Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Almaniyadan olan tədqiqatçılar ürək-damar xəstəliklərinin erkən diaqnostikası üçün qeyri-invaziv metod hazırlayıblar. Bu üsul damarlarla bağlı problemləri simptomlar ortaya çıxmamışdan əvvəl müəyyən etməyə imkan verir. Fast-RSOM texnologiyası iynə, kateter və ya digər müdaxilələr olmadan ən xırda qan damarlarını vizuallaşdırır və onların fəaliyyətini qiymətləndirir. Tədqiqatın nəticələri Light: Science & Applications (LS&A) jurnalında dərc olunub.
Metod dərinin mikroskopik damarlarında baş verən incə dəyişiklikləri, xüsusilə də damarların yığılma və genişlənmə qabiliyyətini müəyyən edən endotel funksiyasının pozulmasını qeydə alır. Bu cür pozuntular gələcək ürək-damar xəstəliklərinin ilk əlamətləri hesab olunur, lakin indiyədək onları birbaşa ölçmək demək olar ki, mümkün deyildi. Fast-RSOM simptomlar yaranmazdan əvvəl kapilyarların vəziyyətini qiymətləndirməyə şərait yaradır.
Təcrübələr göstərib ki, bu texnologiya siqaret çəkmə, piylənmə, yüksək qan təzyiqi və digər risk faktorları ilə əlaqəli damar sisteminin zəifləməsini aşkar edə bilir. Riski dolayı yolla qiymətləndirən ənənəvi üsullardan fərqli olaraq, fast-RSOM real vaxt rejimində struktur və funksional dəyişiklikləri birbaşa nümayiş etdirir.
Müəlliflərin fikrincə, cihaz effektiv profilaktika vasitəsinə çevrilə bilər: onun köməyi ilə həkimlər yüksək risk qrupuna daxil olan şəxsləri daha dəqiq müəyyənləşdirə, müalicənin nəticələrini və həyat tərzindəki dəyişikliklərin təsirini izləyə bilərlər. Kompakt ölçüləri və invaziv prosedurların olmaması sayəsində bu metod gələcəkdə adi klinikalarda müntəzəm müayinələr üçün tətbiq oluna bilər.
S.ELAY
XQ