Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniya məhkəməsi özünü Hitlerə bənzədən Hollandiya vətəndaşı Stefan Veykampa nifrət qızışdırdığına görə səkkiz aylıq şərti həbs cəzası verib.
Teleqraf xəbər verir ki o həmçinin Şimali Reyn-Vestfaliya əyalətinin dövlət büdcəsinə 1000 avro ödəməlidir.
Qərar 27 noyabrda Münster Rayon Məhkəməsi tərəfindən qəbul edilib. Buna səbəb Veykampın 2025-ci ilin iyul ayında şəhərdə keçirilən neonasist mitinqi zamanı verdiyi müsahibə olub. Həmin şəxs Adolf Hitleri açıq şəkildə tərifləyərək onu "dahi" və "dünyada tayı-bərabəri olmayan bir möcüzə" adlandırıb.
Veykamp müsahibəsində bildirib ki Almaniyaya olan sevgisi Adolf Hitlerə görədir.
Almaniyanın ictimai yayımçısı WDR-in məlumatına görə, məhkəmə təqsirləndirilən şəxsin ictimai çıxışları ilə nasist rejiminin qurbanlarının ləyaqətini alçaltdığını və ictimai asayişi pozduğunu hesab edib. Hakim söz azadlığının məhdudiyyətlərinin olduğunu və bu məhdudiyyətlərin bu işdə pozulduğunu vurğulayıb.
Saç düzümü və Hitleri xatırladan nazik bığları ilə ictimaiyyət qarşısına çıxan Veykamp məhkəmə zamanı çıxışlarını müdafiə edib.
Son ifadəsində o, yenidən nasist liderinə heyranlığını bildirdi. Müdafiə tərəfi təqsirləndirilən şəxsin bəraət almasını istəyib.
Məhkəmə Veykampa üç il şərti azadlıqda olmaqla səkkiz ay həbs cəzası verib.