Icma.az bildirir, Axsham.az portalına istinadən.
"Arzum" ləqəbli tiktoker İlduzə Hacıyevanın təqsirli bilindiyi yol-nəqliyyat hadisəsində həyatını itirən Amal Məlikovun anası Meri Veynq videomüraciət yayımlayıb.
Axşam.az xəbər verir ki, o, İ.Hacıyevanın apellyasiya məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılmasına etiraz edib. Meri Veynq müraciətində Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya səslənərək, işə ədalətlə baxılmasını istəyib:
"Mən yeganə oğlunu itirən, ürəyi ağrıyan anayam. 2025-ci ilin iyununda baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsi nəticəsində həyatımın ən ağır faciəsini yaşadım. Bu qəza zamanı oğlumu itirdim, gəlinim isə ağır xəsarətlər alaraq əlil qaldı və gənc yaşında dul oldu.
Hadisəni törədən şəxs nə təcili tibbi yardımın, nə də polis əməkdaşlarının gəlməsini gözləmədən hadisə yerindən qaçıb, daha sonra isə ölkəni tərk edib. Bloger Arzum həbs edildi. Lakin apellyasiya məhkəməsinin qərarından cəmi 20 gün sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsi məndə bu qərarın ədalətliliyinə dair ciddi suallar yaradıb.
Bildirilib ki, qərar qəbul edilərkən onun azyaşlı övladlarının olması yüngülləşdirici hal kimi nəzərə alınıb. Halbuki həmin uşaqlar faktiki olaraq Almaniyada yaşayırlar.
Mən köklü bakılıyam. Ömrüm boyu ailəmi qorumuş, övladlarımı və nəvələrimi böyütmüşəm. Həmişə dövlətimizin qanunlarına və ədalətinə inanmışam. Səhhətimdə yaranmış ciddi problemlər səbəbindən, ayağımdan keçirdiyim üç əməliyyata görə apellyasiya məhkəməsinin iclasında iştirak edə bilmədim.
Bu işə ədalətlə yanaşılsın. Oğlumu heç kim mənə geri qaytara bilməz. Ancaq istəyim yalnız budur ki, bu ağır faciəyə səbəb olan şəxs qanun qarşısında layiq olduğu cəzanı alsın".
Qeyd edək ki, Arzumun təqsirli bilindiyi yol qəzası ötən ilin iyununda baş verib. Qəza nəticəsində 29 yaşlı Amal Məlikov ölüb, onun həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb. Məhkəmə blogerə 5 il 2 ay həbs cəzası verib. Onun həbsdən 20 gün sonra apellyasiya məhkəməsi keçirilib və İ.Hacıyeva ev dustaqlığına buraxılıb.