Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Kulis.az Feyruz Muradovun "Alqışların sükutu" hekayəsini təqdim edir.
Həyatda elə adamlar olur ki, onlar özlərinə sənət qazana bilirlər, ev də alırlar. Lakin onlar özlərinə şəxsi həyat qura bilmirlər. Bu səbəbdən belə adamlar öz sevgilərini ya bacı və qardaşlarının övladlarına verirlər, ya da hansısa parlaq, nəzərəçarpan, məşhur bir şəxsin pərəstişkarına çevrilirlər. Bütün həyatlarının mənasını ona xidmət etməklə keçirirlər. Əsli də belə adamlardan biri idi.
Əslinin şəhərin mərkəzindəki ikiotaqlı mənzilinin işıqları hər səhər saat altıda yanırdı. O, Politexnik İnstitutunun məzunu idi – rəqəmlərin, mühəndislik dəqiqliyinin və nizamın adamı. İndi isə Sənaye-Yeyinti Texnikumunda dərs hissə müdiri vəzifəsində çalışırdı. Tələbələr və müəllim heyəti arasında onun adı gələndə hamı özünə düzən verirdi. Əsli savadlı, prinsipial və son dərəcə tələbkar bir müəllimə idi. Heç bir tələbə onun fənnindən oxumadan keçə bilməzdi, amma eyni zamanda hamı bilirdi ki, o, həm də texnikumun ən ədalətli insanıdır.
Zahirən Əsli klassik mənada gözəl və zərif bir qadın deyildi. Xroniki xəstəliyin gətirdiyi həddindən artıq arıqlıq bədənini zəif salmışdı. Ən nəzərəçarpan qüsuru isə gözlərindəki yüngül çəplik idi. Uşaqlıqdan bəri insanların onun baxışlarından qaçması, qohumlarının acıyan ifadələri onun daxilində böyük bir müdafiə mexanizmi yaratmışdı. Üstəlik, Əsli bir qədər kişiyəbənzər, sərt davranışlı qadın idi. Ağır gedişi, qətiyyətli jestləri, sözü birbaşa üzə deməyi və rəsmi tərzi onun bu "dəmir qadın" obrazını tamamlayırdı. O, qadın zərifliyi ilə deyil, mühəndis mətanəti ilə yaşayırdı.
Tələbə vaxtı həyatında ilk və son dəfə birini sevmişdi. İnstitut illərində bəyəndiyi bir oğlan var idi. Lakin aparılan tibbi müayinələrdən sonra həkimlər Əsliyə qəti və amansız bir hökm oxumuşdular: xəstəliyinə görə ona ailə qurmaq və övlad dünyaya gətirmək qətiyyən olmazdı. Bu acı həqiqəti öyrənən, onsuz da Əslinin zahiri görünüşünə, gözlərindəki çəpliyə və sərt davranışlarına görə tərəddüd edən o oğlan, tibbi qadağanı bəhanə edərək ondan uzaqlaşdı. O gündən sonra Əsli bir daha heç kəsi həyatına buraxmadı. Doğmadığı övladların sevgisini hər gün auditoriyada qarşısında oturan tələbələrinə verdi.
Öz övladı olmadığı üçün Əsli illərdir qardaşı uşaqlarına hər cür maddi və mənəvi köməklik edirdi. Maaşını, imkanlarını onların təhsilinə, gələcəyinə xərcləyir, içindəki analıq boşluğunu bu yolla doldurmağa çalışırdı. Lakin qohumları onun bu fədakarlığını sadəcə bir vərdiş kimi görür, gizlicə isə onun mərkəzdəki mənzilinə və təkliyinə göz dikirdilər. Onların bu riyakar və mənfəət güdən münasibətini hiss etdikcə Əslinin ürəyi getdikcə soyuyurdu.
Lakin onun gizli bir dünyası var idi. O, illər öncə rayondan Bakıya gəlmiş, öz istedadı ilə böyük məşhurluq qazanaraq Fəxri ad almış Ofeliya adlı bir qadın müğənninin böyük pərəstişkarı idi. Səhnədə minlərlə insanın alqışladığı o qadının şəxsi həyatı tamamilə uğursuz olmuşdu. Uğursuz bir evlilikdən tək bircə qızı qalmışdı. Əsli Operada Ofeliyanın iştirakı ilə keçən tamaşalara tez-tez gedirdi. Onun səsyazılarını həvəslə dinləyirdi. Ofeliyanın yanıqlı səsi qəlbinin dərinliklərinə yol açırdı.
Bir dəfə tamaşadan sonra Əsli cəsarət edib bir dəstə gül ilə Ofeliyaya yaxınlaşdı. Gül dəstəsini təqdim edib onun sənətinin pərəstişkarı olduğunu bildirdi. Müğənni qadın ona təşəkkürünü bildirib gül dəstəsini aldı. O andan Əsli bu müğənnidə başqalarında görmədiyi bir sadəlik, səmimiyyət olduğunu duydu.
Bir dəfə növbəti tamaşadan sonra Ofeliya Əslini evinə dəvət etdi. O, şəhərin mərkəzində yaşayırdı. Anası tək qalmasın deyə rayondakı ailələrini qoyaraq Ofeliyanın yanına şəhərə gəlmişdi. Əsli onunla da tanış oldu. Beləliklə, aralarında olduqca yaxın, səmimi münasibət yarandı; sanki Əslinin həyatında yeni, daha həyəcanlı, daha təlatümlü bir səhifə açılırdı. Onunla rəfiqə olması Əslinin həyatındakı ən böyük qürur fəsli idi. Əsli artıq tez-tez müğənninin evinə qonaq gedirdi. O parlaq, sənət qoxulu evdə onu sadəcə bir qonaq kimi deyil, ən yaxın, ən doğma adam kimi qəbul edirdilər. Bu qapının onun üzünə daim açıq olması Əslinin illərdir sındırılmış daxili inamını yenidən dirçəldirdi.
Lakin bir gün müğənni qadının rayondakı bacısından gələn acı bir xəbər hər şeyi dəyişdi. Onun rayonda yaşayan kiçik bacısı İradə ailəsi ilə yola gedə bilmədiyindən boşanmaq qərarına gəlmişdi. Bu ayrılıq çox ağrılı olmuşdu; İradə boşanarkən böyük qızını atasının yanında qoymağa məcbur qalmış, özü ilə isə 6-7 yaşlarında olan balaca qızını götürmüşdü. İradə də böyük bacısı kimi müğənni olmaq xəyalı ilə, qucağında körpəsi ilə Bakıya pənah gətirmişdi. Məşhur müğənni bacısının istedadına güvənir və ona səhnəyə gəlməkdə köməklik edə bilərdi. Amma ən böyük problem İradənin və o balaca qızcığazın Bakıda harada yaşayacağı idi. Müğənninin evinə hər gün sənət dostları, rəfiqələri gəlib-gedirdi, İradə uşaqla orada uzun müddət qala bilməzdi.
Məhz bu gərgin günlərin birində Əsli İradə ilə tanış oldu. İradə zahirən çox yaraşıqlı, daxilən isə inanılmaz dərəcədə cəsarətli və uğur qazanmağa can atan enerjili gənc bir qadın idi. Onun bu əzmi və cəsarəti elə ilk görüşdən Əslinin çox xoşuna gəldi. İradənin və balaca qızının yer problemini həll etmək üçün Əsli heç tərəddüd etmədən şəhərin mərkəzindəki ikiotaqlı mənzilinin qapılarını onlara açdı və onları evinə dəvət etdi. İradə 7 yaşlı balaca qızı ilə birlikdə birdəfəlik Əslinin evində məskunlaşdı.
Böyük bacısının dəstəyi ilə İradə tezliklə böyük uğurlar qazanmağa başladı. O, əvvəlcə konsert birliyinin solisti oldu. Tamaşaçılar onun çıxışlarını çox bəyənir, sürəkli alqışlayırdılar. Bir müddət sonra isə şəhərdə çox məşhur olan ansambllardan birinin əsas solisti kimi fəaliyyətə başladı. İradə öz üzərində durmadan çalışır, sənət pillələrini sürətlə dırmaşırdı. Çox keçmədi ki, bir-iki il ərzində o, Bakıda istedadlı bir müğənni kimi tanınmağa başladı. Artıq onu tez-tez televiziyada da çıxış etməyə çağırırdılar. İradənin mavi ekrandakı hər çıxışı, hər yeni nəğməsi onun şöhrətini daha da artırırdı. Bunları görən Əsli onunla fəxr etməyə başlayırdı. Onun televiziya ekranındakı hər bir çıxışını sonsuz həvəslə izləyirdi. Az qala onun hər uğuruna öz uğuru kimi sevinirdi. O, İradəni daha heç vaxt gözündən kənara buraxmayacağını qət etmişdi.
Bu addım Əslini illərdir çiyinlərini çökdürən o amansız təklikdən tamamilə xilas etdi. Evə gələndə onu qarşılayan bir nəfəsin, ən əsası isə o balaca qızcığazın şirin gülüşlərinin, qaçışlarının olması Əslinin dünyasını dəyişmişdi. Tibbi qadağalara görə heç vaxt övlad qoxusu duya bilməyən o sərt, kişisayğı müəllimə daxilən tamamilə yumşalmışdı. O, bu balaca qıza elə bağlanmışdı ki, sanki öz doğma övladı idi. İradə isə onun həyatda ən yaxın adamına çevrilmişdi.
Əsli İradənin istər səhnədəki, istərsə də televiziyadakı hər uğurunu az qala öz şəxsi uğuru kimi qəbul edir, daxilən böyük bir iftixar hissi keçirirdi. Amma o, sadəcə kənardan izləyən bir tamaşaçı olmaqla kifayətlənmirdi. Öz peşəsindən gələn o pedaqoji, tələbkar və mükəmməllikçi xarakteri ilə İradəyə daim məsləhətlər verməyə, onu daha da təkmilləşdirməyə çalışırdı. Axşamlar uşaq yatdıqdan sonra eyvanda əyləşib çay içərkən, Əsli o kəskin analitik zəkası ilə İradənin televiziyadakı çıxışlarını belə təhlil edirdi. Onun zahiri görünüşündəki bəzi kiçik çatışmazlıqları, səhnə geyiminin incəliklərini, ekranda kameraya qarşı duruşunu, mahnı oxuyarkən səsinin tonunu necə tənzimləməli olduğunu və səhnə hərəkətlərindəki bəzi qüsurları düzəltmək üçün ona dostyana, amma ciddi tövsiyələr verirdi.
İradənin mənzilə gəlişi və evdə həqiqi bir ailə mühitinin yaranması Əslinin qohumlarla olan bağlarını da tamamilə dəyişdi. O, qardaşı uşaqlarının təkcə pul üçün gəlib-getdiyini, onun xəstə bədəninə və daxili tənhalığına əslində heç vaxt dəyər vermədiklərini anlayaraq onlara etdiyi maddi yardımları kəsdi. Əsli qardaşı uşaqlarını və digər riyakar qohumlarını tədricən özündən uzaqlaşdırdı. Həyatındakı o saxta, zəhərli mühiti rədd edərək, bütün enerjisini və sevgisini ona evinin və qəlbinin qapılarını sonadək açan bu səmimi insanlara verdi. Qonşuların da Əsliyə qarşı münasibəti yaxşıya doğru dəyişmişdi. Əsliyə olan hörmətləri artmışdı. Onlar televiziyada İradənin çıxışlarını görüb belə məşhurlaşmaqda olan sənətkarla qonşu olduqları ilə öyünürdülər.
Lakin İradənin televiziyada parlaması uzaq rayonda əks-səda doğurdu. Keçmiş əri İradəni hər dəfə ekranda görəndə hiddətdən için-için qovrulurdu. Bir gün həmin adam heç kimə xəbər vermədən Bakıya gəldi və İradənin Əslinin evində qaldığını öyrənib mənzilin qapısını döydü. Qapını hər zamankı kimi ciddi və sərt görkəmli Əsli açdı. Əsli o "kişisayğı", qətiyyətli və soyuq səsi ilə adamın sözünü ağzında qoydu, onu qətiyyətlə qapıdan qovdu və bir daha bu ailəni narahat etməməsini tapşırdı.
İradənin sənət həyatı isə öz axarı ilə davam edirdi. O, çalışdığı populyar ansamblda gitara çalan Şükür adlı musiqiçi ilə yaxınlaşdı və aralarında ciddi bir münasibət quruldu. Şükür də İradə kimi vaxtilə evli olmuş, lakin yola getməyərək boşanmış bir adam idi. Yaşca da həmyaşıd idilər. Birinci həyat yoldaşı isə yaşca İradədən xeyli böyük olmuşdu. Şükürlə bu münasibəti irəlilədikcə, İradə evdə hər fürsətdə Şükürü tərifləyir, onun nə qədər diqqətli, istedadlı və fədakar bir insan olduğundan ağızdolusu danışırdı. Əsli sanki böyük bacı kimi onun coşğusunu sakitcə izlədikdən sonra, ona hisslərinə bir qədər bələdçilik etməyi və Şükürə qarşı bir qədər ehtiyatlı olmağı məsləhət bildi. Lakin İradə sevdiyi adamı müdafiə edərək qətiyyətlə bildirdi ki, o, Şükürə tamamilə inanır.
İradənin bu inamı Əslini daha da ayıq saldı. İradənin böyük konsertlərindən birinin axşamı, zal boşaldıqdan sonra Əsli kulis arxasına keçdi və fürsət tapıb gitara qutusunu toplayan Şükürə yaxınlaşdı. Özünü İradənin böyük bacısı və yaxını kimi təqdim etdi. Şükür bildirdi ki, onun haqqında İradədən eşidib. Onların ilk ətraflı və ciddi təkbətək söhbəti elə orada başladı. Əsli Şükürdən niyyətinin nə dərəcədə ciddi olduğunu soruşdu. Şükür bir anlıq sükutdan sonra tam bir səmimiyyətlə və təmkinlə İradəyə qarşı heç bir pis niyyətinin olmadığını, onu həqiqətən çox istədiyini və məqsədinin sadəcə onun və balaca qızının arxasında möhkəm bir dağ kimi durmaq olduğunu bildirdi. Şükürün bu sözləri Əslinin ürəyindəki son şübhə buludlarını da tamamilə dağıtdı. Əsli artıq Şükürə ürəkdən inanmağa başlamışdı. Əsli Şükürə böyük bir etimad göstərdi.
Bu etimaddan bir müddət sonra, ansamblın növbəti konsertinin ardından Şükür İradə ilə birlikdə Əsligilə gəldi. Bu, Şükürün mərkəzdəki o ikiotaqlı mənzilə ilk rəsmi və doğma qonaqlığı idi. Şükür əlində gözəl bir güldəstəsi və balaca qız uşağı üçün aldığı şirin bir hədiyyə ilə qapıdan içəri addımladı. Şükür süfrə arxasında əyləşərkən öz tərbiyəsi, musiqi haqqında dərin düşüncələri və Əslinin mühəndis məntiqinə uyğun olan o ciddi, təmkinli danışığı ilə evdəki doğmalığı daha da artırdı. İradə sevdiyi adamın Əsli tərəfindən qəbul edildiyini görüb xoşbəxtlikdən uçurdu.
Bu doğma qonaqlıqdan bir müddət sonra İradə ilə Şükür həyatlarını birləşdirmək – evlənmək qərarına gəldilər. Bu qərarın arxasında həm də çox mühüm bir məqsəd dayanırdı. İradə, Şükür və onlara bələdçilik edən Əsli istəyirdilər ki, rayondakı birinci ərin İradə ilə yenidən barışmaq, onun həyatına kölgə salmaq cəhdlərinin qarşısını qəti şəkildə alsınlar. O adam İradənin artıq yeni, rəsmi və sarsılmaz bir seçim etdiyini görməli və birdəfəlik əl çəkməli idi. Əslinin məsləhəti ilə cütlük böyük bir toy etmək əvəzinə, yalnızca yaxın adamlarının iştirakı ilə sadə, amma son dərəcə səmimi bir yığıncaq keçirmək qərarına gəldi. Məclisdə kənar heç kim yox idi; yalnızca ən yaxınları, başda İradənin hər zaman dayağı olan fəxri adlı böyük bacısı və təbii ki, bu ocağın qoruyucusu olan Əsli iştirak edirdi. Bu qərar onların həyatında əsl dönüş nöqtəsi kimi tarixə düşdü. Keçmiş ərin bütün cəhdlərinin qarşısı qəti şəkildə kəsildi və o, birdəfəlik əl çəkməyə məcbur oldu.
Onlar bu mənzildə bir yerdə tam 30 ilə yaxın çox xoşbəxt bir həyat sürdülər. Zaman keçdikcə ailənin maddi imkanları da gözəçarpan dərəcədə yaxşılaşmağa başladı. İradənin şöhrəti günbəgün daha da artmışdı. O, şən, oynaq və dinamik mahnıları ilə toylarda, böyük məclislərdə çıxış edərək dinləyicilərin ruhunu oxşayırdı. Bu uğurlarla paralel olaraq ailənin gəlirləri də durmadan artırdı. Əri Şükür də onunla birlikdə eyni kollektivdə çalışır, toylara bir yerdə gedir, ona həm səhnədə, həm də həyatda yoldaşlıq edirdi. Çəkdikləri zəhmətin bəhrəsi olaraq, bir müddət sonra pul yığıb özlərinə gözəl bir maşın da almışdılar. Bu cütlük bütün maneələri dəf edib özlərinə arzu etdikləri xoşbəxt həyatı qurmuşdu. Onların bu xoşbəxtliyində Əslinin də böyük payı vardı. Onun dəstəyi olmadan heç zaman bu xoşbəxtliyə çata bilməyəcəkdilər.
Lakin illər keçdikcə həyat öz yeni həqiqətlərini də mənzilə gətirirdi. İradənin balaca qızı iki qadının – həm anasının, həm də Əslinin həddindən artıq qayğısı və sevgisi əhatəsində kifayət qədər ərköyün bir övlad kimi böyümüşdü. O, 17-18 yaşlarına çatanda Bakının tanınmış, hörmətli həkim ailəsindən çıxmış bir oğlanla tanış oldu və gənc yaşda onunla ailə qurdu. Qız evlənən kimi illərdir sığındığı Əslinin evindən birdəfəlik çıxaraq, yoldaşının şəhərin mərkəzindəki geniş üçotaqlı mənzilinə köçdü. Lakin bu parıltılı köçün arxasında fərqli bir dram gizlənirdi. İradənin qızının əri imkanlı, hörmətli bir həkim ailəsindən çıxsa da, əslində tamamilə avara, məsuliyyətsiz bir gənc idi. O, tamamilə ata-anasının maddi imkanı sayəsində lüks içində yaşayırdı. Zaman sürətlə axdı və bu evlilikdən onların iki gözəl qız övladı dünyaya gəldi. Artıq gənc qadının tamamilə öz dünyası, öz gizli kədəri və öz həyatı var idi. Günlərin qaçhaqaçında o, anasının yanına getdikcə daha az-az gəlməyə başladı. Əvvəlki o hər gün bir yerdə olan doğmalıq tədricən yerini uzaqdan-uzağa əlaqə saxlamağa verdi.
Tədricən həyat daha da dəyişirdi. Zamanın amansız axarı hər kəsin ömründən pay aparırdı. Günlərin birində bu doğma ocağa böyük və qara bir xəbər gəldi. İradənin hər zaman dayağı olan fəxri adlı böyük bacısı Ofeliya ağır xəstəliyə tutulmuşdu. Həkimlərin bütün cəhdlərinə rəğmən, o, cəmi 53 yaşında bu amansız xəstəliyə məğlub olaraq həyatını dəyişdi. Bu vaxtsız itki İradəni dərindən sarsıtdı və ürəyində heç vaxt dolmayacaq böyük bir boşluq yaratdı. Böyük bacısının vəfatından sonra İradənin sənət həyatında da eniş dövrü başladı. Zaman keçir, şou dünyası yenilənirdi. Onun populyarlığı get-gedə azalmağa başladı. Artıq o, əvvəlki kimi tez-tez televiziya ekranlarında görünmürdü. Mavi ekrana daha gənc, daha fərqli müğənnilər ayaq açırdı.
Bu sənət kədərinin ardınca İradənin qızının da həyatında qorxunc bir faciə baş verdi. Onun gecə həyatına və sürətə meyilli olan yoldaşı qəfil və dəhşətli bir avtomobil qəzasına düşdü. Gənc adam hadisə yerindəcə faciəvi şəkildə həlak oldu. Bu xəbər hər kəsi sarsıtdı. İradənin qızı gənc yaşda iki azyaşlı qız övladı ilə dul qaldı. İradə və Əsli ürəkləri parçalanaraq dərhal gənc ananın yanına qaçdılar və onlara öz yanlarına geri dönməyi təklif etdilər. Lakin İradənin qızı geri dönmədi. O, gənc yaşında iki yetim uşaqla ərindən qalan üçotaqlı mənzildə təkbaşına qalmağı, öz ayaqları üzərində durmağı seçdi.
Bu hadisələrin ardınca İradə artıq yavaş-yavaş yaşa dolurdu. Sənət aləmində hər zaman güvəndiyi böyük bacısı artıq neçə illər idi həyatda yox idi. Bacısının ölümündən nə qədər çox zaman keçirdisə, İradənin şöhrəti də bir o qədər itirdi, sönürdü. Ekrana daha gənc müğənnilər ayaq açdıqca İradə unudulurdu. Üstəlik, şöhrətin itməsi ilə bərabər onun səhhətində də ciddi problemlər yaranırdı. Həyatın çətinlikləri və taleyin ağır zərbələri onun sağlamlığını büsbütün sarsıtmışdı. Yaş da öz sözünü deyirdi. Əri Şükürlə aralarında konfliktlər, maddi çətinliklərin gətirdiyi mübahisələr get-gedə artırdı. Artıq onları toylara da çağıran olmurdu. Bu səbəbdən ailənin maddi vəziyyəti də bərk pisləşməyə doğru gedirdi.
Keçirdiyi sarsıntılardan İradə ağır xəstəliyə tutuldu. O, mərkəzdəki o ikiotaqlı evdə yorğan-döşəyə düşdü. Əsli və Şükür gecə-gündüz onun başının üstündən ayrılmır, hər cür qulluğunu edirdilər. Lakin İradə bu ağır xəstəlikdən şəfa tapa bilmədi və bir payız günü bu amansız dünyaya əbədi olaraq gözlərini yumdu, dünyasını dəyişdi.
İradənin ölümündən sonra mənzildəki kədər buludları daha da tündləşdi. Bu arada Şükürün də səhhətində ciddi problemlər özünü göstərməyə başlamışdı. İradə öləndən sonra, onun o ərköyün qızı Şükürə qarşı amansız bir rəftar nümayiş etdirdi. Qız Şükürün tezliklə mənzili tərk edib öz ata evinə getməsini tələb etdi. Onun Şükürün üzünə dediyi sözlər sənətkarın qəlbinə vurulan sonuncu, ən ağır zərbə oldu:
—Artıq anam yoxdur. Sən ona görə burada qalırdın. O həyatdan getdi, sən də çıx get.
Şükür bu sözlərdən sonra heç bir etiraz etmədən, gitarasını da götürüb Əslinin evindən çıxdı və öz ata evinə getdi. Onun ata mülkündə kiçik bacısı qalırdı. Şükür də bacısının yanına sığınıb orada yaşamağa başladı. Bacısının qaldığı ata evi kiçik və darısqal idi. Səhnələrin, alqışların və mərkəzdəki o isti ikiotaqlı evin hüzurundan sonra uzaq bir küncə, balaca, darısqal həyət evinə sıxılmaq ona ağır gəlirdi. Sanki Şükürün həyatı elə İradə ilə birgə bitmişdi. İçindəki bu dərin qubar və xəstəlik onun bədənini tezliklə əritdi. Cəmi 5 ay sonra o, bacısıgildə dünyasını dəyişdi.
Əsli isə İradə öləndən sonra tamamilə ruhdan düşdü. Şükür də evdən getdikdən sonra o, mərkəzdəki ikiotaqlı mənzilində tam bir sükut içində, tək-tənha qalmışdı. İradənin qızı artıq öz həyatının qayğıları ilə məşğul olduğundan Əslinin yanına çox az-az gəlib ona baş çəkirdi. Çox keçmədi ki, Şükürün də ölüm xəbəri Əslinin tənha mənzilinə çatdı. Bu xəbər yaşlı və xəstə qadını daha da sarsıtdı. O, hər gün eyvanda oturub ötən o parlaq, musiqili günlərin həsrətini çəkir, İradənin yoxluğunun dözülməz əzabını yaşayırdı. Onun üçün həyat artıq öz mənasını tamamilə itirmişdi. Rəqəmlər də, mühəndislik nizamı da bu daxili boşluğu doldura bilmirdi.
Qonşular bir neçə gün idi ki, Əslinin görünmədiyini sezdilər. Amma əvvəl buna heç kəs əhəmiyyət vermədi. Hər səhər saat altıda yanan o pəncərənin işıqları artıq sönülü idi. Narahat olan qonşular gəlib onun qapısını döydülər, lakin cavab verən olmadı. Onlar Əslinin evdə vəfat etmiş olduğundan şübhələnib, binanın komendantı ilə birlikdə qapını sındırmağa qərar verdilər. Qapını açıb evə daxil olduqda içəridən kəskin, ağır bir qoxu gəldiyi hiss olundu. Həyəcanla otağa daxil olarkən orada Əslinin cansız bədəninin yerdə uzandığını gördülər. Sonradan məlum oldu ki, o, 2-3 gün əvvəl elə bu evdə, tək-tənha vəfat edibmiş.
Qonşular dərhal İradənin qızına zəng vurdular. O gəldi, göz yaşları içində Əslini də dəfn etdilər. Əslinin vaxtilə qohumlarından qoruduğu, canı bahasına sahib olduğu mənzili rəsmi olaraq İradənin qızının adına keçdi. Qız mənzilə köçmək istəmədi. O, Əslinin və anasının xatirələri ilə dolu olan o evi yad insanlara kirayə verdi, pulunu aldı. Öz geniş üçotaqlı mənzilinə, öz həyatına geri döndü. İkinci dəfə ailə qurdu. Səhnənin o parlaq nəğmələri, Əslinin dəmir iradəsi və 30 illik böyük dostluq dastanından geriyə yalnız yad adamların addımladığı soyuq, kirayəlik bir mənzil qaldı.
8 avqust 2026-cı il
"O" filmi fərqli formatda təqdim olunacaq Sandra Bullok və Nikol Kidmandan izləyicilərə sürpriz: Yeni film gəlir Heyvan haqları, gender məsələsi və ekoloji canıyananlıq – Ömər Xəyyam