Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Alimlər işlənmiş bitki yağını ənənəvi polietilenin xüsusiyyətlərini təqlid edən plastik materiala çevirməyə imkan verən yeni texnologiya hazırlayıblar. Ənənəvi olaraq plastik məmulatlar neftin emalı yolu ilə istehsal olunur ki, bu proses böyük həcmdə tullantıların yaranması ilə müşayiət olunur. Beynəlxalq tədqiqatçılar qrupu isə plastik istehsalı üçün alternativ xammal mənbəyi kimi işlənmiş bitki yağından istifadə etməyin mümkün olduğunu göstərib.
Son illər müxtəlif ölkələrdə alimlər polietileni əvəz edə biləcək materiallar yaratmağa çalışsalar da, bu nümunələr istismar xüsusiyyətlərinə və istehsal xərclərinə görə ona uduzub. Eyni zamanda polietilen ətraf mühit üçün təhlükəli çirkləndirici hesab olunur: ondan hazırlanan paketlər, qida qabları və su boruları təbiətdə parçalanmır, çətin utilizasiya olunur və çox vaxt tullantı poliqonlarında yığılır.
Tədqiqatçılar işlənmiş bitki yağını poliesterlərin sintezi üçün əsas xammala çevirməyə nail olublar. Bu poliesterlər geniş istifadə olunan polietilenə alternativ ola biləcək plastik materialın istehsalına imkan verir. Aparılan eksperimentlərin nəticələri Journal of the American Chemical Society elmi jurnalında dərc olunub.
Araşdırma zamanı işlənmiş bitki yağının tərkibindəki doymamış yağ turşuları əvvəlcə uzun zəncirli C19 diesterə, daha sonra isə bərpa prosesi vasitəsilə diola çevrilib. Məhz bu mərhələ polietilenə xas olan xətti strukturun formalaşmasını təmin edib. Yüksək məhsuldarlıq əldə olunmasında palladium katalizatorunun tətbiqi həlledici rol oynayıb.
Bitki yağının digər komponenti olan qliserin isə şaxələnmiş diollara çevrilib. Sonradan bu birləşmələr polimerləşdirilərək elastiklik və möhkəmlik baxımından polietilenə yaxın xüsusiyyətlərə malik poliesterlər əldə edilib. Alimlərin sözlərinə görə, yeni materiallar kimyəvi yolla parçalana və yenidən emal oluna bilir.
Yeni texnologiya işlənmiş bitki yağının səmərəli utilizasiyası üçün geniş imkanlar açır. Tədqiqat müəlliflərinin məlumatına əsasən, dünyada hər il təxminən 3,7 milyard qallon işlənmiş bitki yağı yaranır və bunun böyük hissəsi təkrar istifadə olunmadan kanalizasiya sistemlərinə və ya tullantı axınlarına düşür.
S.ELAY
XQ