Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 28 yanvar, AZƏRTAC
Hazırda Almaniyada “kölgə iqtisadiyyatı” adlandırılan sahənin həcmi 500 milyard avrodan çoxdur. Bunun əsas səbəblərindən biri əlverişsiz iqtisadi vəziyyətdir.
AZƏRTAC “Tagesschau” xəbər portalına istinadla xəbər verir ki, Almaniyada mövcud mürəkkəb iqtisadi şəraitdə qeydiyyatsız, hətta qanunsuz fəaliyyət növlərinin sayı artır. Tədqiqatın nəticələrinə görə, ötən il rəsmi ümumi daxili məhsulda (ÜDM) kölgə iqtisadiyyatının payı 11,6 faizə yüksəlib. Bu, son on ildən artıq müddətdə ən yüksək göstəricidir.
Lints Universitetinin maliyyə iqtisadçısı Fridrix Şnayderin və Tübingen şəhərində yerləşən Tətbiqi İqtisadi Araşdırmalar İnstitutunun qiymətləndirmələrinə əsasən, kölgə iqtisadiyyatının ümumi həcmi 510 milyard avro təşkil edir. Bu ilin sonunda həmin göstəricinin 5,5 faiz artaraq 538 milyard avroya çatacağı gözlənilir.
Tədqiqatçıların fikrincə, əsas səbəb Almaniya iqtisadiyyatında artımın zəif olması və işsizliyin yüksəlməsidir ki, bu da rəsmi məşğulluğu daha az cəlbedici edir və qeydiyyatsız və ya qeyri-leqal işləmək üçün stimul yaradır. Nəticədə, 2026-cı ilədək kölgə iqtisadiyyatı real ifadədə 9,5 milyard avro artacaq.
Almaniyada kölgə iqtisadiyyatının artımı 20 ən böyük sənayeləşmiş ölkə üzrə orta göstəricidən üç dəfə yüksəkdir.
Tədqiqatın müəllifləri proqnozlaşdırırlar ki, 2026-cı ildə Yunanıstanda kölgə iqtisadiyyatının səviyyəsi ən yüksək olacaq və ÜDM-in 21,6 faizini təşkil edəcək. Ən aşağı göstərici isə 5,3 faiz göstərici ilə İsveçrədə qeydə alınacaq.