Icma.az bildirir, Bakupost portalına istinadən.
Almaniya kansleri Fridrix Merts bildirib ki, Avropa yeni “böyük güclər dövründə” ayaqda qalmaq üçün artıq yalnız dəyərlərə deyil, real gücə də söykənməlidir.
Bakupost.az xəbər verir ki, bu barədə nüfuzlu Politico saytı məlumat yayıb.
Bundestaqda çıxışı zamanı Merts vurğulayıb ki, Avropa beynəlxalq siyasətdə təsirini qorumaq istəyirsə, “sərt gücün məntiqini” qəbul etməlidir.
“Biz dünyada öz ideyalarımızı yalnız o halda həyata keçirə bilərik ki, güc siyasətinin dilində danışmağı öyrənək və real Avropa gücünə çevrilək”, – deyə kansler bildirib.
Onun sözlərinə görə, ABŞ-ın mövqeyində baş verən dəyişikliklər və böyük dövlətlər arasında rəqabətin kəskinləşməsi Avropanı yeni reallıqlarla üz-üzə qoyur.
Merts ötən həftə Davosda da çıxış edərək ABŞ-ın dəyişən siyasətindən və “güc üzərində qurulan yeni dünya nizamından” danışmışdı. O, Avropanın həm hərbi, həm də iqtisadi baxımdan daha müstəqil olmasının vacibliyini vurğulayıb.
Trampa cavab
Almaniya kansleri ABŞ Prezidenti Donald Trampın NATO ölkələrinin Əfqanıstandakı rolunu kiçiltməsinə də sərt reaksiya verib.
Xatırladaq ki, Tramp ötən həftə alyans üzvlərinin Əfqanıstan müharibəsində “kənarda qaldığını” demişdi. Bu açıqlama Avropada narazılıq doğurmuşdu.
Merts bildirib ki, Almaniya bu missiyada ABŞ-la birlikdə iştirak edib və bunun gözdən salınmasına yol verməyəcək:
“59 alman əsgəri bu missiya zamanı həyatını itirib. Biz onların xidmətinin dəyərsizləşdirilməsinə imkan verməyəcəyik”.
ABŞ-la münasibətlər və müstəqillik planı
Buna baxmayaraq, Merts transatlantik münasibətlərin tam pozulmasını da istəmədiyini deyib.
Onun sözlərinə görə, ABŞ-la əməkdaşlıq hələ də Avropa üçün vacibdir və bu əlaqələr düşünülməmiş addımlarla riskə atılmamalıdır.
Eyni zamanda kansler Almaniyanın hərbi baxımdan ABŞ-dan asılılığını azaltmaq niyyətindədir. O, hakimiyyətə gəldikdən sonra Avropanın ən güclü konvensional ordusunu qurmaq planını açıqlamışdı.
Merts hesab edir ki, Avropa gələcəkdə təhlükəsizliyini yalnız Vaşinqtona bağlaya bilməz və öz müdafiə potensialını gücləndirməlidir.