Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
DÇ-2026 Türkiyə üçün əsil kabusa çevrildi. Sürpriz etməyə əsas namizədlərdən göstərilən Türkiyə sürprizi yaxşı yox, pis mənada etdi. Komanda iki matçda qola və xala həsrət qalaraq turnirlə vidalaşdı. Paraqvaya minimal hesablı məğlubiyyətin ardından təbii ki, bütün diqqətlər Vinçentso Montellaya yönəldi. İtaliyalı mütəxəssisin mətbuat konfransında dediyi sözləri olduğu kimi diqqətinizə çatdırırıq:
''Çox üzgünəm. Türkiyə millətinin bizdən böyük gözləntiləri var idi. Federasiya üçün də üzgünəm. Onların da, futbolçuların da necə çalışdıqlarını bilirəm. 35 ildi, futboldayam. Belə bir şey bəlkə də 50 ildə bir dəfə yaşanır. Amma bizdə iki oyunda yaşandı. İki oyunda qapıya 65 zərbə vurduq. Topa nəzarətdəki üstünlüyü heç söyləmirəm. Bəxt bizim yanımızda deyildi. Futbolçularıma başlarını dik saxlamalarını söylədim. Bəzən həqiqətən də ''qismətdən artığı olmur'' sözünə inanırsan. Mən həmişə futbolçularımın meydanda çalışqanlığına, hirsinə diqqət edirəm. Hamısı hirsli idi və iki oyunda da sona qədər əllərindən gələni etdilər. Onlara sona qədər dəstək verəcəm. Heç kim özünü geri çəkmədi. Amma təəssüf ki alınmadı. Dəyişiklikləri oyunun gedişatına əsasən etdim. ''Bir mərkəz hücumçusu hər şeyi dəyişə bilərdi'' ifadəsi düzgün deyil. Bunu demək asandı. Dediyim kimi oyunçularımla bağlı heç bir pis düşüncəm yoxdu. Hamısı çalışdı. Ona görə də bu cür nəticənin ortaya çıxması məni ikiqat üzür. Yenə də iki oyuna 65 zərbə vurmağımızı xatırlatmaq istəyirəm. Futbolda bəzən izahı olmayan anlar olur. Məsələn, bizim bütün 90 dəqiqə ərzində edə bilmədiyimizi onlar ilk zərbədəcə etdi. Rəqibin cərimə meydançasında topla daha yaxşı oynaya bilərdik. Amma yenə də bu durum futbolçularımı tənqid etmək üçün əsas vermir. Cərimə meydançasına daxil ola bilməsəydik, o zaman həqiqətən də problemin olduğunu söyləyə bilərdik. Sadə səslənsə də, bəxt bizdən üz döndərdi. 1 qol vursaq, hər şey fərqli ola bilərdi. Biz sadəcə nəhəng turnirlərdə iştirakı davam etdirməliyik. Bəlkə də 24 ildən sonra mundialda olmağımız futbolçular üzərində əlavə təzyiq yaratdı. Nəhəng turnirə qatılmağı alışqanlığa çevirsək, hər şey yaxşı olacaq. Bütün günahları bir nəfərin üstünə atmaq asandı. Amma heç kimi günahlandırmağa ehtiyac yoxdu. Çünki əlimizdən gələni etdik. Mən də sizin kimi çox üzgünəm. Ağır da olsa, bu nəticəni qəbul etməliyik. Alınmayanda alınmır. Başqa nə deyəcəyimi bilmirəm. Futbol da həyat kimidi. Heç də hər şey ədalətli olmur. Mən indiyə qədər bu statistika yaxalayıb ardıcıl iki oyunda uduzan komanda görməmişdim. Biz bir komanda formalaşdırırıq. Əvvəlki oyunlarda yaxşı nəticələr əldə etmişdik. Gənclərimiz təcrübə qazanır. Türkiyənin mübariz ruhunu göstərməkdə davam etməliyik. Hamımız üzgünük. Amma paltardəyişmə otağından başı dik şəkildə çıxmalıyıq''.