Ali təhsil 3 ilə endirilir? Yeni GÖZLƏNTİ

13.11.2026

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə bakalavr proqramlarının müddətini dörd ildən üç ilə endirməyə hazırlaşır. Türkiyə Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar bildirib ki, bu qərarın səbəblərindən biri doğum nisbətinin azalması və gənclər arasında evliliyin gecikməsidir. O hesab edir ki, uzunmüddətli təhsil gənclərin işçi qüvvəsinə daxil olmasını gecikdirir. Təşəbbüs hazırda planlaşdırma mərhələsindədir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə ailələri ən azı üç uşaq sahibi olmağa çağırıb. Hökumət 2026-cı ildən 2035-ci ilə qədər olan dövrü "Ailə və Əhali Onilliyi" elan edib və evliliyin təşviq edilməsinə və doğum nisbətinin artırılmasına üstünlük verib. Məlumdur ki, Azərbaycanda doğum faizi ildən-ilə azalır. O zaman eyni təşəbbüsün ölkəmizdə də aktuallıq qazanması mümkündürmü?

Təhsil eksperti Məzahir Məmmədli Musavat.com-a deyib ki, bu fikir uzun müddətdir müzakirə olunur. “Təkcə Türkiyədə deyil, təhsil sahəsində inkişaf etmiş digər ölkələrdə də bu məsələyə maraq var. Həm bakalavriat, həm də magistratura pillələri üzrə təhsil müddətinin azaldılması müzakirə edilir. Azərbaycanda bu modelin tətbiqinə gəlincə, əlbəttə, ölkəmizdə də bu istiqamətdə müəyyən fikirlər səsləndirilir. Belə bir yanaşma var ki, ali təhsil müəssisələrində, xüsusilə də hibrid təhsil modelinin tətbiqi təşviq oluna bilər. Məsələn, humanitar fənlərin tədrisi onlayn təşkil edilə, yaxud bu sahələr üzrə təhsil müddəti azaldıla bilər. Mühəndislik, tibb və digər ixtisaslarda isə yanaşmalar bir qədər fərqlidir. Ümumilikdə, Azərbaycanda da bu istiqamətdə müzakirələr fəallaşıb və müəyyən işlər aparılır", - ekspert vurğulayıb.

Proqramın evlilik və təhsil məsələləri ilə əlaqələndirilməsinə gəlincə, Məzahir Məmmədli belə bir yanaşmanın Azərbaycanda da tətbiq oluna biləcəyini düşünmədiyini deyib: "Türkiyə modelinin əhalinin artımına nə dərəcədə fayda verəcəyini deyə bilmərəm. Ancaq görünən odur ki, Azərbaycanda da birinci sinfə gedən şagirdlərin sayı sürətlə azalır. Son beş-altı ildə bu azalma kifayət qədər ciddi rəqəmlərlə ifadə olunur. Ona görə Azərbaycanda bu istiqamətdə müəyyən addımlar atılmalıdır. Lakin düşünmürəm ki, bunun üçün məhz evliliklə bağlı təşəbbüslər irəli sürülməlidir”.

Sosioloq Üzeyir Şəfiyevin fikrincə bütün ixtisaslar üzrə təhsilin müddətini üç ilə endirmək doğru yanaşma deyil: "Ali təhsilin üçillik modelə keçirilməsi yalnız Türkiyədə deyil, bir sıra Avropa ölkələrində də tətbiq olunan və müzakirə edilən yanaşmadır. Əslində, təhsil insan həyatının kifayət qədər böyük bir zaman kəsiyini əhatə edir. Lakin bütün ixtisaslar üzrə təhsilin müddətini üç ilə endirmək doğru yanaşma deyil. Məsələn, tibb təhsilini üç ilə necə endirmək olar? Elə ixtisaslar var ki, onların tələb etdiyi bilik və bacarıqların mənimsənilməsi üçün daha uzun müddət lazımdır. Digər tərəfdən, bəzi ixtisaslar var ki, onları üç il ərzində öyrətmək mümkündür”.

Onun fikrincə, ixtisasların spesifikasiyasından asılı olaraq bəzi sahələrdə təhsili üç ilə endirmək olar: “Bu gün əmək bazarında rəqabət qabiliyyətinin formalaşması üçün təhsilin keyfiyyət göstəriciləri də artırılmalıdır. İlk növbədə əmək bazarı öyrənilməli, onun tələblərinə uyğun ixtisaslı mütəxəssislər hazırlanmalıdır. Burada söhbət təkcə ali təhsildən getmir. Kolleclər, texnikumlar və peşə məktəbləri də bu prosesə cəlb edilməlidir”.
Evlilik və doğum səviyyəsinin artırılması məsələsinə gəlincə, ekspert hesab edir ki, burada yalnız təhsil müddətinin azaldılmasına fokuslanmaq düzgün olmaz: “Gənclərin ailə qurmaq qərarına təsir edən əsas amillər arasında sosial-iqtisadi vəziyyət, mənzil təminatı, məşğulluq, gəlir səviyyəsi və gələcəyə inam mühüm yer tutur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью