Alıcılar artıq bu avtomobilləri SEÇİR

14.08.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda avtomobil bazarında alıcıların seçimləri dəyişməyə başlayıb.

“Cebheinfo.az”-ın araşsırmasına görə, yanacağa qənaət edən, istismar xərcləri nisbətən aşağı olan hibrid və şəhər avtomobillərinə maraq artır.

Bununla yanaşı, 2026-cı ilin göstəriciləri ölkəyə avtomobil idxalının ötən illə müqayisədə azaldığını göstərir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycana 21 120 ədəd avtomobil idxal olunub.

İdxalın ümumi dəyəri 443,6 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövründə isə ölkəyə 33 767 avtomobil gətirilmişdi. Beləliklə, avtomobil idxalı bir il ərzində təxminən 37,5 faiz azalıb.

Buna baxmayaraq, bazarda hibrid və elektrik avtomobillərinə maraq artır. Xüsusilə “Toyota Prius” kimi qənaətcil hibrid modellərlə yanaşı, Çin istehsalı yeni nəsil elektrik və hibrid avtomobillər də alıcıların diqqətini çəkir. Bu modellərə marağın əsas səbəbləri arasında aşağı yanacaq sərfiyyatı və istismar xərclərinin nisbətən az olması dayanır.

Alıcıların seçimində avtomobilin qiyməti ilə yanaşı, yanacaq sərfiyyatı, ehtiyat hissələrinin əlçatanlığı, servis imkanları, istehsal ili və yürüşü də mühüm rol oynayır.

Xüsusilə gündəlik şəhər istifadəsi üçün avtomobil alanlar yanacağa daha az xərc tələb edən modellərə üstünlük verirlər.

Azərbaycanda geniş yayılan “Toyota”, “Hyundai” və “KİA” kimi markaların ehtiyat hissələrinin daha asan tapılması və servis imkanlarının geniş olması da həmin avtomobillərə tələbatı artıran amillərdəndir.

Eyni zamanda, alıcıların çox köhnə avtomobillər əvəzinə daha az yürüşlü və nisbətən yeni nəqliyyat vasitələrinə üstünlük verməsi müşahidə olunur.

Ölkədə avtomobil parkının böyük hissəsinin yaşı yüksəkdir. 2026-cı il yanvarın 1-nə Azərbaycanda 1 milyon 676 min 80 minik avtomobili qeydiyyatda olub. Bununla yanaşı, yeni avtomobillər arasında hibrid və elektrik modellərinin sayı getdikcə artır.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycana 113 840 minik avtomobili idxal edilib. Bu, 2024-cü illə müqayisədə 38,1 faiz çoxdur.

Beləliklə, 2026-cı ildə avtomobil idxalının ümumi həcmi azalsa da, bazarda alıcıların daha çox yanacağa qənaət edən və istismar xərcləri aşağı olan avtomobillərə üstünlük verməsi diqqət çəkir.

Payız aylarında bazar aktivliyinin artması ilə xüsusilə hibrid, elektrik və kiçik mühərrikli şəhər avtomobillərinə tələbatın daha da yüksələcəyi gözlənilir.

Aişə
“Cebheinfo.az”

Açar sözlər: Alıcılar avtomobillər

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью