Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Almaniyada sifilisə yoluxma hallarının sayı rekord həddə çatıb. Ötən il ölkədə 9 700-ə yaxın yoluxma halı qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Bild" qəzeti Almaniya Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Robert Kox İnstitutuna (RKI) istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, 2025-ci ildə Robert Kox İnstitutuna 9 699 yoluxma halı barədə məlumat daxil olub. Bu göstərici 2024-cü illə müqayisədə (9 519 hal) təxminən 1.9% çoxdur.
Qəzet qeyd edir ki, əvvəlki illərdə olduğu kimi, yoluxanların əksəriyyətini kişilər təşkil edir. Bununla belə, həkimlər infeksiyanın ötürülmə yollarında dəyişikliklərin baş verdiyinə diqqət çəkirlər.
Belə ki, kişilərlə cinsi əlaqədə olan kişilər arasında yoluxma hallarının azalması fonunda heteroseksual əlaqə yolu ilə yoluxma halları davamlı olaraq artır.
Bundan əlavə, yoluxanlar arasında qadınların payı da yüksəlib. 2025-ci ildə bu göstərici 9.2%-ə çataraq əvvəlki illərin səviyyəsini ötüb.
Əhalinin hər 100 min nəfərinə düşən yoluxma hallarının ən yüksək göstəriciləri Berlində (38.5) və Hamburqda (34.7) qeydə alınıb. Bremen şəhərində (16.9) və Hessen federal torpağında (12.7) da göstəricilər Almaniya üzrə orta səviyyədən yüksək olub.
Almaniyada sifilisin yayılması ilə bağlı sistemli monitorinq 2001-ci ildən aparılır. 2008-ci ilədək hər il təxminən dörd min yoluxma halı qeydə alınırdısa, sonrakı illərdə bu göstərici davamlı olaraq artıb.
Yalnız COVID-19 pandemiyası dövründə - 2020-2021-ci illərdə yoluxma sayında azalma müşahidə olunub. Lakin 2022-ci ildən etibarən artım yenidən başlayıb.