Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 3 fevral, Anara Axundova, AZƏRTAC
2026-cı il fevralın 5-də Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, akademik, tanınmış alim, pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Qara Qarayevin anadan olmasının 108-ci ildönümü qeyd olunacaq.
Bu münasibətlə AZƏRTAC dünyanın müxtəlif ölkələrindən olan musiqiçilər, mədəniyyət və incəsənət xadimləri ilə söhbətlər silsiləsini təqdim edir.
Skripkaçı, Fanni Mendelson Fondunun artisti, pedaqoq və solist Matias Vell (Almaniya) Qara Qarayevin yaradıcılığı ilə bağlı təəssüratlarını bölüşüb.
“Qara Qarayevin musiqisi məndə dərin təəssürat yaradıb. Xüsusilə, onun zəngin, gərgin harmoniyası məni valeh edir və bu, daxili dinamika yaradır. Qarayevin əsərləri dekorativ və ya təcrid olunmuş görünmür. Əksinə, onun əsərlərinə qərq olan dinləyici, heç bir vəchlə onlardan ayrıla bilmir.
Qara Qarayevi tanımazdan əvvəl Azərbaycan mədəniyyəti haqqında az məlumatım vardı. Yalnız onun yaradıcılığını və Azərbaycan folklorunu dinləməklə tədricən bu əsrarəngiz mədəni irsin özünəməxsus xüsusiyyətlərini anlamağa başladım. Bəstəkarın öz əsərlərinə xalq musiqisinin elementlərini - xarakterik ladları, ritmləri və melodik dönüşləri necə daxil etməsi məni heyrətləndirdi. Bu, xüsusilə maraqlıdır, çünki xalq musiqisinin mədəni irs kimi akademik sənət sahəsində yeni bir rezonans qazanmasına imkan verir.
Bundan əlavə, xalq musiqisi ilə bağlı öz təcrübəmə əsaslanaraq, onun bəzi əsərlərində türk və rus xalq musiqisinin elementlərini eşidirəm. Bu cəhət onun əsərlərinə mədəniyyətlərarası rezonans verir”.
Şərq bəstəkarlarının musiqisi avropalı dinləyicilər və musiqiçilər üçün yeni imkanlar açır. Bu, Qərbi Avropa ənənəsindən fərqli qeyri-adi səslər, ayrıca harmonik məntiq və ritmlər dünyasını təqdim edir.
Bir musiqiçi kimi, mən bu cür əsərləri ifa etməkdə çox maraqlıyam, çünki onlar bədii üfüqləri genişləndirir və yeni ifadə vasitələri təklif edir.
Qara Qarayevin musiqisi bu mənada qeyri-adidir. Onun əsərləri Şərqi və Avropanı hiss olunacaq səviyyədə birləşdirir. Bəzi epizodlarda rus bəstəkarlarının, məsələn, Dmitri Şostakoviçin yaradıcılığı ilə oxşarlığı hiss etmək olar, halbuki onun üslubu özünəməxsus və tanınan olaraq qalır”.