Icma.az bildirir, Marja.az portalına istinadən.
Almaniyada son dövrdə iqtisadiyyatda müsbət siqnalların artmasına baxmayaraq, əmək bazarındakı durğunluğun davam etməsi nəticəsində avqust ayında işsizlərin sayı 3 milyon nəfər həddinin üzərində qalıb.
Marja xəbər verir ki, Almaniya Federal Məşğulluq Agentliyi (BA) avqust ayı üzrə işsizlik göstəricilərini açıqlayıb.
Məlumata görə, ölkədə işsizlərin sayı avqust ayında əvvəlki ayla müqayisədə 54 min nəfər, ötən ilin eyni dövrü ilə müqayisədə isə 36 min nəfər artaraq 3 milyon 61 min nəfərə çatıb.
Almaniyada iyul ayında 6,4% olan işsizlik səviyyəsi avqustda 6,5%-ə yüksəlib.
Federal Məşğulluq Agentliyinin rəhbəri Andrea Nahles bildirib ki, əmək bazarında son aylarda müşahidə olunan zəif dinamika davam edir.
“Əmək bazarı avqust ayında ənənəvi mövsümi təsirləri aşan nəzərəçarpacaq dinamika nümayiş etdirməyib”, – Andrea Nahles qeyd edib.
Almaniyada işsizlərin sayı yay tətili dövrünün başlaması ilə əlaqədar iyul ayında aprel ayından bəri ilk dəfə 3 milyon nəfər həddini ötmüşdü.
Ekspertlər iyul ayından etibarən işsizliyin davamlı artmasını təkcə mövsümi amillərlə deyil, həm də iqtisadiyyatdakı dövri zəifliklə əlaqələndirirlər.
Bununla yanaşı, son dövrdə Almaniya iqtisadiyyatında artan iqtisadi böyümə siqnallarının qarşıdakı dövrdə əmək bazarına müsbət təsir göstərə biləcəyi proqnozlaşdırılır.