Almaniyanın iki əyalətində seçkilər keçirilir

20.09.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Berlin, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də Almaniyanın iki federal əyalətində - paytaxt Berlində və Meklenburq-Ön Pomeraniyada parlament seçkiləri keçirilir.

AZƏRTAC xəbər verir ki, seçicilər Berlində yerli qanunverici orqan olan Deputatlar Evinə, Meklenburq-Ön Pomeraniyada isə əyalət parlamentinə səs verirlər.

Berlində yerli vaxtla saat 08:00-dan etibarən 2,5 mindən çox seçki məntəqəsi səsvermə üçün açılıb. Paytaxtda təxminən 2,5 milyon nəfər səsvermə hüququna malikdir. Bu seçkilərin diqqətçəkən məqamlarından biri də Berlin Deputatlar Evinə seçkilərdə ilk dəfə olaraq 16 yaşı tamam olmuş gənclərin də səsvermədə iştirak edə bilmələridir.

Seçkiöncəsi keçirilən son rəy sorğusunun nəticələrinə əsasən, Berlində kəskin mübarizə gözlənilir. Sorğuya görə, Sol Partiya (Die Linke) 21 faiz səslə birinci sıradadır. Hazırda Sosial Demokratlar Partiyası (SPD) ilə koalisiyada olan Xristian Demokratlar İttifaqı (CDU) 20 faizlə ikinci, Almaniya üçün Alternativ (AfD) partiyası isə 18 faizlə üçüncü pillədə qərarlaşıb. Yaşıllar partiyası 16 faiz, SPD 12 faiz reytinqə malikdir. Berlində seçkilərə ilk dəfə qatılan Sahra Vaqenknext İttifaqı (BSW) isə 4 faiz səslə 5 faizlik həddi keçmə baryerini aşa bilmir.

Meklenburq-Ön Pomeraniya əyalətində isə 1,3 milyona yaxın seçici səs verir. Bu əyalətdə də seçki yaşı ilk dəfə 16-ya endirilib. Seçki, əsasən hazırkı Baş nazir Manuela Şvezikin rəhbərlik etdiyi SPD ilə müxalifətdə olan AfD partiyası arasında gərgin ikitərəfli mübarizə şəraitində keçir.

Sentyabrın 10-da açıqlanan son sorğunun nəticələrinə görə, AfD 38 faiz səslə liderlik edir. SPD 33 faizlə ikinci sırada gəlir. Sol Partiyası 9 faiz, CDU isə cəmi 7 faiz dəstək toplaya bilib. Yaşılların reytinqi 5 faiz, BSW isə 4 faiz qiymətləndirilir. Bununla belə, Baş nazir vəzifəsinə birbaşa seçim sorğusunda reytinqi 59 faiz olan Manuela Şvezik şəxsi nüfuzuna güvənərək partiyasını qələbəyə daşımağa çalışır.

Sentyabrın 6-da Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə sağçı-populist AfD partiyasının qazandığı tarixi qələbədən sonra ölkənin aparıcı siyasi qüvvələri bu seçkilərə son dərəcə ciddi hazırlaşıblar. Seçkilərin nəticələri Kansler Fridrix Mertsin siyasi gələcəyi baxımından kritik əhəmiyyət daşıyır. Saksoniya-Anhaltda ağır məğlubiyyətə uğrayan Xristian Demokratlar İttifaqı (CDU) bu seçkilərdə vəziyyəti xeyrinə dəyişmək üçün bütün imkanlarını səfərbər edib. Hətta CDU lideri, Kansler Fridrix Merts partiyasının seçki kampaniyasına şəxsən dəstək vermək və məğlubiyyətin qarşısını almaq üçün BMT Baş Məclisinin Nyu-Yorkda keçirilən illik sessiyasında iştirakını ləğv edərək ölkədə qalıb.

Berlində reytinqlərdə əsas mübarizənin Sol Partiya ilə CDU arasında aparılması gözlənilir. Sol Partiyanın əyalətin Baş naziri vəzifəsinə namizədi Türkiyə əsilli Elif Eralpdır. Partiyası seçkilərdə qalib gələrək qurulacaq koalisiya hökumətinə rəhbərlik edəcəyi təqdirdə Elif Eralp Berlinin miqrantəsilli ilk əyalət Baş naziri olacaq.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью