Aman, ayrılıq... Aydın Tağıyev yazır

16.10.2026

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Aydın TAĞIYEV
AYB Şabran bölməsinin rəhbəri

Zövqlü tənqidçi, neçə-neçə ssenarinin müəllifi, tərcüməçi, uzun illərin cəfakeş baş redaktoru (cavanlığında şeir yazmasından agah olanlar da var), indi isə oxucusunu mətnin elə ilk cümlələrindən ələ alan bir hekayə ("Azərbaycan" jurnalı, №9) müəllifi, nasir İntiqam Qasımzadə! Ardı gəlsin!

...Əzizim olmayaydı,

Saralıb solmayaydı,

Ölüm Allah işidir,

Ayrılıq olmayaydı...

Ayrılığı bəzən elə özümüz araya salırıq. Ayrılıban sonralar təkrar görüşənlər də olur. Tanrının hökmü ilə olan ayrılığın qarşısında isə bəndə acizdir.

Ayrılıq həmişə ağır olur. Bəzən dünyanın qəm-qüssə yükünü çiyninə yükləyib daşımağından da ağır... O ki qaldı əbədi bir vida ayrılığı...

Hekayənin süjeti sadədir. Dünyadan əbədi köç edən bir dostun dəfn mərasimində iki dostun iştirakı. Qəbiristanlıqda bu dəfn mərasiminin yerli-yataqlı təsviri. Gələn bəndə əvvəl-axır getməlidir, necə deyərlər, gəlimli-gedimli fani dünya!

Vur-tut dördcə səhifəlik bir hekayədə sadə təhkiyə yolu ilə vida ağrısını oxucuya çatdırmaq, dostlara ötənlərin xatirələrini yada salmaq - elə özü də bir vida mərasimidir axı, hər bir həssas oxucunu həm də o dərd-sərə, qüssəyə şərik edir. Əlbəttə, bu da hekayə müəllifinin böyük uğurudur.

Mətni oxumamışdan əvvəl elə hekayənin sərlövhəsi məni təsirləndirdi: "Vida"... Əlbəttə, ömrünün 75 ilini yaşayan bir oxucu üçün bu təbii hal idi. İnsan ömrünün ahıl çağlarında dünyanın faniliyi, vida gününün astana ağzında olduğunu daha tez-tez, az qala günaşırı yada salır.

Yazıçının hekayənin qələmə alındığı tarixi, məkanı göstərməsi də məni duyğulandırdı: "Pirəbədil, 2026."

İndi yaşımın 75-nin içində 22-24 yaşlı cavanca bir müəllim kimi bu məşhur kənddə, orta məktəbdə müəllim işlədiyim çağları xatırlatdı. Bu da mənim üçün ömrün ötən xatirələri ilə elə bir "vida" idi.

Əslində əsl vida mərasimi təhkiyəçinin çəliyinin ardınca qəbiristanlığa geri dönməsindən sonra başlayır.

Əgər qəbiristanlığa dəfn zamanı mərhumla vidalaşma ümumi mənzərə təəssüratı yaradırdısa, çəliyin ardınca yollanan dostunun yubanmasından narahat-nigaran qalıb qəbiristanlığa qayıdan Akif öz haqq dünyasına qovuşmuş dostları ilə ikilikdə vidalaşır.

Bu təsirli səhnələr ürəyi nazik oxucuları, çox güman ki, göz yaşlarına qərq edəcək...

Və oxucunu odsuz-ocaqsız yandıran, başındakı tükləri biz-biz qaldıran bir sonluq: "Rahat yat dostum, biz - övladların, dostların, bir də bu köpəyin, səni unutmayacağıq" - dedim və qeyri-ixtiyari Akitoya baxdım. İt elə bil ürəyimdə dediklərimi eşitmişdi, başını mənə sarı çevirib sözlərimə səs verdi; alçaqdan, bir insan kimi inildədi. Bu iniltidə təkcə bir itin sadiqliyi deyil, bu fani dünyada bəndənin bəndəyə olan bütün sevgisi, həsrəti və dərdin ağırlığı vardı..."

Çəliyin ardınca qəbiristanlığa qayıdan təhkiyəçi və bundan sonra hekayə içində yeni bir hekayə. "Hamı getmişdi, ins-cins qalmamışdı. Axırıncı biz çıxmışdıq burdan - Akiflə mən. İndi isə burda rəhmətliyinin qəbrinin baş tərəfində iki yeniyetmə qız uşağı bir-birinə sığınıb xısın-xısın ağlayırdı. Ayaq tərəfdə isə Akito cinsindən olan yapon iti quyruğu üstdə oturub, kədərli gözləriylə qəmgin-qəmgin Adilin başdaşı əvəzinə müvəqqəti qoyulmuş şəklinə baxırdı. Mənə elə gəldi ki, itin gözləri yaşarmışdı".

Oxucuya qısa bir informasiya: bu cins iti Adil beş-altı il əvvəl məşhur yapon filmində görüb ağlına, sədaqətinə heyran olubmuş. Nəhayət, uzun axtarışlardan sonra onun küçüyündən tapdırıb çox baha qiymətə alıbmış.

Adi həyat hadisəsini - bir dəfn mərasimini yerli-yataqlı nəql etməklə bəlkə də çoxumuzun görə bilmədiklərini İntiqam Qasımzadə peşəkar yazıçı qələmi ilə üzə çıxara bilib. Gəlimli-gedimli dünyamızda qarşılaşdığımız bir olayı sözün sehri ilə hekayəyə çevirib, oxucusunun qəlbini titrədən, hisslərinə, duyğularına hakim kəsilən gözəl bir nəsr nümunəsi yaradıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью