Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 29 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) nümayəndələri IDEA Heyvanlara Qayğı Mərkəzinin qonağı olublar.
AMADA-dan AZƏRTAC-a verilən məlumata görə, ziyarət zamanı qonaqlara IDEA Heyvanlara Qayğı Mərkəzinin yaranması haqqında məlumat verilib. Qeyd olunub ki, IDEA Heyvanlara Qayğı Mərkəzinin təməli 2014-cü ilin oktyabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tərəfindən qoyulub. 2016-cı ilin sonunda Mərkəzin inşası başa çatdırılıb, Leyla Əliyevanın iştirakı ilə kompleksin rəsmi açılışı olub. 2017-ci ilin mart ayının 1-dən etibarən Mərkəz rəsmi olaraq fəaliyyətə başlayıb.
Daha sonra Mərkəzdə müasir avadanlıqla təchiz olunmuş klinika, it və pişiklər üçün müvəqqəti sığınacaq və karantin blokları, himayə bölməsi, heyvan mehmanxanası və salonu, oyun meydançası barədə məlumat verilməklə hər bir obyektin təqdimatı olub.
Sonda AMADA nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.