Almaniyada dönər izdihamı VİDEO

11.11.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniyanın Dortmund şəhərində yeni açılan dönər dükanının təşkil etdiyi 1 avroluq kampaniya izdihama səbəb olub.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, ucuz dönər almaq istəyən yüzlərlə insan müəssisənin qarşısına toplaşıb.

Müəssisə açılış günü dönərin cəmi 1 avroya, təxminən 1 manat 90 qəpiyə satılacağını elan edib.

Lakin kampaniya sahibkarın gözlədiyindən daha böyük marağa səbəb olub. Yüzlərlə insan dönər almaq üçün dükanın qarşısında növbəyə düzülüb. İzdiham artdıqca gərginlik də yüksəlib.

Marağın izdihama çevrilməsi və vəziyyətin nəzarətdən çıxması ilə əlaqədar müəssisənin sahibi polis əməkdaşlarından kömək istəyib.

Helikopter dəstəyi ilə hadisə yerinə təxminən 100 polis əməkdaşı göndərilib. 1 avroya dönər almaq istəyən müştərilərlə polis arasında qarşıdurma baş verib. Polis rəsmilərinin məlumatına görə, bəzi şəxslər əməkdaşlara şüşə, daş və stul atıblar. Hadisə zamanı çoxsaylı şəxslər saxlanılıb.

Müəssisənin sahibi izdihamın təxminən 1000 nəfərə çatdığını bildirsə də, polis hadisə yerində 300 nəfərin olduğunu açıqlayıb.

Qeyd edək ki, dönər Almaniyada ən çox istehlak edilən yeməklər sırasındadır. Ölkədə bir porsiya dönərin qiyməti 7,5-9 avro arasında dəyişir. Son altı ildə dönərin qiyməti iki dəfədən çox artıb.

Murad İsmayıl

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью