Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kulis.az Alpay Azərin “Universitet hekayələri” silsiləsindən "Ali rütbəli nəzarətçilər" adlı yeni hekayəsini təqdim edir.
İyunun sonu əsas dərs dediyim universitetin (ƏDDU) tədris üzrə prorektoru Cəfər müəllim məni yanına çağırıb dedi ki, Nəqliyyat Universitetində (NU) sentyabrdan ingilis dilində Azərbaycan tarixi və politologiyadan dərs deyən müəllimə ehtiyac var, hər saatına iyirmi iki manat verirlər.
Təklif bizim prorektorun NU-da kafedra müdiri işləyən tanışı Ziya müəllimdən gəlmişdi. Tezcə razılaşdım, – pula ehtiyacım varıydı.
ƏDDU ilə müqayisədə NU-dakı saathesabı pulu qat-qat çox idi.
Ziya müəllimlə görüşüb söhbət etdim, dərs prosesindən, oranın qayda-qanunlarından tutmuş onun ixtisası olan sosiologiyaya qədər gedib çıxdıq, Emil Dürkheymdən, Qüstav Lebondan danışdıq.
Fəlsəfəyə keçəndə, hər ikimizin ekzistensializm, Sartr aşiqi olduğu məlum oldu.
Ertəsi gün Cəfər müəllim məni təbrik edib dedi ki, Ziya müəllim səni çox bəyənib, deyib ki, hətta gələcəkdə tam ştata götürməyi fikirləşir.