Almaniyada minimum əməkhaqqının artırılması barədə razılıq əldə olunub

27.06.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Berlin, 27 iyun, AZƏRTAC

Almaniyada minimum əməkhaqqı 2027-ci ilə qədər mərhələli şəkildə artırılacaq.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Minimum Əməkhaqqı Komissiyasının açıqladığı məlumata əsasən, minimum əməkhaqqının 2026-cı ilin əvvəlindən saatda 13,90 avroya, 2027-ci il yanvarın 1-dən isə 14,6 avroya çatdırılması nəzərdə tutulur. Bunun üçün qərar Almaniyanın Əmək və Sosial İşlər Nazirliyi tərəfindən hüquqi qüvvəyə minməlidir.

Hazırda minimum əmək haqqı saatda 12,82 avrodur. Minimum Əməkhaqqı Komissiyası hər iki ildən bir bu məbləğin yenilənməsi barədə qərar qəbul edir. Komissiyada həmkarlar ittifaqları və işəgötürənlərin yüksək səviyyəli nümayəndələri birlikdə danışıqlar aparırlar. Qəbul olunan qərar federal hökumətin xüsusi qərarı ilə qüvvəyə minir.

Bu qərar ictimaiyyətin, xüsusilə Sosial Demokrat Partiyasının (SPD) seçki kampaniyası zamanı irəli sürdüyü 15 avroluq minimum əmək haqqı tələbi fonunda aparılan gərgin danışıqlar nəticəsində əldə olunub. Almaniyada minimum əməkhaqqı ilk dəfə Angela Merkelin kanslerliyi dövründə - 2015-ci ildə tətbiq edilib. 2022-ci ilin oktyabrında isə ölkədə bu göstərici istisna hal kimi komissiya tərəfindən deyil, federal qanunverici orqan tərəfindən artırılaraq 12 avro müəyyən olunub. Həmin qərar o dövrdə SPD-nin kanslerliyə namizədi Olaf Şoltsun seçki vədlərinin əsas hissəsini təşkil edirdi.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью