Allahın ucaltdığı baş Rafael Hüseynov yazır

23.01.2026

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rafael HÜSEYNOV
Akademik

Bu misraları 1901-ci ilin oktyabrında Bakıda qapılarını Azərbaycan qızları üçün ilk dəfə açan Birinci Müsəlman Qız Məktəbinin müəllimlərindən olmuş böyük şair Hüseyn Cavid yazıb: "Qadın gülərsə, bu ıssız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək!"

Bu, hər kəsin dərk etdiyi, doğruluğuna inandığı həqiqətdir. Cəmiyyətin özəyi olan ailə qadından başlanırsa, aydındır ki, bu həqiqət şüurlu insan var olduqca elə indiki gücündə olub. Aşağı-yuxarı XX əsrin ortalarından üzü bəri ta bizim günlərəcən qadının mühitimizdəki çoxdan məhz belə olmasına alışdığımız aparıcı yeri ilə elə həmin yüzilin əvvəllərindəki vəziyyətini tutuşduran yeni zamanın tarixə nabələd insanı heyrətlənər ki, belə cəmiyyət necə yaşayırmış, niyə müvazinətindən çıxmırmış?

Lakin zənnimcə, ikiqat heyrətli, həm də çox ibrətli və düşündürücü olansa ardıcıl savad almamış, yazı-pozudan, kitabdan-dəftərdən uzaq bir adamın artıq XIX yüzilin sonlarından etibarən çətin maneələri aşa-aşa qibtəediləsi bir ardıcıllıq və dəyanətlə Azərbaycan qadınını maarifləndirmək, onu cəmiyyətin aparıcı bir hissəsinə çevirmək yolunda sadəcə iş görməməsi, məqsədli mübarizə aparmasıdır. Bu, dünyada misli az görünən bir nəciblik missiyasıdır ki, onun təkanının haradan gəldiyini - bir ürəyə İlahidənmi qonduğunu, ya qeyrətli bir kişinin öz qız balalarının da sabah içərisində yaşayacağı mühitin daha sağlam olması naminə səylərindənmi yarandığını, yaxud millətinə, yurduna sonsuz sevgidənmi qaynaqlandığını indi müəyyən etmək mümkünsüzdür. Amma hər halda bu ehtimalların hər birinin izi o dürüst və xeyirxah əməldə hökmən var.

İşinin adı pul qazanmaq, sərvət toplamaq olan, yaxın vaxtlaracan hər qəpiyi qazanmaqçün nə qədər ağır zəhmətlərə qatlaşmağın gərək olduğunu şəxsi təcrübəsindən yaxşı bilən bir adamın çoxlarının qəfil gələn zənginlikdən harınladığı çağda bir-birindən müdrik addımlar atması, ümummilli mənafeyə xidmət edən işlər görməsi, o sıradan, vətəninin tarixində ilk qızlar məktəbi açması üçün var gücüylə çalışmağa başlaması həm İlahinin, həm Vaxtın, həm də Millət Aqibətinin sifarişi idi.

XIX yüzilin sonları, XX əsrin əvvəllərində, Bakının Qala divarları arasından asta-asta dışarıya çıxdığı, İçəri şəhərin onillər ötüncə ondan qat-qat böyük olacaq davamı Bayır şəhərə doğru böyüməyə başladığı günlərdə səhərlər əllərdə təzə qəzetlər satılardı və onlardan biri, həm də ən nüfuzlusu hər sayı elə balaca bir kitab kimi əhatəli olan, bütün olub-olacaqları əhatə edən "Kaspi" qəzeti idi.

İlk dəfə 1881-ci ildə işıq üzü görən bu qəzet tədricən şöhrətlənmişdi və yeni əsrin əvvəllərində artıq yalnız Qafqazda deyil, rus imperiyasının bir sıra şəhərlərində, eləcə də bəzi Avropa ölkələrində yayılıb oxunurdu. 1884-cü ildən etibarən gündəlik nəşr edilən və dövrünün ən ciddi mətbuat nümunələrindən birinə çevrilmiş "Kaspi" redaksiyasına 1897-ci ilə qədər (arada 3 aya yaxın müddətdə Məhəmməd ağa Şahtaxtinskinin (1846-1931) redaktorluğunu nəzərə almasaq) milliyyətcə rus olan şəxslər rəhbərlik etmişdi. Yeni zamanın həm də söz dövrü olduğunu, qəzetin təzə vaxtın içərisində getdikcə kəskin və gərəkli silaha çevrildiyini duyan Zeynalabdin Tağıyev 1897-ci ildə "Kaspi"ni alır və redaktorluq da Əlimərdan bəy Topçubaşova tapşırılır. Bakı həyatının güzgüsünə dönən və hər məlumatı, elanı, irili-xırdalı məqaləsi şəhər camaatı arasında müzakirə mövzusuna çevrilən qəzetin 1901-ci il aprel ayının 22-də çıxan sayında dərc edilən xəbərdə bildirilirdi ki, bu axşam Hacı Zeynalabdin Tağıyevin evində Aleksandrinski Rus-Müsəlman Qızlar Məktəbinin Hamilər Şurasının yığıncağı olacaq.

Həmin yığıncaqda nələrdən söhbət gedəcəyi də burada qeyd olunub: tədris personalı müəyyənləşdiriləcək, qızların geyim forması haqqında qənaətlər yekunlaşdırılacaq və məktəbin başlanacaq gündəlik həyatı ilə əlaqədar bəzi təfərrüatlar müzakirə ediləcək.

Qəzetin bu xəbəri zahirən Hamilər Şurasının üzvlərini həmin yığıncağa dəvət edirdisə də, əslində məqsəd hamını yaxın günlərin əlamətdar hadisəsindən xəbərdar etməkdi.

Təlaşlı, narahat günlər arxada qalmışdı. O narahat günlər ki, məktəbin açılıb-açılmayacağı, bu sevdanın baş tutub-tutmayacağı qapqaranlıq sual altında idi, artıq dünən idi.

Redaktorla qəzet sahibinin - Əlimərdan bəylə Hacı Zeynalabdin Tağıyevin bu yöndəki fəaliyyətləri sinxron davam edir: "Kaspi"nin sonrakı saylarında da Qız məktəbi ilə əlaqədar ayrı-ayrı xəbərlər işıq üzü görməkdədir.

Ancaq günlər vardı ki, bu niyyət hələ ürəkdə idi və indi açılacaq məktəbin binasının yerləşdiyi ərazisi də bomboş bir sahə idi.

Və milyonçu Tağıyev həyatının ən böyük arzularından birini gerçəkləşdirmək yolunda nə qədər nigaran aylar, günlər yaşamışdı.

Əvvəlcə məqsəd bu imiş ki, həmin boş ərazidə böyük bir məscid tikilsin. Əlbəttə, bu, şəhər rəhbərliyinin deyil, içərişəhərli ağsaqqalların, Abşeron ruhanilərinin istəyi və müəyyən mənada həm də tələbi idi ki, məhz həmin yerdə Azərbaycanın və Bakının ən əzəmətli məscidi ucalsın.

Bakının ən böyük məscidinin ayrı bir məkanda yox, məhz tən mərkəzdə, o boş ərazidə tikilməsi istəyi təsadüfən yaranmayıbmış. Çünki az aralıda, bir qədər yuxarıdakı Persidski adlanan küçədə (indi Murtuza Muxtarov) təkcə Bakıdakı deyil, bütün Qafqazdakı ən iri kilsə yüksəlməkdə idi. Həmin Aleksandr Nevski kilsəsinin hündürlüyü 55 metr idi və onun inşa edilməsinəcən Bakının ən hündür tikilisi ucalığı 28 metr olan Qız qalası idi. Aleksandr Nevski kilsəsini bəlkə də qəsdən, siyasi məqsədlərlə Qız qalasından ikiqat hündür etmişdilər. Bakıya qədəm basan insan ilkin olaraq uzaqdan elə Aleksandr Nevski kilsəsini görürdü. Aleksandr Nevski kilsəsinin el arasındakı adı həm də "Qızıllı kilsə" idi. Çünki günbəzi qızıldan idi, ya qızıl suyuna çəkilmişdi və günəş bərq vuranda par-par yanırdı.

Gendən gəl-gəl deyən Aleksandr Nevski kilsəsinin tam mərkəzdə yerləşməsinin, bu hündürlükdə olmasının məhz siyasi səciyyə daşımasının bir sübutu da ondan ibarətdi ki, 1888-ci ildə həmin kilsənin təməlqoyma mərasiminə Çar III Aleksandr şəxsən özü təşrif gətirmişdi və həm də tək gəlməmişdi. Ailəsi ilə birgə idi və yanında da az sonra taxta çıxacaq vəliəhd II Nikolay.

Bakının hər nöqtəsindən görünəcək və elə çar hökumətinin düşüncəsinə uyğun olaraq müəyyən mənada Bakının rəmzlərindən birinə çevriləcək Aleksandr Nevski kilsəsinin inşası 1898-ci ildə başa çatır. Kilsənin zəngi çalınır və ta 1938-ci ilə qədər - Bibiheybət məscidi ilə bərabər, Aleksandr Nevski kilsəsini də allahsız kommunistlər dağıdanadək hər gün o səda Bakı boyu yayılır.

Əski ədəbiyyatımızın mükəmməl araşdırıcısı, həm də yaxşı şair olan Cəfər Rəmzi İsmayılzadə (1905-1996) 91 il ömür sürdü və Hacı Zeynalabdin Tağıyevi görənlərdən və Hacının Mərdəkanda tikdirdiyi məktəbi bitirənlərdən idi. Qız məktəbi kimi tikilən, sonralar Darülmüəlliminə çevrilən bina da ona doğma idi. Cəfər müəllim də 1920-ci illərdə orada təhsil almışdı. Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda onunla eyni şöbədə işləyirdik, yanaşı masalarda otururduq və yeri düşdükcə qocaman həmkarım məni hekayətləri ilə həmin günlərə aparırdı.

Qızıllı kilsə haqqında da birinci dəfə o mənə 1980-ci illərin əvvəllərində danışmışdı, şəklini də bağışlamışdı, həmin fotonusa sovet dövründə hansısa arxivdə belə görmək imkan xaricində idi. Cəfər müəllim söyləyirdi ki, səhər dan yeri qızaranda elə sanırdın ki, Bakının səmasında iki günəş var. Çünki günəşin şəfəqləri Aleksandr Nevski kilsəsinin qübbəsinə düşəndə onun qızılı qübbəsi elə ikinci günəş kimi bərq vururdu.

Cəfər müəllim bu əhvalatı da danışırdı ki, bir dəfə Mərdəkanda çörək satılan köşkün yanında imiş, bu əsnada Hacı Zeynalabdin Tağıyev faytonla oradan keçib gedir. Çörək dükanının yanına Mərdəkanın ağsaqqalları toplaşıbmışlar və Hacı keçib gedəndən sonra öz aralarında nəsə pıçıldaşırlar və bir az ötüncə, Hacı geri dönürkən onlardan biri qalxır, dayanır faytonun qabağında, hörmətlə salam verəndən sonra Tağıyevi təndirdən təzəcə çıxmış çörəkdən bir tikə kəsməyə dəvət edir.

Hacı da arif adammış, yaxşı anlayır ki, onu dəvət edirlərsə, məqsəd çörək söhbəti deyil, nəsə umacaqları var.

Faytondan enir, gəlir onlarla bir yerdə əyləşir, kəlmə kəsirlər, hal-əhval tuturlar, ağsaqqallar qayıdır ki, Hacı, kəndimiz sizdən çox razıdır. Mərdəkan üçün çox işlər görmüsünüz. Ancaq indi bir ayrı təvəqqemiz var. Həm də bu, bütün kənd camaatının istəyidir. Kəndin bu başında bir yaxşı məscidimiz var. Elə onu da siz tikdirmisiniz. Ancaq kəndin o başıyla bu başının arası xeyli məsafədir. İlin payızı, onun yağışı, küləyi var, ilin qarı, şaxtası ilə qışı var. Camaatın o başdan bu başa gəlməsi ağır məsələdir. Əhalimiz qış günlərində, payızda məscid yolunda çox əziyyət çəkir. Məsləhətdir ki, bu savab əmələ də qol atasınız, kəndin o başında da bir məscid tikilməsinə səxavətinizi əsirgəməyəsiniz.

Hacı Zeynalabdin Tağıyev dillənir ki, sizin kənddə mən bir məktəb tikdirmişəm. Əgər lazımdırsa, ikinci məktəb də tikdirərəm. Ancaq ikinci məscid mənlik deyil.

Ətrafdakıların ona şaşqınlıqla, sualedici nəzərlərlə baxdığını görüncə davam edir: "Çünki ikinci məscid olsa, biri şiəyəm deyib bu məscidə gələcək, o birisi sünniyəm deyib digər məscidə yollanacaq. Etiqad fərqliliyi yaranacaq, ikinci məscid kəndin camaatını bir-birindən ayıracaq".

Hacı belə hacı imiş. O, dinin də qədrini və yerini, maarifin də mənasını və məqamını gözəlcə bilirmiş, dediyini də yeritməyi bacarırmış.

Elə Bakıda baş verən də təqribən buna oxşar hadisədir.

Aleksandr Nevski kilsəsi hər gün şəhərin təəssübkeş insanlarının, ruhanilərinin, lap elə sıravi sakinlərinin gözü qabağında idi. İnsanların şəstinə toxunurdu ki, axı Bakı xristian şəhəri deyil bu yekəlikdə kilsəsi ola, niyə bura yaxından-uzaqdan qonaq gələn hara baxsa, gərək birinci o kilsəni görə, burada azı o möhtəşəmlikdə məscid olmalıdır. Ona görə də qərar qoyublarmış ki, yığışıb şəhər bələdiyyəsinə, Dumaya müraciət etsinlər, Qala divarlarının yanındakı boş ərazidə məscid tikməyə icazə alsınlar. Ancaq hökumət tərəddüdlü imiş, yəqin, elə kilsənin orada olmasına görə yaxın bir yerdə nəhəng məscidin tikilməsinə heç cürə razılıq vermək istəmirmiş. Əslində o məscid tikiləcəksə, camaat elə onun da maliyyəsinin ödənməsi məsələsində yardımı Tağıyevdən istəmək fikrində idi.

Ancaq Hacının qəsdi başqa idi. O, qət etmişdi ki, Bakıda qız məktəbi olmalıdır və haqqında düşündüyü məktəbin tikintisi üçün də məhz həmin yeri gözaltı etmişdi. Burasını da götür-qoy edirdi ki, hökumət həmin yeri məscid tikintisi üçün ayırmaqda maraqlı deyilsə də, din məsələsi olduğuna görə hələlik süründürməçiliyə salmaqla bu həssas müraciəti nisbətən soyutmaq, gündəlikdən ehmallıca çıxarmaq fikrindədir. Ona görə də Hacı bunun özünü də bir münasib girəvə hesab edərək həmin yeri qız məktəbinin binasını yerləşdirmək üçün istəyir.

Hesablaması doğru çıxır, həmin məkanda Qafqazın ən böyük məscidinin tikintisi üçün növbəti dəfə müraciət edilməsin deyə şəhər rəhbərliyi müvafiq məşvərətlərdən sonra orada qız məktəbinin tikilməsinə rüsxət verir.

XIX yüzilliyin sonlarında, XX əsrin əvvəllərində Bakıda müxtəlif məsul idarələrin yerləşdiyi binalar nə qədər vacib idisə və oralarda nə qədər mühüm məsələlər həll edilirdisə, Hacı Zeynalabdin Tağıyevin özünün yaşadığı mülk də bir o qədər əhəmiyyətli idi. Təbii, binadan-binaya fərq var. Lap təmtəraqlı da ola bilər, ortabab da, lap sadə də. Bina binadır, onu hörmətə mindirən, ona əzəmət verən daşı, torpağı, kərpici, ucalığı-alçaqlığı deyil, içərisindəki insanlardır.

Və Tağıyevin mülkünü də şəhər idarəçilərinin yerləşdiyi binalar mərtəbəsinə qaldıran orada oturan şəxsiyyət idi.

Bir yandan baxanda bura da mahiyyətcə başqa evlər kimi bir ailənin yaşadığı imarət idi. Ancaq Hacı Zeynalabdin Tağıyevin evini adi mənzillərdən seçdirən ilk növbədə oranın bir mərkəz olması idi. Bakının da, Azərbaycanın da, ayrı-ayrı insanların da taleyindəki həlledici hadisələrin əksəri burada baş verirdi. Bu binadakı otaqlarda, iş masasının arxasında Hacı Zeynalabdin Tağıyevin gərgin, narahat fikirlərlə baş-başa qaldığı saatlar da az olmamışdı, Tağıyev sarayının qapılarını təntənəli ziyafətlər üçün açdığı günlərin də sayı çox idi. Hər ziyafətin arxasında yemək, içmək, şənlənməkdən savayı həmişə xüsusi məqsədlər də vardı, elə axşamlarda yeyə-içə hansısa ən qəliz məsələlər də həll olunurdu. Hacı Zeynalabdin Tağıyevin bu mülkünə Rusiyadan da, xarici ölkələrdən də səlahiyyətləri geniş, sözükeçər mötəbər qonaqlar tez-tez gəlirdi. Hacı da bu isti təmas anlarından özünəxas müdriklik və ustalıqla, ürəyindəki əsas arzunun, qız məktəbinin gerçəkləşməsi yolunda ayrı-ayrı çətin məsələlərin həlli üçün də məharətlə istifadə etmişdi.

Hacı Zeynalabdin Tağıyev iş adamı idi. Təbii ki, ürəyinə bu qız məktəbini yaratmaq arzusu düşənəcən də yüzlərlə başqa layihələri olmuşdu. Evdə-eşikdə o söhbətləri heç açmazdı. Ancaq qız məktəbi söhbətini həm də evin, ailənin qayğılarından birinə çevirmişdi. İstəyirdi ki, ailəsi də bu işin içərisində olsun. Məktəbin açılması ərəfəsində isə artıq həyat yoldaşını da Hamilər Şurasının üzvlərindən biri etdi. Başqa sözlə, Qız məktəbinə Hacı Zeynalabdin Tağıyev həyatının, keçdiyi yolun ən taleyüklü biri kimi yanaşırdı.

Azərbaycanın ilk əmək naziri olmuş Əhməd bəy Pepinov-Ömərbəyovun (1893-1938) qızının - unudulmaz Sevda xanım Pepinovanın babası Həsən bəy Ağayev də, nənəsi Xədicə xanım Ağazadə də həmin Qız məktəbində işləmişdilər. Xədicə xanım söyləyirmiş ki, Bakıda türk qızları üçün məktəb qurmaq həvəsi Hacı Zeynalabdin Tağıyevin ürəyinə hələ 1880-ci illərin sonlarından, çar Bakıya səfər edərkən düşübmüş. Bununçün də çar ailəsinə və ətrafına yaxınlaşmağın yollarını arayırmış. Hətta söz gəzirmiş ki, bir senator vasitəsilə çarın zövcəsinə qiymətli hədiyyə də göndərib. Tağıyev tədbirli adam idi, bütün yolları araşdırandan sonra bu fikrə gəlibmiş ki, müraciətlərlə, rəsmi ərizələrlə nəyəsə nail olmaq müşküldür, çünki çar hökumətinin Azərbaycandakı hədəfləri sırasında haçansa qız məktəbinin açılmasına icazə vermək fikri yoxdu. Bəs neyləməli? Ona görə də belə bir tədbir tökmüşdü ki, bu məsələləri həll etməkçün yuxarılardakı səlahiyyətli adamları maraqlandırsın, onlar özləri daha yuxarılara müraciət etsinlər və Bakıda qız məktəbinin açılması təklifinin özü də elə oralardan gəlsin, Hacıya sadəcə icranı tapşırsınlar. Ona görə də Tağıyev həm Peterburqda tanışlar, əlaqələr, vasitələr tapmışdı, həm Qafqaz Tədris Dairəsinin rəhbərliyi ilə işləmişdi, həm də Bakı quberniyasının və Dağıstan vilayətinin Xalq məktəblər idarəsinin rəisi ilə yaxınlıq yaratmışdı. Görülmüş işlərin nəticəsi olaraq 1896-cı il mart ayının 22-də Hacı Zeynalabdin Tağıyev Bakı quberniyası və Dağıstan məktəblər idarəsinin rəisi A.S.Txorjevskidən məktub alır. O məktub Tağıyev üçün də, onun ailəsindən ötrü də əsl Novruz bayramı hədiyyəsi idi. Çünki Txorjevskinin məktubunda hökumət adından təklif olunurdu ki, Bakıda qız məktəbi yaradılsın və Hacı Zeynalabdin Tağıyev də imkanı daxilində o məktəbin tikilməsinə, qurulmasına kömək eləsin.

Əslində bu məktubda əksini tapanlar Hacı Zeynalabdin Tağıyevin öz fikirləri idi. Ancaq işi elə qurmuşdu ki, bu fikirlər, bu təkliflər artıq ona yuxarıdan, hökumətin tapşırığı kimi gəlirdi.

Hər şey necə düşünülmüşdüsə, o cürə də gedirdi. Hacı Zeynalabdin Tağıyevin evində Qafqaz Tədris Dairəsinin rəisi də olmuşdu, Bakı quberniyası və Dağıstan vilayəti Xalq məktəbləri idarəsinin müdiri də. Eləcə də Peterburqdan bu məsələlərin həlli yolundakı vasitəçi adamlara - niyyətin, müraciətin ən yüksək mərtəbəyə çatmasına və müsbət həll olunmasına kömək edə biləcək şəxslərə Hacı öz evində qonaqpərvərlik göstərmişdi.

Tağıyevin öz təklifi və arzusu ona hökumətin müraciəti və xahişi kimi gəlib çatırdı. Qafqaz Tədris Dairəsindən, Bakı quberniyası və Dağıstan vilayəti Xalq məktəbləri idarəsindən gələn məktublarda deyilirdi ki, qarşıda bizi müqəddəs təntənə - Çar II Nikolayın tacqoyma mərasimi gözləyir. Bu hadisə ilə əlaqədar imkanı olanların hər biri müəyyən addımlar atmalıdır. Sizdən də xahişimiz ondan ibarətdir ki, Bakıda qurulmasını istədiyimiz rus-müsəlman qız məktəbinin tikilməsi üçün köməklik göstərəsiniz, ianələr ayırasınız. Ancaq bir əlavə xahişimiz də var ki, açılacaq təhsil müəssisəsi çarın qızının şərəfinə "Olginski məktəbi" adlandırılsın.

Hacı Zeynalabdin Tağıyev məktubu alır, nə istəyirdisə, bu namədə hamısı əksini tapmışdı, ancaq bir məsələ ilə razılaşmır.

Yuxarıdan gələn məktubla razılaşmamağın nə demək olduğunu Hacı Zeynalabdin Tağıyev yaxşı anlayırdı. Ancaq onun razılaşmamasının arxasında da bir başqa siyasət dayanmışdı. Hacı ləngimədən cavab məktubu göndərir. Cavabında yazırdı ki, çarın müqəddəs tacqoyma mərasimi ilə əlaqədar öhdəmə düşən nə vəzifə varsa, cani-dildən yerinə yetirməyə hazıram və bunları özüm üçün şərəf hesab edirəm. Ancaq xahişim də ondan ibarətdir ki, Bakıda açılacaq bu müsəlman qız məktəbini çarın qızı Olqanın deyil, çarın həyat yoldaşı Aleksandra Fyodorovnanın (1872-1918) adı ilə adlandıraq.

Hacı uzaqlara baxırdı, sabahı fikirləşirdi. Bilirdi ki, qız məktəbi ilə bağlı onun gələcəkdə də müəyyən tədbirləri, layihələri, niyyətləri olacaq. Onların həyata keçməsi, irəliləməsi də yenə Peterburqla, çar imzası ilə əlaqədar olacaq. Ona görə də bəri başdan məktəbə çarın həyat yoldaşının adının verilməsi ilə gələcək işlərinin müsbət həll olunması üçün münasib təməl hazırlayırdı.

Bu söhbət də bizə ayrı-ayrı qaynaqlardan və xatirələrdən gəlib çatıb ki, Hacı Zeynalabdin Tağıyev həmin məsələlərin həlli əsnasında çarın həyat yoldaşı Aleksandra Fyodorovnaya bahalı zinət sovqatı da göndəribmiş.

Pul Hacı Zeynalabdin Tağıyevin başına göydən yağmırdı. Nəyi vardısa, hamısını zəhməti və ağlıyla qazanmışdı.

Və sərvətindən sağa-sola, ən müxtəlif insanlara səxavətlə paylayırdısa, ona-buna kömək eləməkdən heç vaxt yaxasını kənara çəkmirdisə, bu da yalnız ona görə deyildi ki, qəlbi genişdi, həddindən artıq əliaçıq idi. Pulu ağlla və zəhmətlə qazanan onu heç vaxt gözüyumulu, hara gəldi xərcləməz. Tağıyev fikir adamı idi. Hacı göründüyü sadəlikdən qat-qat mürəkkəb və dərinmiş. Ömrünün və yolunun bütöv mənzərəsinin pıçıldadığı gerçək budur ki, o, mahiyyətcə millət quruculuğu ilə məşğul olan şəxsiyyətmiş. Belə olmasaydı, ayrı-ayrı gənc azərbaycanlıları müxtəlif şəhərlərə təhsil almağa göndərməzdi, belə olmasaydı, Abşeronda və Bakıda maarifçiliklə məşğul olmazdı, sıra-sıra məktəblər tikdirməzdi, belə olmasaydı, teatr açmazdı, sənətin inkişafına kömək etməzdi, aktyorlara arxa durmazdı. Bütün bunları və bu qəbildən olan işləri görürdü ki, milləti sabah daha güclü olsun. Elə onu qız məktəbini yaratmağa sövq edən də yurdun və xalqın gələcəyi ilə bağlı düşüncələrdi. Bunlar yalnız mülahizələr deyil, bizim ayrı-ayrı hadisələri təhlil edərək gəldiyimiz nəticələr deyil, bu qənaəti Hacı Zeynalabdin Tağıyev özü də söyləyib. Qız məktəbi yaratmaq fikrinə yenicə düşdüyü, bu fikrini ən yaxın dostları və məhrəmləri ilə bölüşdüyü günlərdə ona canıyananlıqla deyirlər ki, bu arzudan vaz keç, xam xəyaldır, nə illah etsən də, baş tutan məsələ deyil. Hacı razılaşmır. Deyir ki, mən bu məqsədimə mütləq çatacam. Çünki mən bu işə millətin gələcəyi kimi baxıram. İndi, Allaha şükür, yollar açılıb, cavanlarımız gedirlər Avropada, Rusiyanın universitetlərində təhsil alırlar, yüksək bilik qazanırlar, qayıdıb gəlirlər. Amma qayıdıb gələndə görürsən ki, hərəsinin yanında bir ayrı millətdən olan qız var. Bu da səbəbsiz deyil. Çünki gediblər, yüksək təhsil alıblar, ayrı bir mədəni mühitin içərisində olublar, səviyyələri bir az da artıb. Fikirləşirlər ki, qayıdandan sonra ailə qurmaq istəyəndə nə qohum-əqrəbanın, nə dost-tanışın arasından özlərinə uyğun, özlərinə layiq qız tapa biləcəklər, ona görə özlərinə oradaca münasib xanımlar tapıb evlənirlər. Sabah bunların uşaqları dünyaya gələcək. Ayrı millətdən olan analarının tərbiyəsi ilə böyüyən o uşaqlar daha təmiz azərbaycanlı olmayacaqlar. Həmin səbəbdən də mənim bu məktəbi yaratmaqda məqsədim odur ki, qızlarımız savadlı, dünyagörüşlü olsunlar ki, oğlanlarımız da başqa səmtlərə üz tutmasınlar, öz qızlarımızla ailə həyatı qursunlar.

Eyni düşüncəni Hacı Zeynalabdin Tağıyev vaxtilə Məhəmməd ağa Şahtaxtinskiyə göndərdiyi bir məktubunda da açıqca ifadə edirdi: "Müsəlman ailə həyatını və onun bütün çatışmazlıqlarını mən çox yaxşı bilirəm. Müsəlman qadınını indi düşdüyü qapalı, fanatik həyatdan tədricən çıxarmaqdan ötrü yeganə yol var ki, məktəb, yenə məktəb! Ancaq həmin məktəbi elə bacarıqla yaratmaq və qurmaq lazımdır ki, müsəlmanlar heç bir kənar fikir olmadan ona rəğbətlə yanaşsınlar və öz qızlarını etibar edib ora göndərsinlər".

Tağıyev bu düşüncələri və hərəkətləriylə sadəcə bir mesenat, xeyirxah milyonçu olmaq hüdudlarından çıxaraq, sözün peşəkar mənasında maarifçi mərtəbəsinə, yeni dövrdə xalqın saf ziyalı qanını qarışmalardan qorumaq kimi ciddi millət məsələsinin həllinə töhfələrini verən ictimai xadim yüksəkliyinə qalxır.

Tağıyev belə yazanda, belə düşünəndə, bu istiqamətdə fədakarlıqla işlər görəndə şura hökumətinin "Rədd olsun çadra!", "Qadınlara azadlıq!" şüarlarıyla başlayacağı hərəkata hələ onillər qalırdı.

Savadı yetərincə dərin olmayanların "bisavad" dediyi böyük Hacı Zeynalabdin Tağıyev belə "basavad", belə xalqçı, belə gələcəkçi düşünürdü.

Tağıyevin dövründə Bakının başqa neftxudaları da olub ki, pula pul deməyiblər. Hacının etdiklərini etməyiblər axı! Füsunkar imarətlər tikdirməyi, adda-budda himayədarlıqları demirəm (hərçənd bunlar da sayğıya layiqdir), ardıcıl, düşünülmüş, bir sabit xətt olaraq aparılan belə fəaliyyət onların heç birində olmayıb. Həm də qız məktəbi açmaq niyyəti hamıya bəlli olandan və bu yöndə işlər sürətlənməyə üz qoyandan sonra Hacının ən dürlü rəsmi razılıqları almaq yolunda çəkdiyi əziyyətlərdən savayı, qarşılaşdığı az qala düşmən mövqeli əleyhdarları da vardı axı! Özü də bir yox, beş yox, onlarla - qaragüruh, qatı mövhumatçılar, mürtəce ruhanilər və onların felinə uyan sayı bilinməyən cahillər, korazehinlər.

Hansı mühitdə yaşadığını, kimlərlə əhatələndiyini gözəlcə anlayan Hacı bütün bunlardan işini başlamamışdan agahdı və həmin səbəbdən də ruhanilərin arasından da mütərəqqi düşünənlər, alim siqlətlilər, həyata ayıq nəzərlərlə baxmağa qadir olanlarla yaxınlıq edirdi, cəhalət odrusunun həmlələrini bu nurlu insanların köməyi ilə səngitməyə cəhd edirdi.

Bu da Hacının daha bir incə siyasəti idi. Belə tədbirli hərəkət etməsəydi, lap yüz rəsmi razılıq olsa belə, çətin ki, onun müsəlman, türk qızlar üçün ayrıca məktəb açmaq istəyi gerçəkləşəydi.

Hökumət razılığını verəcəkdi, Hacı bütün xərclərini çəkərək binanı da tikdirəcəkdi, qaragüruhun qorxusu və qınağından çəkinərək o məktəbə uşağını göndərən olmayacaqdı və nəticədə Rusiyadakı ilk türk-müsəlman qız məktəbinin əvəzinə ən yaxşı halda Bakıdakı daha bir rusdilli qız gimnaziyası artacaqdı.

Hacının bir müdrikliyi də bu idi ki, Axund Əbu Turab, Şeyxülislam Əbdüssalam Axundzadə (1843-1907), Bakı qazisi Hacı Molla Cavad (1871-1954) onunla çiyin-çiyinə idi, görkəmli ədib müfti Mirzə Hüseyn Əfəndi Qayıbov (1830-1917) onun ən etibarlı müdafiəçisi və həmfikri idi.

Sözü cəmiyyətə eşidilən aydınlar da Hacıya dayaq idilər. Onların qələmi və sözü Hacının dedikləri və etdikləriylə həmahəng idi. Nəriman Nərimanov 1900-cü ildə Bakıda nəşr olunmuş "Hacı Zeynalabdin Tağıyevin 50 illik məişəti və cəmaətə xidmətləri" adlı kitabçasında həmin məsələnin üstündə məxsusi dayanırdı: "Axır zamanda oğlanlarımız mədəniyyət dalınca gedib mərifətdə tərəqqi edirlər. Pəs bu mədəniyyətli, mərifətli cavanlarımıza mədəniyyətli, mərifətli övrətlər lazım gəlməyirmi? Günbəgün təhsilli cavanların hesabı artır, amma çifayda, həmin cavanlar evlənməkdən əsla fikir etmirlər, çünki təhsilli qızlarımız yoxdur və təhsilsiz qızları özlərinə ömürlük yoldaş etmək məzkurlar üçün böyük məsələdir. Hörmətli Hacının bu məsələlərdə bizimlə həmfikir olmağına şübhəmiz yoxdur. Hərçənd bir neçə nadan, dünyadan xəbərdar olmayan əşxas həmin məktəbin düşməni hesab olunurlarsa da, ancaq onları biz millətə quyu qazanlardan hesab edirik".

Hacı həm də el adamı idi, mütəmadi xalq arasında idi və o qədər təmənnasız yaxşılıqlar etmişdi ki, camaat arasına çıxanda hər kəslə ərklə, müsahibinin başına ağıl qoya-qoya danışa bilirdi. Olmuş əhvalatdır - yenə növbəti dəfə nadanlardan birisi Hacıya irad tutur ki, o nədir məktəb açıb qızlarımızı üzüaçıq gəzdirmək, arımızı-mamusumuzu ayaq altına atmaq istəyirsən. Adını, da soyadını da xatirələrin tarix üçün töhmət hədəfi kimi qoruyub saxladığı o adamı Hacı məntiqli cavabı ilə bu cür susdurur: "Ay Molla Əli Hacı Xəlil oğlu! Qulaq as! Mən qızları ismətsiz etmək istəmirəm, naməhrəmlə üzüaçıq olmağa çağırmıram. Srağa gün gecə iyirmi yaşlı ortancıl qızın sancılanmışdı, az qalmışdı ölsün. Lopabığ Ambarsum həkimi gətizdirdin, qızı yoxladı, dava-dərman elədi, qızı ölümdən qurtardı. İndi de görüm, lopabığ Ambarsumun əvəzinə müsəlman arvad həkimi olsaydı, şəriətə hansı daha düzgün gələrdi? Ay qardaş, qadın həkimlərə, müəllimələrə millətimizin ehtiyacı çoxdur. Bunun üçünsə gərək məktəb olsun, oxusunlar. Savad alsınlar. Namus-qeyrət deyirsiniz. Əksinə, mənim gördüyüm iş elə ləyaqətimizi daha uca saxlamaq üçündür".

Bakı, Azərbaycan bayram astanasında idi. Bu bayram bütün sevinci ilə həftələr, günlər sonra yaşanacaq. Ancaq Bakının və Qafqazın qəzetlərindən artıq həmin möhtəşəm bayramın sədaları ucalırdı. Ziyalı qələmlər insanları bu millət bayramına hazırlayırdı. Hazırlamaq da lazım idi. İndiyədək belə misilsiz bayramı yaşamamış kütlələrin intəhasız sevinci bütünlüyü və bütövlüyü ilə duymasından ötrü ən əvvəl yurda ərməğan edilən bu xoşbəxtliyin nədən ibarət olduğunu başa düşəcəyi qədər anlatmaq ehtiyacı vardı.

Fransa Maarif Nazirliyinin Rusiyaya ezamiyyətə gələn və 1901-ci ildə Bakıya da yolu düşən təmsilçisi, Avropada tanınmış arxeoloq və xalqşünas alim Baron de Bay Parisə qayıdınca orada fransız dilində nəşr edilən "Rusiya icmalı" dərgisində heyranlıqla belə yazırdı: "Bakıda Nikolayevski küçəsində Şərq üslubunda inşa edilmiş modern bir bina ucalır. Səxavətli xeyriyyəçini ilhamlandırmış ideya və onun apardığı mübarizə əbədi yad edilməyə layiqdir. Bu müsəlman zəngini digər diqqətəşayan əməlləri ilə yanaşı, Bakıda gənc müsəlman qızları üçün məktəb açdırmaq istəyir. Bu fikir çox müasir, cəlbedici vüsətlidir".

Qafqaz Canişinliyinin mərkəzində - Tiflisdə nəşr olunan "Qafqaz" qəzeti 1901-ci ilin yayında, yeni dərs ili ərəfəsində belə yazırdı: "Bakıda açılacaq qız məktəbi indiyədək müsəlman qadınını zəmanəmizin bütün nailiyyətlərindən aralı salan Çin səddini yox etmək məqsədi daşıyan ilk təhsil müəssisəsidir. Məktəbin məramı olduqca yüksəkdir və təsisçi Hacı Zeynalabdin Tağıyevin maarifpərvər addımı böyük şərəf gətirən təşəbbüsdür. Məktəbin yaraşıqlı binası, daxili tərtibatı, mebeli tam hazırdır. Xidməti personal, eləcə də şagird kontingenti tam yığılıb".

Bakıda "Kaspi" qəzeti isə məktəbin açılışı ərəfəsində camaatın gözünü bu savab və nəcib işə daha artıq açmaq niyyəti ilə Zaqafqaziya şeyxülislamı Əbdüssəlam Axundzadənin məqaləsini dərc etmişdi. Axund belə yazırdı: "Tibbin atası sayılan Əbu Əli İbn Sinanın anası Sitarə xanım öz zəmanəsinin təhsilli qadını idi. Onun oğlu məhz anasının təsiri və qayğısı sayəsində 18 yaşında elmlərə yiyələnə və sonradan bu qədər şöhrət qazana bildi. Əgər bu vaxta qədər Qafqaz müsəlmanları öz qızlarına təhsil verməyiblərsə, bunun səbəbi təkcə məktəbin olmaması deyil, daha artıq onların qız məktəblərinə yad baxmasıdır. Açılacaq bu gözəl müəssisəyə ürəkdən xeyir-dua veririk. Biz tam əminik ki, bu məktəbdə oxuyan qızlar davranışları, xoş xasiyyətləri, ağıllarıyla bütün digər bacıları üçün nümunə olacaqlar".

...Sara xanım Tağıyeva (1899-1991) ilə mən ilk tələbəlik illərimdə tanış oldum. Sara xanım Tağıyeva Azərbaycan qadınının dəyanəti və şərəfi haqqında düşünürkən həmişə gözümün qabağına gələn ilk insanlardandır. İndi Mərdəkanda, Hacıhəsən qəbiristanlığında Hacı Mirzə Əbu Turab Axundzadənin məzarının aşağı tərəfində Hacı Zeynalabdin Tağıyevin qəbridir. Onun yanında isə qızı Sara Tağıyevanın məzarı. Sara Tağıyevanın məzarının yanında da bir daş var. Üstünə Zeynal bəy Səlimxanov (1886-1942) yazılıb. Əslində bu, bir rəmzdir. O qəbirdə heç kəs yatmır. Zatən o daşın üstünə adı yazılanın heç yerli-dibli qəbri də yoxdur, olmayıb da!

Zeynal bəy Səlimxanov sovet repressiyalarının qurbanlarındandır. Onun həlak edilmiş cəsədini hara atıblar - Xəzərin sularınamı, hansısa köhnə neft quyularınamı? Kimsəyə bəlli deyil. Onu məhv etmişdilər, ancaq Sara xanım yaşayırdı və bütün ömrü boyu da usanmadan, ruhdan düşmədən, sınmadan mübarizələrini davam etdirirdi.

Bakıda Elmlər Akademiyasının 1960-cı illərdə tarixçi alimlərin iri dəstəsinin müəllifliyi ilə ilk dəfə buraxdığı üçcildlik və hər fəslində sovetin ağa qara, qaraya ağ deməkdə pərgar olan, riyakar xisləti duyulan və görünən "Azərbaycan tarixi" kitabı ali məktəblərdə dərslik kimi istifadə olunurdu, yeni nəsillər bu saxtakar kitablarla böyüdülürdü. Həmin kitablar qalmaqdadır, amma orada yazılanların bir çoxunu indi adam içərisinə çıxarmaq ayıbdır. Çünki bu üzəçıxarılmaz səhifələrdə tariximiz və həqiqətlər ideoloji maşının diktəsi ilə ən kobud və idbar şəkildə təhrif edilib. Hacı Zeynalabdin Tağıyevin haqları da o kitabın içərisində dönə-dönə tapdalanıb.

Və o surət, o şəkil köhnə bakılıların yaxşı yadındadır - hər əlində və çiynində içərisinə atası haqqında müxtəlif sənədlərin, yazıların, xatirələrin, köhnə qəzetlərdən kəsiklərin toplandığı ağır çantalar olan beli bükülmüş qadın ünvan-ünvan gəzərək atası uğrunda, böyük Hacı Zeynalabdin Tağıyevin layiq olduğu haqlarının qaytarılması yolunda heç bir müsbət nəticə vəd etməyən mübarizəsini aparırdı. "Cənnət" dedikləri gerçəksə, əlbəttə, bu qadının yeri behiştin ən gözəl guşəsidir. 

Haçansa hansısa heykəltəraş bir övladın ataya sonsuz məhəbbət və sədaqətinin heykəlini düzəltmək istəsə, elə Sara xanımın surətini yaratsa, yetər.

Heç vaxt lentə alınmamış, amma Bakının köhnə sakinlərinin yaddaşında daim dolanmaqda davam edən, bu şəhərin tale filminin kadrlarının ən gözəli və ən kədərlisi o kübarlar kübarı xanımın cəfakeş görüntüləridir - Kommunist, daha əvvəlki və daha sonrakı İstiqlaliyyət küçəsi ilə ağır-ağır yoxuş qalxır.

Hər gün eyni ünvanlara üz tutur, hər gün eyni sözləri deyir, eyni sənədləri göstərir, hər gün də sözləri elə dünənki, srağagünkü, daha neçə gün əvvəlki kimi sanki divara dəyərək yerə düşür.

Bu qadının, sadəcə bu qadın yox, bu müqəddəs varlığın hər gün gördüyü o nəticəsi olmayan iş Allah yanında ən ali ibadət, İlahinin nəzərində savabların savabı idi.

Hacı Zeynalabdin Tağıyevin qurub-yaratdığı imarətlərdə əyləşən, Hacının hüsnünə gözəlliklər qatdığı bu şəhərdə yaşayıb-işləyən və zamanın hökmü ilə nankor quruluşa, haqbilməz qəddar hakimiyyətə xidmətdə olanlar həqiqətləri yaxşı bilsələr də, xəbərdar olmadıqlarını da bu əzabkeş qadının onların qarşısına düzdüyü sənədlər, sübutlardan yaxşıca anlasalar belə, nə bu qadının özünü, nə də həqiqətini yaxına buraxırdılar. Onu qovurdular, qapıları üzünə qapayırdılar, guya ən insaflılar, ən hörmət göstərənlərsə uzaqbaşı səbirlə dinləyib süni nəzakətlə yola salırdılar.

Sara xanımsa bezmirdi, ümidini itirmirdi, ildən-ilə, aydan-aya taqəti azalsa da, atasının bu millətə misilsiz və təmənnasız yaxşılıqlarının təsdiqi olan qalaq-qalaq sənədlərin toplandığı ağır çantalarla hər növbəti səhərdə işə gedirmiş kimi evdən çıxırdı.

Hamı görürdü, dövran elə idi, siyasət elə idi ki, görən, qəlbi yanan kömək edə bilmirdi. Amma bütün bunları Allah da görürdü. Allah gözəl Allahdır, olardımı bunca sədaqəti, bunca vəfanı, bunca etinasızlıqla yanaşılan, küncə sıxışdırılan ədaləti görsün və nəsə etməsin?

Hacı Zeynalabdin Tağıyev yaratdığı Qız məktəbinə bütün həyatının şah əsəri kimi baxırdı. Həmin kitabda əleyhinə yazılan onlarca başqa iftira ilə yanaşı, bu məktəbi yaratmaq haqqını da ondan qoparırdılar. Kitab iddia edirdi ki, sən demə, "Həsən bəy Zərdabinin təşəbbüsü, onun arvadı Hənifə xanımın iştirakı ilə açılan və əvvəllər əsas etibarilə kapitalist Tağıyevin ianə faizləri hesabına fəaliyyət göstərən müsəlman qadın məktəbi qadın təhsilinin inkişafında müəyyən rol oynadı".

Özü millətəxeyir əməllərini gerçəkləşdirməkdə qaragüruhun saysız hücumlarına məruz qalmış Hacı Zeynalabdin Tağıyev haqqında o üzüqara kitab yazırdı ki, guya Tağıyev xalqa zülm etməkçün qaragüruhçu dəstələr saxlayırmış.

Adil Pərvərdigar nə bu təhər abırsız-həyasız yalanları götürərdi, nə də atasını bu çirkablardan qorumağa çalışan Sara xanımın zəhmətlərinə biganə qala bilərdi. Qalmadı və Hacının da, onun fədakar balasının da başını millət və tarix gözündə yenidən ucaltdı, şəri, böhtanı, nahaqı özünə şüar etmiş quruluşu da, dövləti də külli-küf edərək biryolluq axırına çıxdı.

8 yanvar 2026

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью