Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Respublikasının Ali Məhkəməsində "Çirklənmə, təbiət və su: Hakimlərin iqlim dəyişikliyinə dair qlobal dialoqu" mövzusunda tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Braziliya Ali Məhkəməsinin sədri Antonio Herman Benjamin, Belçika Konstitusiya Məhkəməsinin və Avropa İttifaqının Ətraf Mühit üzrə Hakimlər Forumunun sədri, hakim Luk Lavrisen, BMT-nin baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin icraçı direktoru Qada Vali, o cümlədən Pakistan, İndoneziya, Nepal, Hindistan və digər ölkələrdən olan hakimlər iştirak ediblər.
Qonaqları salamlayan Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildirib ki, iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verən Azərbaycanın bu gün COP29 kimi mötəbər bir beynəlxalq konfransa ev sahibliyi etməsi qürurverici haldır.
Qeyd edilib ki, iqlim dəyişikliyi insan həyatının bütün sahələrinə təsir etdiyi üçün təkcə ekoloji və sosial-iqtisadi deyil, həm də hüquqi problemdir.
Bildirilib ki, fəaliyyətləri bir-biri ilə əlaqəli olan hüquqşünaslar iqlim dəyişikliyi ilə mübarizədə qanunvericilik bazasının möhkəmləndirilməsində, məhkəmə təcrübəsinin formalaşdırılmasında və qabaqlayıcı tədbirlərin görülməsində mühüm rol oynayırlar.
Hüquq institutları təkcə ekoloji cinayətlərlə mübarizədə deyil, həm də ətraf mühitin mühafizəsi üçün qanunvericiliyin təkmilləşdirilməsində fəal iştirak edirlər.
Hakimlər arasında iqlim dəyişikliyi ilə bağlı aparılan müzakirələrin ədalət mühakiməsinin səmərəliliyinə mühüm töhfə verəcəyi vurğulanıb.