Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Allergiya həyatın istənilən mərhələsində, hətta yetkinlik dövründə belə qəfil yarana bilər. Araşdırmalar yeni allergiyaların yaranmasına infeksiyalar, hormonal dəyişikliklər, antibiotik istifadəsi və gənə dişləməsi kimi müxtəlif amillərin səbəb ola biləcəyini göstərir.
Qaynarinfo xəbər verir ki, ABŞ-ın Şimal-Qərb Universitetinin Qida Allergiyası və Astma Araşdırma Mərkəzinin direktoru Rüçi Gupta allergiyanın yaranmasında genetikanın yeganə amil olmadığını bildirib.
Mütəxəssislərin diqqət çəkdiyi amillərdən biri COVID-19-dur. 2026-cı ildə aparılan araşdırmaya görə, COVID-19-a yoluxma allergik rinit və astma inkişafı riskinin artması ilə əlaqələndirilib.
Araşdırmanın həmmüəllifi, Karolinska İnstitutunun dermatoloqu Filip Kurman bildirib ki, infeksiya zamanı immun sistemində iltihab həddindən artıq arta bilər.
Mütəxəssislər respirator sinsitial virus və rinovirusun da, xüsusilə uşaqlarda, allergiyanın inkişafına təsir göstərə biləcəyini qeyd edirlər.
Digər mümkün amil antibiotiklərdir. Onların bağırsaq mikrobiomunun balansını pozaraq immun sisteminin fəaliyyətinə təsir göstərə biləcəyi bildirilir.
Hamiləlik və menopoz dövründə baş verən hormonal dəyişikliklər də yeni allergik reaksiyaların yaranmasına səbəb ola bilər. Məsələn, əvvəldən allergiyası olan qadınların təxminən üçdə birində hamiləlikdən sonra simptomların gücləndiyi müşahidə olunub. Bəzi hallarda isə allergiyası olmayan qadınlarda burun tutulması və asqırma kimi əlamətlər yaranır. Bu vəziyyət “hamiləlik riniti” adlanır və əsl allergiyadan fərqli olaraq, müvəqqəti ola bilər.
Allergiyanın daha qeyri-adi səbəblərindən biri isə gənə dişləməsidir. Şimali Amerikada yayılan bəzi gənələrin dişləməsi qırmızı ətə qarşı allergik reaksiyalara səbəb olan “alfa-qal sindromu” ilə əlaqələndirilir.
Gənələrin tüpürcəyində “alfa-qal” adlı şəkər molekulu ola bilər. Gənə dişləməsi zamanı bu maddə ilə təmas immun sisteminin onu təhlükə kimi qəbul etməsinə səbəb ola bilər. Daha sonra qırmızı ət qəbul edildikdə ürtiker, şişkinlik və mədə-bağırsaq problemləri yarana bilər.
ABŞ-da 2017-2022-ci illər arasında 90 mindən çox insana alfa-qal sindromu diaqnozu qoyulduğu bildirilir.
Mütəxəssislərin sözlərinə görə, yeni yaranan allergiya bəzi hallarda qalıcı ola bilər. İmmun sistemi əslində zərərsiz olan maddəni təhlükəli qəbul edir və ona qarşı anticisimlər yaradır:
“İmmun sisteminiz bir maddəni zərərli kimi qəbul edir və həmin maddəyə qarşı anticisimlər istehsal edir. Bundan sonra orqanizminiz həmin maddə ilə hər dəfə təmasda olduqda ona hücum edir”, – Rüçi Gupta izah edib.
Alimlər allergiyanın müalicəsi üçün yeni üsullar, o cümlədən immun sisteminə təsir edən dərmanlar, vaksinlər və allergenləri bloklayan anticisimlər üzərində araşdırmalar aparırlar. Hazırda sonradan yaranan allergiyanı tamamilə aradan qaldıran dəqiq müalicə üsulu olmasa da, bu sahədə yeni yanaşmalar üzərində iş davam edir.
Günay