Almaniyada dünyanın ən böyük mikrosxem zavodu açıldı

06.07.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

"Infineon Technologies" şirkəti Almaniyanın Drezden şəhərində "Smart Power Fab" zavodunu nəzərdə tutulan vaxtdan bir neçə ay əvvəl istifadəyə verib. Bu müəssisə intellektual güc yarımkeçiriciləri, həmçinin analoq və qarışıq mikrosxemlərin istehsalı üzrə dünyanın ən böyük istehsalat sahəsinə çevrilib. Layihəyə yatırılan ümumi investisiya həcmi 5 milyard avro təşkil edib ki, bu da şirkətin bütün tarixi ərzində etdiyi ən böyük kapital qoyuluşudur. Yeni zavod 1000-ə yaxın iş yeri yaradaraq "Infineon"un Drezdendəki istehsal gücünü iki dəfə artıracaq.

Zavodun inşası zamanı istehsalı idarə etmək üçün ən müasir rəqəmsal alətlər tətbiq edilib. Hələ tikinti başlamamışdan əvvəl mühəndislər müəssisənin "rəqəmsal əkizini" yaradaraq binanın planlaşdırılmasını və avadanlıqların yerləşdirilməsini maksimum optimallaşdırıblar. İstehsal proseslərinin attestasiyası və məhsul buraxılışının planlaşdırılması üçün süni intellekt texnologiyalarından istifadə olunur. Şirkətin hesablamalarına görə, bu yanaşma yeni istehsal xətlərinin tam gücü ilə işə düşməsini əvvəlki nəsillərlə müqayisədə təxminən iki dəfə sürətləndirir.

Drezden zavodu "One Virtual Fab" proqramı çərçivəsində şirkətin Avstriyanın Fillax şəhərindəki müəssisəsi ilə də inteqrasiya olunub. Vahid rəqəmsal infrastruktur sayəsində mühəndislər yeni məhsulları və texnoloji prosesləri eyni vaxtda hər iki zavodda daha tez sertifikatlaşdıra bilirlər. Məhsulun hazırlanması ilə kütləvi istehsalı arasındakı müddətin qısaldılması xüsusilə elektrik enerjisinə tələbatın sürətlə artdığı və süni intellekt infrastrukturunun genişləndiyi indiki şəraitdə müstəsna əhəmiyyət daşıyır.

Yeni müəssisədə istehsal olunan mikrosxemlər elektrik enerjisi axınlarının daha səmərəli idarə edilməsi üçün nəzərdə tutulub. Məhsulların bir qismi süni intellekt mərkəzlərinin enerji təminatında istifadə ediləcək. Digər hissəsi isə külək və günəş enerjisi sistemlərində, sənaye avadanlıqlarında, müasir elektrik şəbəkələrində və proqram təminatı ilə idarə olunan avtomobillərdə tətbiqini tapacaq. İntellektual güc açarları təkcə elektrik yüklərini idarə etməyəcək, həm də real vaxt rejimində enerji təchizatı parametrlərinə nəzarət edərək elektron sistemlərin ümumi səmərəliliyini xeyli artıracaq.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью