Almaniyada Kansler Fridrix Mertsin və hökumətin reytinqi artmaqdadır

25.01.2026

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Almaniyada keçirilən son rəy sorğusu vətəndaşların Federal Kansler Fridrix Mertsin və onun rəhbərlik etdiyi koalisiya hökumətinin reytinqinin müsbət istiqamətdə dəyişdiyini göstərib.

AZƏRTAC xəbər verir ki, “Insa” institutunun “Bild am Sonntag” qəzeti üçün keçirdiyi rəy sorğusuna əsasən, respondentlərin 28 faizi Kansler Fridrix Mertsin fəaliyyətindən məmnun olduğunu bildirib. Bu göstərici iki həftə əvvəlki sorğu ilə müqayisədə 4 faiz çoxdur. Sorğuda iştirak edənlərin 62 faizi isə Kanslerin fəaliyyətindən narazı olduğunu qeyd edib ki, bu da əvvəlki nəticədən 5 faiz bəndi azdır.

Sorğu nəticələrinə görə, federal hökumətin fəaliyyətinə dair məmnunluq səviyyəsində də artım müşahidə olunur. Respondentlərin 25 faizi hökumətin işindən razı olduğunu bildirib. Bu göstərici əvvəlki sorğu ilə müqayisədə 3 faiz çoxdur. Eyni zamanda, vətəndaşların 66 faizi hökumətin fəaliyyətindən narazıdır.

Rəy sorğusunun nəticələri göstərir ki, əgər hazırda seçki keçirilərsə Almaniya üçün Alternativ (AfD) partiyası 26 faizlə birinci yerdə qərarlaşardı. Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı bloku 25 faiz, Sosial-Demokrat Partiyası (SPD) 15 faiz səs toplayardı. Yaşıllar Partiyasının reytinqi 11 faiz, Sol Partiya isə 10 faiz göstəriciyə sahibdir. Sahra Vaqenknext İttifaqı (BSW) və Azad Demokrat Partiyasının (FDP) hər birinı rəyi soruşulanların 4 faizi səs verib. Digər partiyalar ümumilikdə respondentlərin 5 faizinin səsini alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью