Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

29.10.2026

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur.

Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində nəzərdə tutulub. 

Layihəyə əsasən, gələn il uşaqlar üçün yaşayış minimumu 274 manat müəyyən ediləcək. Hazırda bu göstərici 260 manatdır. 

Qeyd edək ki, son illər Azərbaycanda boşanmalar məsələsi cəmiyyətdə müzakirə olunan mövzulardan birinə çevrilib. Alimentin minimum məbləğinin artırılması da bu fonda diqqət çəkir. Belə ki, boşanma hallarında uşaqların maddi təminatı və valideynlərin məsuliyyəti xüsusi əhəmiyyət daşıyır. 

Bəs alimentin artırılması boşanmalara necə təsir göstərə bilər?

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında sosioloq Mətanət Məmmədova bildirib ki, hər il ölkəmizdə yaşayış minimumunun əhalinin müxtəlif qrupları — əmək qabiliyyətli şəxslər, pensiyaçılar və uşaqlar üçün ayrıca müəyyən edilməsi həqiqətən də təqdirəlayiq məsələdir:

"Bəzi ölkələrdə bu amillər ümumiyyətlə nəzərə alınmır və ya yaşayış minimumu çox aşağı səviyyədə müəyyən edilir. Azərbaycanda isə hər il bu məbləğin artırılması təqdirəlayiq haldır. Yaşayış minimumunun 260 manatdan 274 manata qaldırılması isə boşanmaların qarşısını ala biləcək bir addım deyil. Yəni bu məbləğin 300 və ya 500 manat olması belə boşanmaların qarşısını ala bilməz. Bunun üçün yeni mexanizmlər tətbiq olunmalıdır. İlk növbədə, statistik göstəricilər araşdırılmalı, boşanmaların hansı səbəblərdən və hansı sahələrdə daha çox baş verdiyi müəyyənləşdirilməlidir. Daha sonra məhz üstünlük təşkil edən səbəblərə uyğun mexanizmlər hazırlanmalı və həyata keçirilməlidir ki, boşanmaların qarşısını almaq mümkün olsun”.

Ekspert əlavə edib ki, yaşayış minimumunun artırılması, sadəcə, tərəflərdən birinə, eyni zamanda uşağa maddi dəstək məqsədi daşıyır:

"Burada uşağın təhsil və sağlamlıq məsələləri, eləcə də aylıq əsas yaşayış ehtiyacları nəzərə alınır. Müəyyən edilən məbləğ uşağın bir ay ərzində əsas ehtiyaclarını qarşılaya bilməsi üçün nəzərdə tutulur. Əlbəttə ki, bu məbləğin daha yüksək olması hər birimizi sevindirər. Yaşayış minimumunun artırılması boşanma zamanı uşağın yanında qalacağı tərəfə — ataya və ya anaya müəyyən maddi dəstək göstərilməsi baxımından da əhəmiyyətlidir.

Son statistik göstəricilərə görə, boşanmaların sayında müəyyən azalma müşahidə olunub. Lakin bu azalma nikahların sayının azalması fonunda baş verib. Bu, həqiqətən də düşündürücü və narahatedici məsələdir. Ölkəmizdə boşanmaların sayının artmasının və uşaqların alimentə ehtiyac duymasının səbəbləri ciddi şəkildə araşdırılmalıdır.

İlk növbədə, ailələrin hansı səbəblərdən dağıldığı müəyyənləşdirilməlidir. Məsələn, 10 ailə boşanıbsa, onların səkkizində boşanmaya səbəb olan amillər araşdırılmalıdır. Əgər əsas səbəblər yaşayış səviyyəsinin aşağı olması, mənzil və ya işlə təminat problemləridirsə, ilk növbədə bu istiqamətlərdə şərait yaradılmalıdır ki, ailələr üzləşdikləri problemləri həll edə bilsinlər və boşanma yeganə çıxış yolu kimi görünməsin. Belə olduğu təqdirdə, boşanmaların sayı azalarsa, aliment ödənişlərinə olan ehtiyac da azala bilər”.

Aynur Babazadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью