Almaz Ülvi: Elm xalqları birləşdirən mənəvi körpüdür

10.11.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 10 noyabr, AZƏRTAC

Hər il noyabrın 10-da qeyd olunan Ümumdünya Sülh və İnkişaf Naminə Elm Günü elmin cəmiyyətdəki rolunu, bəşəri sülhə və xalqların tərəqqisinə verdiyi töhfələri bir daha diqqətə çatdırır. Müasir dövrdə elmin inkişafından danışarkən yalnız rəqəmsal texnologiyalar və fundamental elmlər deyil, xalqlar arasında qarşılıqlı anlaşmanın, mədəniyyətlərarası dialoqun və mənəvi dəyərlərin qorunmasının təmin edilməsində mühüm rol oynayan humanitar elmlər də xüsusi əhəmiyyət daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında filologiya elmləri doktoru, professor, Özbəkistan Respublikasının “Dostluq” ordeninin laureatı Almaz Ülvi bildirib.

O qeyd edib ki, ədəbiyyatşünaslıq yalnız bədii mətnlərin təhlili ilə məhdudlaşmır, həm də xalqların tarixi yaddaşını, fəlsəfi dünyagörüşünü və milli kimliyini araşdıran fundamental elm sahəsidir. Qloballaşma şəraitində milli-mənəvi dəyərlərin qorunması, klassik ədəbi irsin müasir elmi yanaşmalar əsasında yenidən öyrənilməsi humanitar elmlərin qarşısında duran əsas vəzifələrdəndir.

Almaz Ülvinin sözlərinə görə, xüsusilə ortaq tarixə, dilə və mədəniyyətə malik Türk dünyasında ədəbiyyatşünaslıq elmi inteqrasiya prosesinin mənəvi sütunlarından biri kimi çıxış edir. Bu baxımdan Azərbaycan-Özbəkistan ədəbi əlaqələri elmi əməkdaşlığın uğurlu nümunəsidir.

Professor vurğulayıb ki, son illərdə Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi elmi-ədəbi əlaqələrin inkişafına da güclü təkan verib. Ulu Öndər Heydər Əliyevin humanitar sahəyə göstərdiyi diqqət, Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında mövcud olan dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlər hər iki ölkənin alimləri üçün yeni əməkdaşlıq imkanları yaradıb.

O bildirib ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun bu istiqamətdə həyata keçirdiyi tədqiqatlar, Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələrinin elmi əsaslarla araşdırılması sahənin inkişaf dinamikasını nümayiş etdirir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin və özbək xalqının böyük şairi və mütəfəkkiri Əlişir Nəvainin ədəbi irsinin qarşılıqlı öyrənilməsi, monoqrafiyaların və elmi nəşrlərin hazırlanması, eləcə də tərcüməçilik sahəsində əməkdaşlığın genişləndirilməsi iki qardaş xalqın elmi-mədəni əlaqələrinin möhkəmlənməsinə xidmət edir.

Almaz Ülvi qeyd edib ki, özbək navaişünaslarının əsərlərinin Azərbaycan dilinə, Azərbaycan alimlərinin tədqiqatlarının isə özbək dilinə tərcümə edilərək nəşr olunması elmi fikir mübadiləsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu nəşrlər yalnız iki ölkənin elmi ictimaiyyəti arasında əlaqələri genişləndirmir, həm də ortaq ədəbi-mədəni irsin gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verir.

Professorun fikrincə, Dünya Elm Günü humanitar elmlərin bəşəriyyətin mənəvi inkişafında, xalqlar arasında dostluq və həmrəyliyin möhkəmləndirilməsində oynadığı rolu bir daha xatırlatmaq baxımından əlamətdar gündür. Ədəbiyyat və ədəbi əlaqələr xalqları bir-birinə yaxınlaşdıran, ortaq dəyərləri yaşadan və sülh mədəniyyətini təşviq edən mühüm elmi-mənəvi platformadır.

Müxbir-Tünzalə Arazlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью