Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
2026-2027-ci tədris ilində Bakı Dövlət Universitetində bir çox yeniliklər olacaq. Tarix fakültəsində bakalavriat səviyyəsində “Regionşünaslıq (Afrika üzrə)” ixtisası üzrə kadr hazırlığına başlanılacaq.
Bundan əlavə, əmək bazarının tələblərinə uyğun olaraq universitetin magistratura səviyyəsində Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi – 7, Sosial elmlər və psixologiya fakültəsi – 7 , Geologiya fakültəsi – 4, Fizika fakültəsi – 4, Jurnalistika fakültəsi – 3, Coğrafiya fakültəsi – 3, Ekologiya və torpaqşünaslıq fakültəsi – 3, Biologiya fakültəsi – 3, Kimya fakültəsi – 2, Mexanika-riyaziyyat fakültəsi – 2 , İnformasiya və sənəd menecmenti fakültəsi -1 olmaqla 42 yeni ixtisaslaşma açılacaq.
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Cari tədris ili üçün bakalavriat səviyyəsində 26 ixtisas üzrə 2570 plan yeri müəyyənləşdirilib. Yeni ixtisas və ixtisaslaşmaların yaradılması, mövcud proqramların yenilənməsi və rəqəmsal kompetensiyaların tədrisə inteqrasiyası da əsas yeniliklər sırasındadır.
Bu il ilk dəfə bakalavriat səviyyəsində “Riyaziyyat və fizika müəllimliyi” ixtisası üzrə qəbul aparılıb. İxtisas üzrə ayrılan plan yerləri 100 faiz dolub.
“Sosial iş” ixtisasının rus bölməsi və “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının ingilis bölməsi üzrə də ilk dəfə qəbul həyata keçirilib.
Magistratura səviyyəsində isə Azərbaycan dilinin xarici dil kimi tədrisi; Fəlsəfə tarixi və Əhalinin müxtəlif qrupları ilə sosial iş olmaqla 3 yeni ixtisaslaşma yaradılıb. ADPU-nun Quba, Şəki və Ağcabədi filiallarında da bu il ilk dəfə Psixologiya, Turizm işinin təşkili və Aqronomluq ixtisasları üzrə qəbul aparılıb.
ADPU-2030 strategiyasında universitetin təhsil elmləri, qiymətləndirmə, təhsil texnologiyaları, xüsusi təhsil, təhsil idarəçiliyi, sosial və humanitar istiqamətləri də əhatə edən daha geniş akademik profilə keçidi nəzərdə tutulur.
Bu ildən etibarən müəyyən bakalavriat proqramlarında “Süni intellektin əsasları” fənninin tədrisi planlaşdırılır. Eyni zamanda “Təhsildə İKT” fənni məzmun baxımından yenilənərək “Təhsildə rəqəmsal bacarıqlar” formatına keçiriləcək.
Türkiyə – Azərbaycan Universiteti
Yeni tədris ilində tələbələri beynəlxalq standartlara tam cavab verən akademik mühit, Türkiyənin aparıcı universitetlərinin birbaşa cəlb olunmuş professor-müəllim heyəti və nəzəriyyəni praktika ilə birləşdirən geniş imkanlar gözləyir.
Müasir standartlara cavab verən mühəndislik laboratoriyaları, rəqəmsal kitabxana resursları da tələbələrin istifadəsinə veriləcək, onların asudə vaxtlarını effektiv keçirmələri üçün şərait yaradılacaq.
Azərbaycan Texniki Universiteti
Yeni tədris ilində ən son texnoloji avadanlıqlarla təchiz olunmuş yeni elmi-tədqiqat laboratoriyaları istifadəyə verilib. Auditoriyalar interaktiv elektron lövhələr və hibrid təhsil sistemləri ilə yenilənib, tələbələr üçün sosial zonalar yaradılıb.
Bundan əlavə, bakalavriat səviyyəsində data analitikası və proqram təminatı mühəndisliyi, magistratura səviyyəsində isə 20 ixtisas üzrə 48 yeni ixtisaslaşma açılıb.
Universitetdə tələbələrin təhsil və sosial həyatına yönəlmiş yeni layihə və təşəbbüslər həyata keçiriləcək.
Tələbələrin beynəlxalq mübadilə proqramları, ikili diplom imkanları və xarici universitetlərlə əməkdaşlıq istiqamətində də yeniliklər var. Gələcəkdə dünyanın müxtəlif ölkələrinin universitetləri ilə ikili diplom proqramı haqqında müqavilələrin imzalanması nəzərdə tutulur.
Azərbaycan Memarlıq və İnşaat Universiteti
2026–2027-ci tədris illindən etibarən magistratura pilləsi üzrə “Süni intellekt” ixtisasının standart ixtisas kimi açılması nəzərdə tutulur. Bu təşəbbüs universitetdə rəqabətli insan kapitalının formalaşdırılmasına və müasir texnoloji çağırışlara cavab verən yüksək ixtisaslı kadr hazırlığının gücləndirilməsinə xidmət edəcək.
“2026–2029-cu illər üzrə Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası” çərçivəsində isə elm-sənaye klasteri 4.0-ın formalaşdırılması, eləcə də rəqabətli insan kapitalının inkişafı istiqamətində əməkdaşlıqlar həyata keçiriləcək.
Əsas qəbul mərhələsinin nəticələrinə əsasən, universitetin plan yerlərinin 2537-si dolub. Beləliklə, AzMİU üzrə qəbul planının 98,91 faizi yerinə yetirilib və cəmi 28 plan yeri boş qalıb. Boş qalan yerlər kommunikasiya sistemləri mühəndisliyi və 2026/2027-ci tədris ilindən tədrisinə başlanılan daşınmaz əmlakın idarə edilməsi ixtisaslarıdır. Hər iki ixtisas müasir əmək bazarının tələbləri baxımından aktual və yeni istiqamətlər hesab olunur. Xüsusilə daşınmaz əmlakın idarə edilməsi ixtisası üzrə kadr hazırlığının AzMİU ilə Ankara Universiteti arasında həyata keçiriləcək ikili diplom proqramı çərçivəsində aparılması nəzərdə tutulur. Proqram tələbələrə hər iki universitetin akademik imkanlarından yararlanmaq və təhsillərini beynəlxalq təcrübə əsasında qurmaq imkanı yaradacaq.
XQ