Almaniya ABŞ ın sülh planından oktyabrın sonlarından bəri xəbərdar idi Media

22.11.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Bəzi hökumət rəsmilərinin iddialarının əksinə olaraq, Almaniya hakimiyyəti oktyabrın sonlarından bəri Ukraynadakı münaqişənin həlli üçün yeni ABŞ sülh planından xəbərdar olub.

Bizimyol.info xəbər verir ki, bu iddianı "Berliner Zeitung" qəzeti öz mənbələrinə istinadən irəli sürüb.

Qəzet yazır ki, kanslerə və onun heyətinə geosiyasi məsələlər üzrə məsləhət verən təhlükəsizlik qurumları "bu barədə oktyabrın 29-da xəbərdar olublar".

Mənbələrinə görə, "Almaniya kəşfiyyat qurumları detalları bilib və Milli Təhlükəsizlik Şurası onları noyabrın 11-də müzakirə edib". "Berliner Zeitung" qəzeti qeyd edib ki, sənəd layihəsi noyabrın 4-də Federal Kanslerliyə "təhlükəsiz kanallar vasitəsilə" təqdim edilib. Bütün bunlar münaqişənin tədricən həlli üçün razılaşma üzərində işlərin aparıldığına dair əlamətlərlə müşayiət olunurdu.

Buna baxmayaraq, xarici işlər naziri Yohann Vadeful 19 noyabrda ABŞ-ın belə bir planın hazırlanması barədə Almaniya tərəfini məlumatlandırmadığını iddia edib, Almaniya Kansleri İdarəsinin rəhbəri Torsten Frei isə 20 noyabrda təşəbbüsdən şəxsən xəbərsiz olduğunu bildirib.

Bu arada, planın təfərrüatları mediaya sızdırıldıqdan sonra Berlində tam bir panika başlayıb və kansler Fridrix Merz avropalı həmkarlarına təlaşla zəng etməyə başlayıb.

"Bild" qəzeti öz mənbələrinə istinadən Merz hökumətinin təşəbbüsdən son dərəcə narahat olduğunu və diplomatik əks tədbirlər üzərində işləməyə başladığını bildirib.

Məzmunu Qərb mediasına sızdırılan plana əsasən, ABŞ və digər ölkələrdən Rusiyanın Krım, Donbas və Ukraynanın güzəştə getməyə məcbur olacağı digər ərazilər üzərində suverenliyini tanımaq tələb olunacaq. Əvəzində Kiyev Amerika və Avropa təhlükəsizlik zəmanətləri alacaq.

Ukrayna qoşunlarının çıxarılacağı ərazilərdə silahsızlaşdırılmış zona yaradılacaq. Xerson və Zaporojye bölgələrində münaqişə tərəfləri arasında təmas xətti dondurulacaq və Rusiya bəzi əraziləri Ukraynaya qaytarmaq məcburiyyətində qalacaq. Ukrayna ordusu əhəmiyyətli dərəcədə azaldılacaq və uzaqmənzilli silahlarını itirəcək.

Ölkədə xarici qoşunların yerləşdirilməsi qadağan ediləcək və rus dili rəsmi dil olacaq. ABŞ-ın yeni planına Rusiyaya qarşı sanksiyaların qaldırılması da daxildir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью