də, yaxınlaşmaqda olan müqəddəs Zəfər Günü ərəfəsində həmin tarixi müraciətin fundamental elmi-analitik təhlilinə həsr olunmuş araşdırma ortaya qoymaq, qələbənin hansı rasionallıq və inandırma fəlsəfəsi üzərində qurulduğunu anlamaq baxımından xüsusi aktuallıq kəsb edir.

Şübhəsiz ki, bu tarixi müraciətin fəlsəfi - strateji qatlarını təhlil etmək və onun daxili gücünü anlamaq üçün mütləq şəkildə klassik və müasir arqumentasiya nəzəriyyələrinin elmi süzgəcinə müraciət etmək lazımdır. Bu məqsədlə, tədqiqatımızın nəzəri çərçivəsini formalaşdırarkən bir-birini tamamlayan dörd fundamental metodoloji yanaşmaya istinad etməyi məqsədəuyğun hesab edirik.

İlk növbədə, müraciətin daxili inandırma dinamikası Aristotel ritorikası kontekstində - Logos (məntiq və faktlar), Ethos (mənəvi legitimlik və lider nüfuzu) və Pathos (emosional bağ və milli ruh) triadası vasitəsilə (ritorik üçbucaq) araşdırılır. Sonra, natiqin irəli sürdüyü iddiaların struktur bütövlüyü və məntiqi ardıcıllığı britaniyalı filosof Stiven Tulminin arqumentasiya modeli (Data-Claim-Warrant) əsasında strukturlaşdırılır. Müraciətin, eyni zamanda, həm yerli, həm də qlobal miqyasda yaratdığı analitik təsir mexanizmi belçikalı filosof Xaim Perelmanın “Yeni ritorika” konsepsiyası və onun “universal auditoriya” fəlsəfəsi kontekstində qiymətləndirilir. 

Nəhayət, Ermənistan–Azərbaycan münaqişəsinin hüquqi-siyasi müstəvidə tənzimlənməsi prosesində Azərbaycanın rasional mövqeyi və Ermənistanın destruktiv ritorikasının ifşası Frans van Eemeren və Rob Grootendorst tərəfindən əsası qoyulan Amsterdam məktəbinin Praqmadialektika konsepsiyası işığında araşdırılır. Bununla yanaşı, tədqiqatda müqayisəli diskurs təhlili metodundan istifadə edilərək, 27 Sentyabr müraciəti dünya hərb tarixindəki (U. Çörçill, Ş. de Qoll) və regional müstəvidəki (N. Paşinyan) analoji bəyanatlarla tipoloji müqayisəyə cəlb olunur ki, bu da onun qlobal siyasi ritorika məkanındakı unikal yerini konkret şəkildə müəyyənləşdirməyə imkan verir. 

Bütün bu 4 nəzəriyyənin və müqayisəli yanaşmanın sintezi isə bizə sübut edir ki, Ali Baş Komandanın xalqa müraciəti qarşı tərəfin onilliklər boyu qurduğu manipulyativ mifləri darmadağın edən, Azərbaycanın haqlı davasını isə rasionallıq prinsipləri ilə möhürləyən qüsursuz bir arqumentasiya modelidir. Mübaliğəsiz demək olar ki, ilk gündə bəyan edilən “Biz haqq yolundayıq, biz qalib gələcəyik!” formulu, elmi cəhətdən əsaslandırılmış strateji proqnoz olmaqla yanaşı, 44 gün sonra qazanılacaq tarixi Zəfərin həm də strateji manifesti kimi dəyərləndirilir.

Yuxarıda qeyd edilən elmi-metodoloji əsaslardan çıxış edərək müraciətə nəzər saldıqda, qarşımıza ilk növbədə antik yunan filosofu Aristotelin ritorika elminə bəxş etdiyi fundamental inandırma triadası çıxır. Klassik ritorika elminin təməlini təşkil edən bu konsepsiyanın mahiyyəti, dinləyici kütləsini tam inandırmaq və səfərbər etmək üçün natiqin gətirdiyi məntiqi dəlillərin (logos), mənəvi dürüstlüyünün (ethos) və auditoriyanın emosional duyğularının (pathos) vahid sistemdə birləşməsini zəruri hesab edir. 

Ali Baş Komandan İlham Əliyev tərəfindən xalqa ünvanlanan 27 Sentyabr müraciəti, bu 3 prinsipin - Logos (rasional məntiq və sarsılmaz faktlar), Ethos (mənəvi legitimlik və natiqin nüfuzu) və Pathos (emosional bağ və milli ruh) - qüsursuz dialektik vəhdətdə sintez edildiyi fundamental bir diskurs nümunəsidir. Bu 3 hərəkətverici qüvvə tarixi müraciətdə sadəcə ritorik cümlələr ardıcıllığı kimi çıxış etmir; onlar müharibənin ilk saniyələrindən etibarən daxili auditoriyanı sarsılmaz qələbə inamına kökləyən, qlobal güclərə isə Azərbaycanın qətiyyətli iradəsini nümayiş etdirən strateji təsir mexanizmi funksiyasını yerinə yetirir.

Bu kontekstdə müraciətdə sarsılmaz tarixi faktlar, rəsmi sənədlər və xronoloji ardıcıllıq üzərində qurulan Logos prinsipi müraciətin konseptual əsasını təşkil edir. Dövlət başçısı, ilk növbədə, rəsmi İrəvanın son bir ildə törətdiyi bütün hərbi-siyasi cinayətləri təkzibedilməz faktlarla diqqətə çatdırır və bu rasional strategiya vasitəsilə Ermənistanın manipulyativ iddialarını bəri başdan tamamilə puça çıxarır. 

Faktların bu şəkildə təkzibedilməz xronologiya ilə sıralanması beynəlxalq birlik üçün qəti sübutlar toplusu formalaşdırır və bu məntiqi xətt Azərbaycan diplomatiyasına xarici təzyiqləri dəf etmək üçün böyük manevr imkanı qazandırır. Dünyanın böyük gücləri qarşısında faktlarla danışan rəsmi Bakı, Ermənistanın “məzlum xalq” imicini məhz bu rasionallıqla dağıdır. 

Müraciətdə Ermənistan rəhbərliyinin danışıqlar prosesini məhv edən bəyanatları Logos süzgəcindən keçirilərək növbəti təkzibedilməz sübüt kimi irəli sürülür: “Ermənistanın baş naziri bəyan edir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bu, danışıqlar prosesinə vurulan ən böyük zərbə idi. Ermənistanın müdafiə naziri bəyan edr ki, Ermənistan yeni torpaqlar üçün “yeni müharibə”yə hazırlaşır. Bu, Azərbaycana qarşı açıq hədədir, açıq təxribatdır”. 

Bu arqumentasiya sülh dialoqu resurslarının qarşı tərəfin ucbatından tamamilə tükəndiyini sübut edir. Logos - un Qələbənin qazanılmasında rolu onunla müəyyən olunur ki, o, həm ölkə daxilində, həm də xaricdə əks-hücum əməliyyatlarının qaçılmaz hərbi-siyasi zərurət olduğunu tam təsdiqləyir və bu konseptual yanaşma cəmiyyəti müharibənin gətirəcəyi çətinliklərə qarşı mənəvi cəhətdən hazırlayır. Bunun ardınca, sözügedən məntiqi bazanın davamı olaraq  müraciətdə dövlətin mənəvi dürüstlüyünü, qərarlarının hüquqi-tarixi legitimliyini və cəmiyyətin öz liderinə olan sarsılmaz etimadını ehtiva edən Ethos prinsipi ön plana çıxır. 

Dövlət başçısı müharibənin ilk dəqiqələrindən etibarən Azərbaycanın mənəvi və hüquqi haqlılığını bəyan edərək, sarsılmaz bir ümummilli həmrəylik platforması formalaşdırır: “Ermənistanın silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Bu, Ermənistanın növbəti təxribatıdır”. Hərbi və siyasi müstəvidə sarsılmaz mənəvi və hüquqi legitimlik bəyan edən bu sətirlər, Azərbaycanın hərbi əməliyyatları başladan tərəf olmadığını, əksinə, birbaşa təcavüzə uğrayan və öz mülki əhalisini qorumaq məcburiyyətində qalan tərəf olduğunu təsbit edir.

Bu yanaşmanın Zəfərdəki rolu və əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan əsgəri ön cəbhəyə işğalçı statusunda deyil, beynəlxalq hüququn prinsiplərini və tarixi ədaləti bərpa edən haqlı bir qüvvə kimi daxil olur. Əsgərin şüurundakı bu mənəvi haqlılıq hissi, döyüş meydanında qarşı tərəfin onilliklər boyu ideoloji yalanlarla zəhərlənmiş ordusunun fərarilik psixologiyası qarşısında ən böyük mənəvi-psixoloji üstünlüyə çevrilir. 

Eyni zamanda, müraciətdə yer alan: “Azərbaycan Ordusu hazırda öz torpağında düşmənə sarsıdıcı zərbələr endirir. Biz öz torpağımızda vuruşuruq, bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?!” sualı sadəcə ritorik bir gediş olmaqla məhdudlaşmır, o, həm də işğalçı qüvvələrin Ethos-unu qlobal müstəvidə tamamilə puç edir. Təcavüzkarın mənəvi-ideoloji əsaslarını darmadağın edən bu tezis, mənəvi dayaqları olmayan bir ordunun döyüş əzminin də mövcud ola bilməyəcəyini elmi şəkildə sübut edir. Məhz bu mənəvi qətiyyət, 44 günlük müharibə boyunca düşmən ordusunu kütləvi fərariliyə məhkum etdiyi halda, Azərbaycan Ordusunun sarsılmaz döyüş əzmini şərtləndirən fundamental amilə çevrilir.

Nəhayət, bu məntiqi və mənəvi hazırlıq mərhələsindən sonra ritorika sənətinin üçüncü elementi olan Pathos, yəni auditoriyanın vətənpərvərlik duyğularını, qəzəb və qürur fəlsəfəsini hərəkətverici mənəvi qüvvəyə çevirmək qətiyyəti önə çıxır. 27 Sentyabr müraciəti bütövlükdə Azərbaycan xalqının 30 illik torpaq həsrətini rəsmi dövlət doktrinası kimi elan edən və onu böyük intiqam enerjisinə çevirən misilsiz bir Pathos qaynağı kimi təzahür edir. 

Müraciətin kulminasiya nöqtəsini təşkil edən və sonradan müharibənin əsas şüarına çevrilən bu sətirlər emosional səfərbərliyin zirvəsi olur: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz qalib gələcəyik! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” Bu nida hər bir əsgərin andına, hər bir şəhidin son sözünə, tankların üzərinə yazılan manifestə çevrilir; 30 illik məğlubiyyət sindromu məhz müraciətin ilk günündəcə bu güclü emosional yüklə aradan qaldırılır və xalq birmənalı olaraq yalnız və yalnız Qələbə hədəfinə yönəldilir. 

Müraciətdə yer alan digər bir emosional çağırış isə daxili birliyin vahid bir yumruq kimi birləşməsində həlledici rol oynayır: “Azərbaycan xalqı bu təhqirlərə dözə bilməz. Biz Ermənistanı yerində oturduruq və oturdacağıq! Biz şəhidlərimizin qanını yerdə qoymuruq və qoymayacağıq!” ifadəsi həm milli qürurun bərpasını, həm də xalqa verilən sarsılmaz ədalət vədini özündə ehtiva edir. Beləliklə, dövlət başçısı Aristotelin Pathos prinsipinin təsir gücündən məharətlə istifadə edərək, müraciətdəki dərin səmimiyyət və milli qətiyyət sayəsində Azərbaycan cəmiyyətini vahid hərbi-mənəvi orqanizmə çevirməyə müvəffəq olur. Mübaliğəsiz demək olar ki, müraciətdən doğan bu mənəvi səfərbərlik rəqib üzərindəki yekun qələbənin psixoloji təməlini təşkil edir və Zəfərə aparan milli ruhun əsas hərəkətverici qüvvəsinə çevrilir.

Müraciətin daxili strukturunu təşkil edən bu mənəvi və hüquqi bütövlük, onu müasir arqumentasiya nəzəriyyələrinin, xüsusən də Stiven Tulminin arqumentasiya modelinin prinsipləri əsasında təhlil etdikdə bir daha öz təsdiqini tapır. Tulmin modelinə görə, rasional və kəsərli bir iddia zənciri 3 fundamental sütun – Məlumat, İddia və Əsaslandırma üzərində strukturlaşdırılmalıdır. Ali Baş Komandan İlham Əliyev 27 Sentyabr 2020-ci il tarixli müraciətində bu hüquqi-məntiqi mexanizmdən məharətlə istifadə edərək, ordunun qarşısına qoyulan strateji hədəfləri beynəlxalq hüququn sarsılmaz prinsipləri ilə şərtləndirir. 

Modelin ilk elementi olan və arqumentasiya xəttinin faktoloji zəminini təşkil edən “Məlumat” kontekstində dövlət başçısı müraciətinə bilavasitə həmin gün səhər saatlarında törədilən hərbi təxribatın rəsmi mənzərəsini ortaya qoymaqla başlayır: “Bu səhər Ermənistan silahlı qüvvələri növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində bizim yaşayış məntəqələrimiz, mülki şəxslərimiz, dinc əhalimiz və hərbi mövqelərimiz ağır artilleriyadan atəşə tutulmuşdur. Bu təxribat nəticəsində dinc əhalimiz və hərbiçilərimiz arasında itkilər, yaralılar var”. 

Atəşkəsin və beynəlxalq normaların Ermənistan tərəfindən kobud şəkildə pozulmasını təsdiqləyən bu təkzibedilməz faktoloji baza, Azərbaycan Ordusunun başlatdığı əks-həmlə əməliyyatlarının legitimliyini elə lik andaca qlobal müstəvidə mübahisəsiz bir reallığa çevirir. Qələbənin qazanılmasında bu ilkin məlumat bazasının strateji əhəmiyyəti, Azərbaycan dövlətinin xarici qüvvələrin tətbiq edə biləcəyi “səbəbsiz hücum” ittihamlarını və diplomatik təzyiq cəhdlərini elə ilk saatlardaca tamamilə zərərsizləşdirilməsi ilə təzahür edir.

Məhz bu sarsılmaz faktoloji bazaya söykənərək, modelin növbəti – ikinci mərhələsini təşkil edən və əsas hədəfi ifadə edən “İddia” irəli sürülür. Müraciətdə bu mövqe  olduqca qətiyyətli və prinsipial xarakter daşıyır: “Azərbaycan Ordusu hazırda öz torpağında düşmənə sarsıdıcı zərbələr endirir. Biz öz torpağımızda vuruşuruq, bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Bizim işimiz haqq işidir. Biz qalib gələcəyik!” Ali Baş Komandanın irəli sürdüyü bu rəsmi iddia, 44 gün sonra əldə olunacaq Böyük Zəfər fəlsəfəsinin bəri başdan müəyyənləşdirilməsi mənasına gəlir. Çünki Tulmin modelinə görə, iddia nə qədər kəsərli və hədəfəyönümlü olarsa, auditoriyanın o hədəfə doğru səfərbər olması bir o qədər sürətlənir. 

Prezident “Biz müdafiə olunuruq” reallığından dərhal “Biz qalib gələcəyik!” iddiasına keçməklə, ordunun hərbi doktrinasını passiv müdafiə rejimindən sarsıdıcı hücum hərəkətlərinə keçirir və bu strateji qətiyyət hər bir əsgərin beynindəki yeganə məqsədi – qələbəni rəsmiləşdirir.  Tulmin modelinin ən mürəkkəb və həlledici komponenti sayılan "Əsaslandırma"  mərhələsi isə, faktla iddia arasında sarsılmaz məntiqi-hüquqi əlaqə yaradaraq prosesi birbaşa qlobal müstəviyə daşıyır.

 Bu mərhələ “Azərbaycan hansı haqla və hansı hüquqi əsasla bu böyük iddianı irəli sürür?” sualına cavab verir ki, müraciətdə bu körpü BMT Nizamnaməsi və beynəlxalq hüquq prinsipləri ilə möhkəmləndirilir: “Azərbaycan heç bir təxribata əl atmamışdır. Azərbaycan sadəcə olaraq öz maraqlarını qoruyur, öz mövqelərini müdafiə edir və öz siyasətini açıq-aydın aparır. Beynəlxalq hüquq normaları Azərbaycanın tərəfindədir. BMT Təhlükəsizlik Şürasının məlum qətnamələri açıq-aydın deyir ki, erməni işğalçı qüvvələri Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarılmalıdır”.

Dövlət başçısı BMT-nin 51-ci maddəsinə (özünümüdafiə hüququ) istinad edərək Azərbaycanın hərbi əməliyyatlarını qlobal miqyasda legitim bəyan edir. Bu sarsılmaz hüquqi əsaslandırma sayəsində Ermənistanın və onun havadarlarının diplomatik manipulyasiya imkanları tamamilə əlindən alınır və dünya gücləri Azərbaycanın hərbi güc tətbiq etmək hüququnu qəbul etmək məcburiyyətində qalır. Beləliklə, Tulmin modelinin müraciətdəki qüsursuz tətbiqi, hərbi əməliyyatların diplomatik zirehinə çevrilərək Böyük Zəfərə gedən yolu qlobal təzyiqlərdən tamamilə qoruyur.

Tulmin modelinin hərbi əməliyyatlara qazandırdığı bu hüquqi zireh, bizi eyni  zamanda müraciətdəki çoxqatlı auditoriyaları idarə etmək və birləşdirmək məqsədi daşıyan beynəlxalq diskurs strategiyasına nəzər salmağa sövq edir. Xaim Perelman  “Yeni ritorika” adlandırdığı fundamental konsepsiyasında qeyd edir ki, tarixin həlledici mərhələlərində uğurlu bir arqumentasiya eyni anda iki  fərqli hədəfə yönəlməlidir: konkret maraqları olan “spesifik auditoriya” və rasional arqumentləri qəbul edən   “universal auditoriya”.

Prezident İlham Əliyev bəyan etdiyi 27 Sentyabr müraciəti, bu mürəkkəb ikiqat arxitekturanın məharətlə idarə edildiyi və hər iki cəbhədə eyni vaxtda mütləq inamın qazanıldığı qüsursuz bir siyasi diskurs nümunəsidir. Ali Baş Komandan müraciətin ilk saniyələrindən etibarən spesifik auditoriyasını — yəni Azərbaycan xalqını və onun rəşadətli ordusunu ümumi dəyərlər ətrafında  birləşdirmək məqsədi güdür, lakin o, daxili auditoriyaya müraciət edərkən belə, irəli sürdüyü tezisləri lokal müstəvidən çıxararaq, onları Perelmanın bəhs etdiyi universal prinsiplər səviyyəsinə qaldırır: “Bizim yaşayış məntəqlərimiz ağır artilleriyadan atəşə tutulmuşdur… Mülki şəxslər arasında, uşaqlar arasında yaralılar var, həlak olanlar var… Biz öz torpağımızda vuruşuruq. Erməni əsgərinin bizim torpağımızda nə işi var? Heç bir ölkə bu cür təhqirlərə dözməz!”. 

Müraciətdə aşıq şəkildə göstərilir ki, dinc sakinlərin hədəfə alınması Ermənistanın növbəti hərbi cinayətidir, suveren Azərbaycan dövlətinin öz vətəndaşlarını müdafiə etmək və öz ərazi bütövlüyünü təmin etmək naminə atdığı addımlar isə beynəlxalq hüququn təməl prinsiplərinə əsaslanır. 

Dövlət başçısı “Heç bir ölkə bu cür təhqirlərə dözməz!” ritorik formulu ilə Azərbaycanın hərbi reaksiyasını istənilən suveren dövlətin atacağı qaçılmaz və təbii addım – yəni ümumbəşəri aksiom kimi universal auditoriyanın şüuruna həkk edir. Perelmana görə, universal auditoriyaya xitab edən arqumentlər elə xarakter daşımalıdır ki, qarşı tərəf tam qərəzli və düşmən mövqedə olsa belə, irəli sürülən faktın qarşısında məntiqi olaraq susmağa məcbur qalsın. 

Prezident məhz bu sarsılmaz inandırma gücünü nümayiş etdirir. Bu daxili və xarici diskurs sintezinin Böyük Zəfərin qazanılmasındakı strateji rolu və əhəmiyyəti misilsiz xarakter daşıyır; çünki 44 günlük müharibə ərzində Ermənistan rəhbərliyi və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən güclü erməni lobbi təşkilatları Azərbaycana qarşı qlobal miqyasda “işğalçı dövlət” imici formalaşdırmağa cəhd göstərir. Onlar xarici dövlətlərin universal rəyini manipulyasiya etmək məqsədilə dini və siyasi miflərdən istifadə edir. 

Lakin Ali Baş Komandanın elə ilk gündən qurduğu bu universal inandırma modeli, rəsmi İrəvanın manipulyativ təbliğatını beynəlxalq arenada tamaimilə iflic vəziyyətinə salır. Qlobal auditoriya qarşısında faktlarla, universal hüquq və mənəviyyat normaları ilə danışan Azərbaycan tərəfi dünyanın böyük güclərinin hüquqi müstəvidə əks-arqument irəli sürmək imkanlarını bəri başdan bloklayır. Bunun nəticəsi olaraq, gərgin hərbi əməliyyatların davam etdiyi dönəmdə beynəlxalq təşkilatlar və aparıcı dövlətlər Azərbaycana qarşı hər hansı bir sanksiya və ya ciddi hərbi-siyasi maneə tətbiq edə bilmir.

Perelman nəzəriyyəsinin müraciətdəki bu dərin tətbiqi, dövlətimizə diplomatik cəbhədə tam və mütləq bir toxunulmazlıq zirehi qazandırır və ordumuzun döyüş meydanında heç bir xarici təzyiqə boyun əymədən sürətlə Zəfərə doğru irəliləməsini təmin edir.

Xarici diplomatik müstəvidə əldə edilən bu unikal toxunulmazlıq zirehi, bizi eyni zamanda qarşı tərəfin qeyri-rasional və təcavüzkar addımlarının fəlsəfi mahiyyətini ortaya qoyan başqa bir modern konsepsiyaya – Amsterdam məktəbinin Praqmadialektika modelinə yönəldir. Ritorika və arqumentasiya elmində Praqmadialektika, tərəflər arasındakı fikir ayrılıqlarını rasionallıq və müəyyən dialoq qaydaları çərçivəsində həll etməyə xidmət edən dörd mərhələli (“Qarşıdurma”, “Hazırlıq”, “Arqumentasiya” və “Yekun”) "tənqidi müzakirə" modeli kimi çıxış edir. 

Ermənistan rəhbərliyi onilliklər boyu davam edən sülh danışıqları prosesində bu dialoq qaydalarını şüurlu şəkildə pozaraq, elmdə "arqumentativ xətalar" kimi qəbul edilən destruktiv gedişlər nümayiş etdirir. Dövlət başçısı 27 Sentyabr müraciətində rəsmi İrəvanın sülh prosesindən və rasional xətdən yayınmağa yönəlmiş addımlarını ifşa edir: “Ermənistan rəhbərliyi danışıqlar prosesini şüurlu şəkildə pozur. Ermənistanın baş naziri bəyan edir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bu, danışıqlar prosesinə vurulan ən böyük zərbə idi. Ondan sonra irəli sürülən absurd ‘7 şərt’ bizim tərəfimizdən rədd edilmişdir. Bizim yeganə şərtimiz var – torpaqlarımazdan rədd olub çıxsınlar!”.

Praqmadialektik nöqteyi-nəzərdən yanaşdıqda, Ermənistanın bu bəyanatları siyasi dialoqun həm “Qarşıdurma”, həm də “Hazırlıq” mərhələlərində müzakirə mövzusunu tamamilə qapatmaq və ortaq konsensus platformasını yox etmək cəhdi kimi qiymətləndirilir. İlkin mərhələlərdə sülh prosesini qəsdən donduran düşmənin məkrli addımları, dövlət başçısının müraciətində “Arqumentasiya” mərhələsinin təxribat müstəvisinə keçirilməsi kimi ifşa olunur. 

Rəsmi İrəvanın normal şəraitdə hüquqi, tarixi və məntiqi dəlillərlə çıxış etmək öhdəliyindən qaçdığını vurğulayan Azərbaycan Prezidenti, qarşı tərəfin gətirdiyi yeganə arqumentin ‘hərbi təcavüz’ olduğunu bildiri. Prezident Ermənistan tərəfindən törədilən Tovuz hadisələrini, mülki şəxslərə qarşı terror aktlarını, diversiya qruplarının göndərilməsini və “yeni torpaqlar üçün yeni müharibə” doktrinasının irəli sürülməsini xronoloji ardıcıllıqla sadlayaraq, təcavüzkarın rasional diskurs müstəvisini necə tamamilə dağıtdığını dünya ictimaiyyətinin, beynəlxalq güclərin diqqətinə çatdırır. 

Ali Baş Komandan rəsmi İrəvanın bu destruktiv xəttini qlobal müstəvidə bəyan etməklə, tərəflərdən birinin dialoq qaydalarını rədd etdiyi təqdirdə digər tərəfin hərbi-siyasi məcburetmə metoduna keçməsinin tam qanuni və qaçılmaz olduğunu sübut edir. Dövlət başçısı “strateji manevretmə” üsulu ilə beynəlxalq hüququn tələblərini xalqın iradəsi ilə uzlaşdırır. 

Müraciətin məntiqi yekununu təşkil edən bu qətiyyətli bəyanat isə: “Azərbaycan öz doğma torpaqlarını müdafiə edir və bu torpaqlardan geri dönməyəcəkdir. Bizim işimiz haqq işidir. Biz qalib gələcəyik!” praqmadialektik konsepsiya baxımdan münaqişənin yeganə məntiqi nəticəsini – yəni “Yekun” mərhələsini müəyyənləşdirir. Ali Baş Komandan hərbi gücün tətbiqini yeganə effektiv ədalət aləti kimi rəsmiləşdirir və bu konseptual yanaşma Azərbaycan əsgərini döyüş meydanında mənəvi-psixoloji üstünlüklə təmin edir.

Məqalədə aparılan elmi-metodoloji təhlil sübut edir ki, bu müraciət Aristotelin Logos, Ethos, Pathos prinsiplərinin qüsursuz sintezindən tutmuş, Stiven Tulmin modelinin sarsılmaz məntiqi-hüquqi əlaqələrinə, Xaim Perelmanın universal auditoriyanı inandırma gücündən Frans van Eemeren və Rob Qrootendorst tərəfindən irəli sürülən praqmadialektik rekonstruksiya imkanlarına qədər hər bir səviyyədə dövlətin haqlı mövqeyini elmi şəkildə təsdiqləyir

27 Sentyabr müraciətinin qazandırdığı bu daxili və xarici ritorik gücü, onun həm regional, həm də qlobal miqyasda nümayiş etdirdiyi unikal statusu daha dərindən qavramaq üçün müraciəti dünya hərb tarixindəki digər analoji bəyanatlarla müqayisəli şəkildə təhlil etmək olduqca vacibdir. Siyasi ritorika tarixində hərbi əməliyyatların ilk günündə edilən lider müraciətləri, proseslərin həm gələcək taleyini, həm də cəmiyyətin psixoloji hazırlığını müəyyənləşdirən həlledici amil rolunu oynayır. 

Tarixi retrospeksiya göstərir ki, İkinci Dünya müharibəsinin ən ağır dönəmlərində Uinston Çörçillin və ya general Şarl de Qollun xalqa etdikləri müraciətlər, mahiyyət etibarilə, bir böhran və müdafiə diskursu xarakteri daşıyır. Həmin çıxışlarda xalqın kollektiv hisslərini səfərbər etmək və milli həmrəyliyi ən ali emosional səviyyəyə qaldırmaq üçün ritorika sənətinin ən kəsərli müraciət formalarından istifadə edilsə də, ümumi hərbi-siyasi strategiya cəmiyyəti qaçılmaz itkilərə, ağrılı müqavimətə və geri çəkilmənin doğurduğu psixoloji sarsıntıları kompensasiya etməyə istiqamətləndirir. 

Çörçillin məşhur “Mənim sizə qan, əmək, göz yaşları və tərdən başqa vəd edəcək bir şeyim yoxdur” formulası, eləcə də de Qollun Londondan etdiyi “Bu praqmatik reallıq daxilində biz mexaniki qüvvələrin sonsuz gücü qarşısında əzildik. Fransa bir döyüşü uduzub, lakin müharibəni uduzmayıb” bəyanatı, məhz mövcud məğlubiyyət sindromunu cilovlamağa hesablanmış müdafiə xarakterli strateji diskurs xəttini əks etdirir. Ali Baş Komandan İlham Əliyev tərəfindən bəyanedilən 27 Sentyabr müraciəti isə bəhs olunan dünya miqyaslı nümunələrdən özünün hücum xarakterli, sarsılmaz strateji arxayınlığa söykənən və mütləq Zəfərə fokuslanmış diskurs dinamikası ilə kəskin şəkildə fərqlənir. 

Azərbaycanın lideri xalqa dumanlı bir ümid və ya dözümlülük çağırışı deyil, ilk andan etibarən düşmənin sarsıdıcı zərbələrlə zərərsizləşdirilməsi strategiyasını təqdim edir; Çörçill və de Qollun nitqlərində qələbə uzaq, qeyri-müəyyən gələcəyin mövzusu olduğu halda, İlham Əliyevin müraciətində Zəfər qaçılmaz bir hüquqi-tarixi zərurət kimi çıxış edir.

Qlobal miqyasda aparılan təhlillərdən çıxan nəticələr bizi həm də regional səviyyədə cərəyan edən iki fərqli diskurs xəttini qarşılaşdırmağa sövq edir. Bu, müharibə dönəmində Ali Baş Komandan İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın çıxışları arasında kəskin  tipoloji fərqləri müəyyən etməyə imkan verir. Hərbi əməliyyatların gedişatında rəsmi İrəvanın xaos, daxili qorxu və manipulyasiya üzərində qurulan diskurs strategiyası Paşinyanın xalqa müraciətlərində xüsusilə qabarıq şəkildə üzə çıxır. 

Ermənistan rəhbərliyi rasional hərbi-siyasi sənədlərə, real cəbhə hesabatlarına və beynəlxalq hüquq normalarına söykənmək əvəzinə, kütləvi şüuru mifik qorxular, qeyri-real vədlər və emosional manipulyasiyalar vasitəsilə idarə etməyə cəhd göstərir. Paşinyanın müharibənin ilk günü səsləndirdiyi “Biz hər şeyimizi bu müqəddəs davanın qələbəsinə qurban verməyə hazırıq. Biz qalib gəlməyə məhkum xalqıq” kimi heç bir hüquqi-siyasi təməli olmayan mifik bəyanatları, əslində xalqı real hərbi-strateji mənzərədən uzaqlaşdırmağa xidmət edir. 

Bu destruktiv diskurs xətti Ermənistan cəmiyyətini mütləq reallıqdan yayındırır, daxili xaosu dərinləşdirir və nəticədə ordunun daxilində mənəvi-psixoloji deqradasiyanı sürətləndirir. Ali Baş Komandan İlham Əliyev tərəfindən idarə olunan diskursiv strategiya isə rasionallıq, sarsılmaz faktlar və strateji qətiyyət üzərində formalaşdırılır. Bir tərəfdə təmkin və idarə olunan real güc, digər tərəfdə isə əsassız miflərin gətirdiyi qorxu diskursu dayanır; bu ritorik uçurum isə döyüş meydanında kimin qalib gələcəyini elə ilk gündən şərtləndirən ən böyük amillərdən birinə çevrilir.

Məhz bu mənəvi, hüquqi və intellektual üstünlüklərin məntiqi nəticəsi kimi reallaşan Böyük Zəfər, regional hüdudları aşaraq qlobal miqyaslı geosiyasi və hərbi-strateji əhəmiyyət kəsb edən bənzərsiz fenomenə çevrilir. Bu tarixi Qələbə, 2023-cü ilin sentyabr ayında reallaşan və ölkəmizin ərazisində erməni separatizminin kökünü birdəfəlik kəsən birgünlük antiterror əməliyyatlarının həm hərbi, həm də hüquqi təməlini formalaşdırır. 

Müharibənin ilk günündə bəyan edilən strateji prinsiplərin və əzmkar xəttin məntiqi davamı olan bu əməliyyatlar, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün bütün ölkə miqyasında tam və qəti şəkildə bərpasını təmin edir. Azərbaycan dövlətinin təmin etdiyi bu tarixi ədalət, regional müstəvidə uzun illər hökm sürən təhlükəsizlik böhranının ən təhlükəli ocağını aradan qaldırmaqla yanaşı, regionda tamamilə yeni geosiyasi reallıqlar, çoxtərəfli iqtisadi-nəqliyyat perspektivləri və davamlı sülh arxitekturası formalaşdırır. 

Digər tərəfdən, müharibənin gedişində nümayiş etdirilən innovativ döyüş taktikası və beşinci nəsil hərb strategiyası dünya hərbi elminin dərsliklərinə daxil olur, aparıcı dövlətlərin ordu quruculuğu proqramlarında əsas model kimi tətbiq edilməyə başlanır. Beynəlxalq hüquq müstəvisində isə bu tarixi nailiyyət, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc tətbiqi yolu ilə icra mexanizmini reallaşdıran unikal presedent yaradır, qlobal arenada “dondurulmuş münaqişə” mifini kökündən sarsıdır. 

Vətən müharibəsinin ilk günündə Müraciətdə bəyan edilən hüquqi, siyasi və mənvi tezislərin şərtləndirdiyi hərbi Zəfər, Azərbaycanın təkcə öz suverenliyini təmin edən qüdrətli dövlət deyil, həm də qlobal miqyasda beynəlxalq ədalətin əsas tərəfdaşı olduğunu bütün dünyaya nümayiş etdirir.

Beləliklə, tam əminliklə demək olar ki, Azərbaycan Respublikasını Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 27 sentyabr 2020-ci ildə xalqa ünvanlanan tarixi müraciəti, sadəcə hərbi əməliyyatların başlanğıcını bəyan edən sənəd deyil, klassik və müasir arqumentasiya elminin bütün prinsiplərini özündə birləşdirən mükəmməl strateji sənəd – Böyük Zəfərin Manifestidir. 

Azər ALLAHVERDİYEV,
Bakı Dövlət Universiteti fəlsəfə kafedrasının baş müəllimi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью