Almaniyada yol nəqliyyat hadisələri nəticəsində ölən hər altı nəfərdən biri velosipedçidir

26.04.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Berlin, 26 aprel, AZƏRTAC

Ötən il Almaniyada yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 16 faizi, yəni, ölən hər altı nəfərdən biri velosipedçilər olub. İl ərzində 441 velosipedçi qəzalarda həyatını itirib. Xüsusilə yaşlı insanlar və e-bike istifadəçiləri tez-tez qəzaların qurbanı olurlar.

AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya Statistika İdarəsinin yol-nəqliyyat hadisələri ilə bağlı məlumatında qeyd edilib.

Statistikaya əsasən, velosiped sürənlər üçün ən böyük təhlükə avtomobillərdir. Belə ki, 92 min 882 nəfərin xəsarət aldığı velosiped qəzalarının 70,7 faizi avtomobillərlə toqquşmalar nəticəsində baş verib. Həmin qəzaların 75,3 faizinə avtomobil sürücüləri səbəb olub. Qəzalarda ölənlərin 43,5 faizi (192 nəfər) elektrikli velosiped sürənlər, üçdə ikisi 65-dən yuxarı yaş qrupuna aiddir.

Yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin ümumi sayı azalaraq 2024-cü ildə 2 min 759 nəfər olub. Bu, 2014-cü illə müqayisədə 18,3 faiz azdır. Buna baxmayaraq, ölümlə nəticələnən velosiped qəzalarının sayı on il əvvəlkindən 11,4 faiz çox olub.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью