Icma.az bildirir, Modern.az portalına istinadən.
Müasir təhsil sistemində məktəb təhsilini tam əvəz etməsə də, onu tamamlayan əsas vasitələrdən birinə çevrilən repetitorluq ailə büdcəsinin əhəmiyyətli hissəsini təşkil edir. Son illər Azərbaycanda hazırlıq kurslarının və fərdi müəllimlərin xidmət haqlarında müşahidə olunan kəskin qiymət fərqləri, eləcə də müntəzəm bahalaşma tendensiyası diqqət çəkir.
Mövzu ilə bağlı təhsil eksperti İlqar Orucov Modern.az-a açıqlama verib.
Ekspert bildirib ki, Azərbaycanda repetitor xidmətlərinin qiymətləri arasında bölgələr üzrə kəskin fərqin yaranması və hər il bahalaşma müşahidə olunması bazar iqtisadiyyatı, tələb-təklif balansı və yaşayış xərcləri ilə bağlıdır.
“Ölkə üzrə bir fənnə görə aylıq hazırlıq qiyməti Bakının mərkəzində 150–200 manat, rayonlarda isə 30–50 manat arasında dəyişir. Bunun əsas səbəbləri paytaxtda icarə xərclərinin və əhalinin alıcılıq qabiliyyətinin daha yüksək olması, həmçinin ali məktəblərə qəbul uğrunda rəqabətin regionlarla müqayisədə daha kəskin xarakter daşımasıdır.
Qiymətlərin hər il artması isə ümumi inflyasiya, müəllimlərin fərdi yaşayış xərclərinin yüksəlməsi, sahibkarların vergi və sosial sığorta öhdəlikləri, eləcə də Dövlət İmtahan Mərkəzinin imtahan proqramlarında baş verən dəyişikliklərlə əlaqələndirilə bilər. Bu sahədə dövlət tərəfindən vahid tarif tənzimlənməsi olmadığından, sərbəst bazar şəraitində yüksək nəticələri ilə tanınan müəllimlər də tələbata uyğun olaraq xidmət haqlarını artıra bilirlər”.