Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Amazon”un korporativ müştərilər üçün yaratdığı “Amazon Business” platformasının illik ümumi satışları 60 milyard dollara çatıb.
Bakıvaxtı.az xəbər verir ki, platforma hazırda dünya üzrə 11 milyon müştəriyə xidmət göstərir.
Təkcə bu il “Amazon Business”a 1,8 milyon yeni təşkilat qoşulub.
Şirkətin məlumatına görə, ötən il müştərilər “Prime” vasitəsilə pulsuz çatdırılma hesabına 880 milyon dollar, biznes müştəriləri üçün xüsusi endirimlər sayəsində isə 1 milyard dollar qənaət ediblər.
“Amazon Business” süni intellektdən istifadəni də genişləndirir. “Amazon Business Assistant” alıcılara uyğun məhsulu, qiyməti və ən sürətli çatdırılma variantını müəyyənləşdirməyə kömək edir. “Savings Insights” isə şirkətlərin satınalma məlumatlarını təhlil edərək xərcləri azaltmaq imkanlarını aşkarlayır.
“Amazon Business”ın dəyər və məhsul seçimi üzrə rəhbəri Daniel Silverfild bildirib ki, satınalma prosesi tədricən fasiləsiz və süni intellekt agentlərinin iştirak etdiyi modelə keçir. Onun sözlərinə görə, gələcəkdə belə agentlər istifadəçi yatdığı zaman belə ən sərfəli qiyməti axtara və onun adından danışıqlar apara biləcəklər.
Şirkət B2B çatdırılmaları üçün ayrıca “Amazon Business” yük avtomobillərindən də istifadə edir. Bu sistem xəstəxana və universitetlər kimi iri obyektlərə planlaşdırılmış və konsolidasiya edilmiş çatdırılmaların həyata keçirilməsinə imkan verir.