Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Üzeyir Mehdizadə artıq xeyli müddətdir məndə qıcıq doğurmur – halbuki onun mahnılarının səsi gələndə əsəbiləşir, bu səsi kəsməyə çalışır və ya qulağımı tıxayırdım.
İndi əksinə, Üzeyir Mehdizadəyə hərdən özüm də qulaq asıram, həm də ləzzətlə olmasa da, fəxrlə - əgər dünyanın müxtəlif ölkələrində azərbaycanlı olduğunu bilən kimi Üzeyirin mahnısını qoşurlarsa və yaxud xaricdə müxtəlif obyektlərdə Üzeyirin səsini eşidə bilirsənsə, məşhur, onmilyonlarla abunəsi olan sosial şəbəkə fenomenləri videolarında Üzeyirin musiqisindən istifadə edirsə, fərqli-fərqli platformalarda “Yaxşı olar...”ın xoş təsirini və aurasını hiss edirsənsə, Üzeyiri tənqid etmək yox, dəstəkləmək lazımdır.
Üzeyir dünyaca məşhur amerikalı repçi-popçu-nəçilərdən qat-qat yüksəkdə durur – ona görə ki, bizimdir!
O ayrı məsələ ki, bədbəxtçiliyindən Üzeyirin adı Üzeyirdir – axı, biz xalq olaraq Üzeyir adı gələndə təpədən dırnağa milli və ecazkar, qeyri-adi səviyyədə mükəmməl musiqiyə köklənirik və bu ada himn kimi tapınıb, uvertürasının sədası altında Vətən üçün ölümə hazır oluruq!
Üzeyirlərin təsir yerləri fərqlidir, əlbəttə: Bəy ürəyə, şüura, təhtəlşüura, qana, yaddaşa, genetik kodlara təsir edir, “Zadə” isə ayağa və... - yəqin bildiniz də nə demək istədiyimi...
Hər bir halda Mehdizadənin dünyaca məşhurluğu çox xoşdur: o istiqamət musiqinin hansı tərəfidirsə - ki, onun haqda təsəvvürüm belə yoxdur – oranı Üzeyir Mehdizadənin zəbt etməsindən niyə fəxarət hissi keçirib, sevinməməliyik?!
Gələk Üzeyirin Alim Qasımovla duet oxumasının bunca müzakirəsinə. Sizcə, bu qədər müzakirə təsadüfdürmü?
Yox, təbii ki!
Alim Qasımov hələ 1987-də Almaz Ələsgərli ilə “Gör gəlib çıxmışam hara...” deyə, muğam ifaçısı üçün həmin dövrdə qeyri-adi və gözlənilməz sayılacaq bir duetlə günəşli havada dolu kimi yağmışdı. Ondan sonra da Alimin müxtəlif xalqların musiqiçiləri ilə birgə ifalarının şahidi olduq.
Alim Qasımov daim yeniliyə, eksperimentlərə can atır – uğurlu olub-olmamasını düşünmədən. Üzeyirlə layihəsi də bu canatımın nəticəsidir.
Yəni Alimin növbəti cəhdi və yaxud növbəti fərqli təşəbbüsü dəstəkləməsi!
Bu dueti bir neçə dəfə ardıcıl dinlədim – xüsusilə Alim Qasımovun “mahnının sözləri xoşuma gəldi, ona görə oxudum” deməsindən sonra.
“Nəyindən narahatsan” mahnı-klipinin söz və musiqisi Üzeyir Mehdizadəyə məxsusdur.
Musiqi – Üzeyirin dünyanın fəth edən üslubunda deyil, fərqlidir və məncə, 3 günə 350 min baxışı yalnız Üzeyirin Yutub kanalının həcminə (2,7 milyona yaxın abunəçisi var) görə toplaya bilib, yoxsa bu tirajı haqq etmir!
O ki qaldı sözləri – standart ölüm, ömrün və insanların vəfasızlığı mövzularını əhatə edən və heç bir poetik və fəlsəfi dərinliyi olmayan, bəzi misraları qafiyə xatirinə süni şəkildə, bir az da gülüş doğuracaq səviyyədə quraşdırılmış mətndir - əgər “mətn” demək mümkünsə.
Alim Qasımov sadəcə yaşına və yaşantılarına görə bu mətnin bəzi sözlərinə sığına bilər – halbuki Nəsimidən oxuyan birisi üçün bu sözlər hansı ovqatında onun aurasını dəlib? – bu da ayrı məsələdir.
Vizual mesaj – yəni “klip” – haqda danışmağa ümumiyyətlə gərək yox.
Üzeyirin istedadına şübhə etmirəm: ancaq Üzeyir həm şair, həm bəstəkar, həm aranjiman, həm mix (əstafurullah!), həm master, həm rejissor ola bilməz axı!
Hər işi öz peşəkarına tapşırmaq lazımdır!
Təbii ki, eksperimentdir, yenilikdir və mütləq dəstəklənməlidir – eksperimentlərin qarşısına çıxmaq olmaz, uğurlu-uğursuzluğundan asılı olmayaraq, çünki bunsuz inkişaf və böyük əsər yarana bilməz.
Amma bu üslub-klip alınmadı – “bir də yoxlama”ğa dəyməz!
Üzeyir üçün yaxşısı “Yaxşı olar”dır...
Alim Qasımov da dayanmalıdır, “gör gəlib hara çıxıb” da...