Almaniyada təhsil aldı, Qərblə qarşıdurmaya getdi Gürcüstan SPİKERİ

11.11.2026

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkənin siyasi həyatında son illərdə ön plana çıxan simalardandır. Hüquqşünas, alim, universitet müəllimi və Almaniyanın beynəlxalq əməkdaşlıq qurumunda uzun illər çalışmış mütəxəssis olan Papuaşvili siyasətə nisbətən gec gəlsə də, qısa müddətdə parlamentin rəhbərliyinə yüksəlib. Onun bioqrafiyasında Almaniya illəri, ailəsindən miras qalan torpaqlar, üzümçülük və şərabçılıq fəaliyyəti, eləcə də Gürcüstanın Qərblə münasibətlərindəki mübahisəli mövqeyi diqqət çəkir.

Modern.az saytının “Spikerlər” rubrikasında növbəti yazı gürcü parlamentar barəsindədir.
Almaniyada təhsil aldı, hüquq elmləri doktoru oldu

Şalva Papuaşvili 1976-cı il yanvarın 26-da Tbilisidə anadan olub. Hazırda 50 yaşı olan siyasətçi ali təhsilini Gürcüstanda və Almaniyada alıb.
O, 1998-ci ildə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. Elə həmin ildən Almaniyanın Saarland Universitetində təhsilini davam etdirib. Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüdü ilə oxuyan gürcüstanlı siyasətçi 1999-cu ildə hüquq üzrə magistr, 2002-ci ildə isə doktorluq dərəcəsi alıb.

Ş.Papuaşvilinin Almaniya ilə əlaqəsi yalnız təhsillə bitməyib. O, 2000-2001-ci illərdə Almaniyadakı bir hüquq şirkətində vəkil köməkçisi kimi çalışıb. Daha sonra Gürcüstana qayıdaraq beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətə başlayıb.


17 il Almaniya təşkilatında çalışdı

Şalva Papuaşvilinin bioqrafiyasındakı ən diqqətçəkən məqamlardan biri Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətində (GIZ) uzunmüddətli fəaliyyətidir.

O, 2003-cü ildən etibarən bu təşkilatın Gürcüstandakı hüquq proqramlarında çalışıb. Əvvəlcə hüquq eksperti, sonralar qrup rəhbəri, proqram rəhbərinin müavini vəzifələrini tutub. 2017-2020-ci illərdə isə GIZ-in Gürcüstan üzrə komandasına rəhbərlik edib.

Bu müddətdə onun işi hüquqi islahatlar, hüquq sisteminin inkişafı və Cənubi Qafqazda əməkdaşlıq istiqamətləri ilə bağlı olub.

Ş.Papuaşvili akademik fəaliyyətlə də məşğul olub. 2012-ci ildən müxtəlif universitetlərdə mühazirələr oxuyub, Qafqaz Universitetində və İlia Dövlət Universitetində hüquq fakültəsinin dosenti kimi çalışıb.

O, hüquq sahəsində bir sıra elmi nəşrlərin həmmüəllifidir. Bunların arasında 2014-cü ildə nəşr olunmuş 545 səhifəlik alman-gürcü-alman hüquq lüğəti də var.

Siyasətə 44 yaşında gəldi

Şalva Papuaşvilinin siyasi karyerası uzun illər davam edən akademik və beynəlxalq fəaliyyətindən sonra başlayıb.

2020-ci ildə hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının siyahısı ilə parlamentə deputat seçilib. Əvvəlcə Təhsil, Elm və Mədəniyyət komitəsində fəaliyyət göstərib, daha sonra Təhsil və Elm komitəsinin sədri olub.

2021-ci ilin martında hakim partiyanın ictimaiyyətlə əlaqələr katibi təyin edilib.

Həmin il dekabrın 29-da isə Gürcüstan parlamentinin sədri seçilib. 45 yaşında parlament rəhbərliyinə yüksələn Papuaşvilinin namizədliyini 88 deputat dəstəkləyib, 1 deputat əleyhinə səs verib.

Şalva Papuaşvili 2024-cü il parlament seçkilərindən sonra da bu vəzifəni qoruyub.


Babasından qalan torpaqlar

Şalva Papuaşvilinin şəxsi həyatı və əmlakı ilə bağlı Gürcüstan mediasında diqqət çəkən mövzulardan biri də Sığnaği bələdiyyəsindəki torpaqlarıdır.

Onun babasından miras qalan torpaqlarla bağlı 2023-2024-cü illərdə mediada araşdırmalar dərc olunub. Məsələnin diqqət çəkən tərəfi bəzi torpaq sahələrinin bir lariyə rəsmiləşdirilməsi idi.

2026-cı il yanvarın 31-də Papuaşvili bu məsələ ilə bağlı açıqlama verərək iddiaları təkzib edib.

Parlament sədri bildirib ki, söhbət dövlətin ona bir lariyə torpaq satmasından getmir. Onun sözlərinə görə, torpaqlar babasından qalıb və əmisi oğlu ilə birlikdə istifadə etdikləri əmlakın hüquqi rəsmiləşdirilməsi zamanı simvolik məbləğdən istifadə olunub.

Ş.Papuaşvili babasının 2003-cü ildə vəfat etdiyini, torpaqların ona və əmisi oğluna miras qaldığını bildirib. Spikerin sözlərinə görə, ailə uzun müddət həmin torpaqlarda təsərrüfatla məşğul olub, əkinçilik edib və üzüm yetişdirərək şərab hazırlayıb.

Siyasətçi parlamentə gəlməzdən əvvəl əmlakını rəsmi şəkildə bəyan etmək və hüquqi vəziyyəti qaydaya salmaq istədiyini deyib.

Şalva Papuaşvilinin həyat yoldaşı Qvantsa Sutidzedir. Cütlük 2012-ci ildə ailə qurub. Onların Yelena və Aleksandr adlı iki övladı var.

Qvantsa Sutidze Tbilisi Dövlət Universitetində çalışır. Gürcüstan mediasının yaydığı məlumatlarda Papuaşvilinin ailə həyatı ilə bağlı maraqlı detallar yer alıb.

Gürcüstan azərbaycanlıları ilə münasibətlər


Şalva Papuaşvilinin rəhbərlik etdiyi ölkənin əhalisi çoxmillətli tərkibə malikdir. Gürcüstanda yaşayan azərbaycanlılar say baxımından ölkənin ən böyük etnik azlığını təşkil edirlər.

2014-cü il siyahıyaalınmasının nəticələrinə əsasən, Gürcüstanda 233 mindən çox azərbaycanlı yaşayırdı. Onların böyük hissəsi Kvemo Kartli bölgəsində, xüsusilə Marneuli, Bolnisi, Dmanisi və Qardabani rayonlarında məskunlaşıb.

Papuaşvili azərbaycanlı icması ilə əlaqələrdə də görünən siyasi simalardandır.

2025-ci il martın 21-də Gürcüstan parlamentinin sədri Novruz bayramını Marneulidə qeyd edib. Tədbirdə Gürcüstanın baş naziri İrakli Kobaxidze və prezident Mixeil Kavelaşvili də iştirak ediblər.

Ş.Papuaşvili çıxışında Novruzun çoxmillətli Gürcüstan cəmiyyətində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, müxtəlif xalqlar və dinlər arasında birliyi möhkəmləndirən bayram kimi səciyyələndirib.

Azərbaycanla dövlətlərarası münasibətlərə gəlincə, Papuaşvili bu əlaqələrin inkişafına dair dəfələrlə açıqlamalar verib.

Qərblə münasibətlərdə mübahisəli mövqeyi

Şalva Papuaşvilinin siyasi fəaliyyətində ən çox müzakirə olunan məsələlərdən biri Gürcüstanın Qərblə münasibətləri və xarici təsir qanunu ətrafında yaranan qarşıdurmadır.

2024-cü ildə Gürcüstanda xaricdən maliyyələşən təşkilatlarla bağlı qanun layihəsi böyük etirazlara səbəb oldu. Tənqidçilər sənədi Rusiyanın xarici agentlər qanunvericiliyinə bənzədərək “Rusiya qanunu” adlandırırdılar. Hakimiyyət isə qanunun şəffaflığı təmin etmək məqsədi daşıdığını bildirirdi.

Parlamentdə qanun layihəsinin qəbulundan sonra prezident Salome Zurabişvili ona veto qoydu. Lakin parlament vetonu dəf etdi və 2024-cü il iyunun 3-də Papuaşvili qanunu imzaladı.

Bu qərar Gürcüstanın Avropa İttifaqı ilə münasibətlərində ciddi gərginlik yaratdı. Avropa İttifaqı, ABŞ və Böyük Britaniya qanunu tənqid edən tərəflər arasında idi.


Maraqlıdır ki, Almaniyada təhsil almış, uzun illər Almaniya beynəlxalq əməkdaşlıq qurumunda çalışmış Papuaşvili sonradan Qərb dövlətlərinin və beynəlxalq təşkilatların Gürcüstanın daxili işlərinə müdaxilə etdiyini bildirən çıxışları ilə də gündəmə gəldi.

2025-ci ilin martında o, beynəlxalq təşkilatları və bir sıra Qərb diplomatlarını Gürcüstanın siyasi və məhkəmə proseslərinə müdaxilədə ittiham etmişdi.

Hakimiyyətin bu mövqeyi müxalifət və Qərb tərəfdaşları tərəfindən tənqid olunur. Gürcüstan hakimiyyəti isə ölkənin suverenliyinin və milli maraqlarının qorunmasını əsas gətirir.

Çinə səfəri də diqqət çəkdi

Ş.Papuaşvilinin son illərdəki xarici siyasət fəaliyyətində Çin istiqaməti də xüsusi yer tutur.

2026-cı il mayın 18-də o, Çin parlamentinin rəhbəri Zhao Leji ilə görüşüb. Gürcüstan parlamentinin məlumatına görə, bu, son 20 ildə Gürcüstan parlament sədrinin Çinə ilk səfəri olub.

Görüşdə ticarət, iqtisadiyyat, turizm, müasir texnologiyalar, təhsil və nəqliyyat dəhlizləri müzakirə edilib. Papuaşvili Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb.

A.Qorxmaz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью