Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Almaniyada miqrantlar üçün alman dili üzrə B1 səviyyəli imtahanın keçirilməsi qaydaları sərtləşdiriləcək. Yeni tənzimləmə noyabrın 1-dən qüvvəyə minəcək.
AZƏRTAC xəbər verir ki, Almaniyanın Daxili İşlər Nazirliyi imtahanlarda saxtakarlıq hallarının qarşısını almaq məqsədilə dəyişikliklərə qərar verib. Yeni qaydalara əsasən, imtahanın bütün bölmələri eyni dərəcədə qiymətləndiriləcək. Namizədlərdən yalnız dinləmə və oxu tapşırıqlarını yerinə yetirmək, eləcə də şifahi imtahandan keçmək deyil, yazılı alman dili üzrə də minimum tələbləri ödəmək tələb olunacaq.
Qeyd edək ki, indiyədək digər bölmələrdən uğurla keçən namizədlər yazı hissəsini boş qoyduqları halda belə imtahandan keçə bilirdilər. Nazirlik dəyişiklikləri imtahan suallarının və cavablarının qanunsuz əldə edilməsi hallarının artması ilə əsaslandırıb.
Ötən il Almaniyada 318 min 550 miqrant alman dili imtahanında iştirak edib. Onların 55 faizi B1, 32,2 faizi A2 səviyyəsinə çatıb, 12,8 faizi isə A2 səviyyəsindən aşağı nəticə göstərib.