Almaniyada regional futbol liqası matçında azarkeşlər arasında davada 79 nəfər xəsarət alıb AZƏRTAC

01.12.2024

Icma.az bildirir, Azertag portalına istinadən.

Berlin, 1 dekabr, AZƏRTAC

Almaniyada regional futbol liqasında ötən gün oynanılan “Karl Zeiss Yena” – “Chemie Leipzig” (5:0) qarşılaşmasından sonra baş verən kütləvi davada 79 nəfər xəsarət alıb.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, hələ oyundan əvvəl 350-dək azarkeş şəhərdə icazəsiz aksiya keçirib. Lakin polis gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edərək bu aksiyanın qarşısını alıb.

Ümumilikdə 7 mindən çox azarkeşin izlədiyi matçda final fitindən sonra tərəfdarlar arasında qarşıdurma baş verib. Polis kütləvi davanın qarşısını almaq üçün yenidən gözyaşardıcı qaz və dəyənəklərdən istifadə etməli olub. Şiddətli qarşıdurma nəticəsində stadiona xeyli ziyan dəyib. Xəsarət alan 79 nəfərin 10-u polis əməkdaşı, 64-ü isə azarkeşdir.

Qarşıdurma ilə əlaqədar Yena Əyalət Polis İdarəsində araşdırma aparılır, ümumilikdə 40 protokol tərtib edilib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью