Alleqri təvazökarlığından əl çəkmir

27.01.2026

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2024-cü ilin yayında “Yuventus”dan ikinci dəfə ayrılan Massimiliano Alleqri indi “Milan”ın uğur qazanması üçün çalışır. Onun 2010-14-cü illərdə də çalışdırdığı komanda ötən mövsüm A seriyasında 8-ci yeri tutaraq avrokuboklara vəsiqə qazana bilməmişdi. İndi milanlıların vəziyyəti fərqlidi.

"Football-plus.az" xəbər verir ki, Alleqrinin komandası çempionatda lider “İnter”dən 3 xal geri qalmaqla 2-ci yeri tutur. Həmişə təvazökarlığı ilə diqqəti cəlb edən 58 yaşlı mütəxəssis “Leççe” üzərində qələbədən (1:0) sonra jurnalistlərin suallarını cavablayıb.
- Bu mövsüm meydana sonradan çıxan oyunçunuz 6-cı dəfə qapıya yol tapdı... Füllkruq haqda hansı fikirdəsiz?
- Hər şey kollektivin işi ilə bağlıdı. Beş əvəzetmə ilə futboldakı mövcud vəziyyəti nəzərə alsaq, əvəzetmələr çox vacibdi. Oyunun gedişində meydana çıxan futbolçu standart səviyyəni qaldırmalı və xüsusilə də matçıın müəyyən anlarında, məsələn, Füllkruqun cərimə meydançasında lazım olduğu bu gecə zehni cəhətdən daha təravətli olmalıdı. Uşaqlar Komodakı oyunda olduğu kimi yaxşı oynadılar. Əla komandamız var. Amma hələ yolun yarısını arxada qoymuşuq. Hədəfimizə çatmaq üçün hələ çox xal toplamalıyıq.
- Füllkruqun Leao ilə Pulişiçlə birgə matçın əvvəlindən oynaması nə dərəcədə mümkündü?
- O, son vaxtlar “Vest Hem”də az məşq edib və ayağından zədə aldığına görə komandadan ayrı qalıb. Niklasın sonradan meydana çıxması vacib qərardı. O, çox enerjili oğlandı. Heyətimizdə belə oyunçunun olması bizim üçün çox vacibdi. Fikrimcə, hücumda Leao ilə Pulişiç, Nkunku və Pulişiç, həmçinin Nkunku və Leao ilə birgə oynaya bilərik. Həlledici ötürmələrdə dəqiqliyimizi artırmalıyıq. Belə iki oyunçu ilə topu qazonun üzərində daha çox gəzdirməklə və təmkinli oyun nümayiş etdirməklə hücuma daha çox atıla bilərik. Bir az daha diqqətli, daha sürətli oynamalı, meydanın son 20 metrlik hissəsində çox da tələsməməliyik. “Leççe” müdafiəyə böyük qüvvə ilə çəkilmədi, müdafiəni cərimə meydançasının qarşısında möhkəmləndirdi. Sadəcə, ofsayd tələsinə düşməkdən qaçmaq üçün yarımdairəvi qaçışlara daha çox ehtiyacımız var idi. Yarımmüdafiəçilərimizdən bir neçə ötürmə almaq pis fikir olmazdı. Rəqib fasilədən sonra sürətini azaltdı, biz isə tempi artırdıq. Bu, topun sürəti və qaçış baxımından yaxşı əlamətdi. “Leççe” bizimlə oyuna qədər 32 top buraxmış, bu qolların 55 faizini matçların son 15 dəqiqəsində buraxmışdı. Bu, səni sona qədər oynamağa vadar edən komanda üçün tipik xarakterdi. Onlara qol vurmaq getdikcə çətnləşir. Amma futbolçularımız çətinliyin öhdəsindən gələ bildilər.
- “Milan” ötən ilin bu vaxtı ilə müqayisədə 15 xal çox toplayıb. Komandanız çempionatda ən güclü ikinci hücuma və ən güclü ikinci müdafiəyə malikdi. Amma görünür, inkişaf üçün hələ də səbəb var. Belə gərgin matçlardan sonra özünüzü necə hiss edirsiz?
- Yaxşı mövqedəyik. Sadəcə, fiziki formamıza baxın. Belə gərgin oyunlarda zehni təzyiqin fiziki təzyiqdən daha yüksək olması normaldı. Yaşari bu gün həm driblinq, həm də qaçışların intensivliyi baxımdan həqiqətən də yaxşı oyun sərgilədi. Riççi də yaxşı oynadı, amma o, yarımmüdafə xəttində çıxış edir və düşünürəm ki, bu, onun üstün olduğu bir roldu. Ağıllıdı, müdafiəyə dəstək verir və meydanın dərinliyində mövqe tutan pleymeykerlə yanaşı oynayır. Mərkəzə doğru çəkilmək lazım gələndə şaquli istiqamətdə hərəkət edir. Estupinyan müəyyən fasilədən sonra sıraya dönüb, ona ilk matçlarda oynamaq bir qədər çətin oldu. Bu gün o da yaxşı oynadı. Komandamız yaxşı bir ruha malikdi və 15 sahə oyunçusundan istifadə etməyin üstünlükləri var.
- Hədəfinizin azı 4-cü yeri tutmaq olduğunu deməkdən nə vaxt əl çəkəcəksiz?
- Riyazi cəhətdən ilk “4-lüy”ü təmin edəndən sonra. Hələ vaxt var. Çempionlar Liqasına vəsiqə qazanmaq üçün 74 xal yığmaq lazımdı, skudettonu qazanmaq üçün isə təxminən 86-88 xal toplamaq tələb olunur. “Yuventus” 39 xalla 5-ci yerdədi. Bu komanda hər oyuna orta hesabla 2 xal toplayır. Mövsümün sonuna 17 tur qalıb, bu hesabla turinlilərin 73 xalı olacaq. Oyun başına 2-dən çox xal toplasalar, Çempionlar Liqasına vəsiqə qazanmaq şansları artacaq.
- Növbəti oyununuz Romada keçiriləcək...
- Razıyam, futbolçularımız yaxşı oynayırlar. Bizi qarşıda üç vacib səfər oyunu gözləyir: “Roma”, “Bolonya” və “Piza”ya qarşı oynayacağıq. Bazar günü “Roma” ilə keçirəcəyimiz matç komandamız üçün növbəti vacib sınaq olacaq. İlk növbədə məhz paytaxtdakı oyun haqda düşünəcəyik.
- Mövsüm ərzində cədvəlin ikinci yarısında olan rəqiblərlə oyunlarda həddən artıq xal itirməyiniz haqda mülahizələr səngimir. Amma hesabınızda kifayət qədər xal var. Bu qədər xalı layiqincə qazanmısız?
- Xallarımızın hamısını layiqli şəkildə qazanmışıq. Yaxşı özül qoymuşuq. Bizi heç kim xallarımızdan məhrum edə bilməz. İndi mövsümün ikinci dövrəsinə köklənmişik. İlk “4-lük”də qalmaq üçün hələ yetərincə xal toplamalıyıq.
- “Milan”da nə çatışmır?
- Bir az daha aqressiv oynamağa başlamalıyıq. Hər iki mərhələdə zəif oynadığımız hallar olur. Xüsusilə texniki dəqiqlik baxımdan oyun vəziyyətlərində inkişaf etməliyik. Oyunçularımız əla keyfiyyətlərə malikdilər, onlar güclü komanda olduqlarına inanmalıdılar.
- Bu “Milan”a hansı qiyməti verərdiz?
- Mənim üçün komandamı qiymətləndirmək çətindi. Yalnız onu deyə bilərəm ki, məşqçilərdən soruşsanız, liqadakı hər komandanın “kaş ki” və “amma” sözləri ilə zəngin olan sualları var idi. Amma bu tip suallar heç bir nəticə vermədi. Hər kəs qazandığı xalını haqq etdi. Dediyim odu ki, hər kəsin şikayət edə biləcəyi bir şey var... “Pulişiç Florensiyada üç qol vursaydı...” Amma vurmadı. Baxmayaraq ki, əvvəllər bir oyunda birdən artıq qol vurmuşdu, bəlkə də sabah yenidən qol vuracaq. Oyunumuza diqqət yetirməli və zehni hazırlığımızı yaxşılaşdırmalıyıq. Artıq mövsümün ikinci yarısındayıq. Səhvləri düzəltməyə vaxt yoxdu.
- Komandanız qol vəziyyətlərindən maksimum yararlanmaqda çətinlik çəkir. Bu haqda nə deyə bilərsiz?
- Florensiyada Pulişiçin iştirakıyla yarana hər üçü vəziyyətdə qol vura bilərdik. Qol vurursansa, deməli, düzgün qərar verib hərəkət etmisən. Yox, vurmamısansa... Hər şey nəticədən asılıdı. “Roma” ilə ev oyununun ilk yarım saatında dəhşətli oynadıq, sonra üstünlüyü ələ aldıq. İkinci hissədə 4-5 qol vəziyyətimiz oldu... Bu futboldu. Oyun ərzində gözlənilməz hallar baş verir və belə vəziyyətlərlə barışmalısan. Amma hər oyun fərqlidi. Razıyam ki, ilk dövrədə 8 dəfə hesabda geri düşmüşük. Amma 8 dəfə vəziyyətdən çıxmağı bacarmışıq. Hər şey stəkanı necə görməyinizdən asılıdı: yarı dolu və ya yarı boş. Hər şey mükəmməl olsaydı, futbolda bu, mümkün deyilsə, hər oyun 0:0 hesabıyla nəticələnərdi. Və ya eyni komanda həmişə qalib gələrdi.
- Komandanız böhranlı vəziyyət yaşayır? Leaonun çıxışı haqda fikriniz necədi?
- Mövsüm ərzində tənəzzül adlandıra biləcəyiniz vəziyyət yaranır. Amma bu tənəzzül deyil. Hətta tənəzzül olsa belə, tarazlığı qorumaq lazımdı. Məsələn, bu, mövsümün sabah Komoda bitəcəyi anlamına gəlmir. Tarazlığı, sakitliyi və dözümlülük qabiliyyətini qorumaq lazımdı. “Yuventus”un ilk “4-lük”dən kənarda qalması qəbulolunmaz idi. Amma bu, rəqabətin hökm sürdüyü liqa üçün normal sayılır. Mövsümün sonunda hansısa iddialı komandanın Çempionlar Liqasına yollana bilməməsi normal sayılacaq. Amma fikrimcə, belə halla üzləşməyəcəyik (gülür). Leaoya gəlincə, bu mövsüm çox yaxşı oynayır.
- Mövsümün qalan hissəsində yeni taktikanı sınaya bilərsiz? Məsələn, 4 müdafiəçi ilə oynamağınız mümkündü?
- Bu, bir seçim ola bilər: mən bu barədə düşünürəm. Hər şey vaxtdan və sərəncamımda olan oyunçulardan asılıdı.
- Olimpiadanın açılış mərasimində məşəl daşıyanlardan biri idiniz...
- Bu, mənim üçün gözəl bir təcrübə idi. Tədbirdə çox sayda vətəndaşımız vardı. İdman gözəl sahədi. Bu sahədə də qaydalar, nizam-intizam var. Bu, uşaqların və gənclərin inkişafı, təhsili üçün çox vacibdi. İdman tərbiyə edir, buna görə də uşaqlar idmanla çox məşğul olmalıdılar. Mən xizək sürməyi həqiqətən sevirəm. Fürsət düşəndə xizək sürür və bundan zövq alıram.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью