Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Yazıçılar Birliyində tədqiqatçı-publisist Reyhan Mirzəzadənin Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr olunmuş “Böyük amallar və arzular şairi” kitabının təqdimatı keçirilib.
Mərasimdə tarixçi-kitabxanaşünas Lətifə Məmmədova Səməd Vurğunun yaradıcılığında beynəlmiləlçilik mövzusunun yeni nəşrdə ətraflı araşdırıldığını söyləyib. “Qazax Xeyriyyə Cəmiyyəti” İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov, Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, şairin nəticəsi, Səməd Vurğunun ev-muzeyinin direktoru Vurğun Vəkilov, rəssam Zinaida Mirzəzadə, Səməd Vurğun irsinin araşdırıcısı Aslan Salmansoy, ictimai fəal Ramiz Göyüşov, yazıçı Zöhrə Əsgərova, şair İlham Qazaxlı, QHT təmsilçisi Lyubov Yakunina, Rusiya səfirliyinin nümayəndəsi Mariya Zolotoryova Səməd Vurğun irsinə çağdaş münasibəti əks etdirən kitabın önəmini qeyd edib, müəllifə uğurlar arzulayıblar.
Qeyd edilib ki, yeni kitabda Səməd Vurğunun rus klassiklərinə münasibəti, bu irsdən etdiyi tərcümələrdən, Şairin Nikolay Tixonov, Konstantin Simonov, Rəsul Həmzətov, Aleksandr Fadeyev, Pavel Antokolski, Yevgeni Yevtuşenko, Mixail Şoloxov, Maksim Rılski kimi görkəmli şəxsiyyətlərlə dostluq əlaqələrindən geniş bəhs olunub. Bəşəri dəyərlər tərənnümçüsü olmuş sənətkarın xarici şair, yazıçı, rəssam, bəstəkar, digər mədəniyyət xadimləri ilə dostluq, qardaşlıq əlaqələri barədə yazılmış əsərlər və xatirələr də yeni nəşrdə yer alıb.
Nizami rayonundakı 10 saylı tam orta məktəbin şagirdləri Cavid və Fəxri Ağalarovlar məraimdə Səməd Vurğun şeirlərindən nümunələr söyləyiblər. Gənc vokalçı Raul Həmidov şairin əsərlərinə yazımış müsiqi nömrələrini səsləndirib.
T.RÜSTƏMLİ
XQ