Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Hinduşka, toyuq, mal əti, İsveçrə pendiri və çia toxumları yeməkdən sonra yuxululuğa səbəb ola bilər.
Redaktor.az xəbər verir ki, bu barədə Kolorado Universitetinin Boulder şəhərində yerləşən İnteqrativ Fiziologiya kafedrasının dosenti Nikol Stob MedicalXpress-ə açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, bu məhsulların tərkibində olan triptofan adlı amin turşusu yuxululuğa təsir göstərə bilər. Xüsusilə həmin qidalar çoxlu miqdarda karbohidratla birlikdə qəbul edildikdə bu təsir daha nəzərəçarpan olur.
Triptofan orqanizmdə serotonin və melatoninin istehsalı üçün vacib olan əvəzolunmaz amin turşusudur. Melatonin isə yuxu və oyaqlıq dövrünün tənzimlənməsində iştirak edir. Bununla belə, mütəxəssis triptofanla zəngin qidaların təkbaşına mütləq şəkildə güclü yuxululuq yaratmadığını vurğulayıb.
Nikol Stob izah edib ki, burada karbohidratlarla birləşmə mühüm rol oynayır. Çoxlu miqdarda karbohidrat qəbul edildikdən sonra mədəaltı vəzi insulin ifraz edir. İnsulin digər amin turşularının toxumalara daxil olmasını sürətləndirir. Triptofan isə əsasən qanda qalaraq beyinə daha asan keçmək imkanı əldə edir. Beyində bu amin turşusu serotonin və yuxu ilə əlaqəli digər maddələrin sintezində istifadə olunur.
Ekspertin fikrincə, ət və ya pendirin çörək, kartof, müxtəlif taxıl məhsulları və şirniyyatlarla birlikdə yeyilməsi yuxululuq ehtimalını artıra bilər. Bununla belə, təsirin gücü qəbul edilən yeməyin miqdarından və tərkibindən asılıdır. Yeməkdən sonra yorğunluğun digər səbəblərindən biri də həddindən artıq çox qida qəbul edilməsidir.
Mütəxəssis qeyd edib ki, yeməkdən sonra yaranan yuxululuq, adətən, qidalanmadan təxminən bir saat sonra daha da güclənir. Araşdırmalar həmçinin yüksək yağ və ya rafinə edilmiş karbohidrat tərkibli qidaların iltihabi prosesləri gücləndirə biləcəyini göstərir. Bu proseslər də yorğunluq hissi ilə əlaqələndirilir.
NURİYYƏ