Icma.az, Apa.az portalına istinadən məlumat yayır. Kapital tələblərinə əməl etməyən BOKT-lərin lisenziyası ləğv edilə bilər.
Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Qeyd edilib ki, AMB-nin İdarə Heyətinin qərarları ilə bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyəti üzrə iki yeni normativ sənəd – “Fəaliyyətin prudensial tənzimlənməsi Qaydası” və “Kredit risklərinin idarə edilməsi Qaydası” təsdiq edilərək qüvvəyə minib.
Yeni tələblərə əsasən, kommersiya hüquqi şəxs formasında yaradılan BOKT-lər üçün nizamnamə kapitalı və ümumi kapitalın minimum həddi 1 milyon manat, qeyri-kommersiya hüquqi şəxslər üçün isə bu məbləğ 100 min manat müəyyən edilib.
Bu dəyişikliklər BOKT-lərin maliyyə dayanıqlığının gücləndirilməsi məqsədi daşıyır.
Kapital tələblərini yerinə yetirməyən mövcud BOKT-lərə Mərkəzi Bank tərəfindən icrası məcburi göstərişlər verilib.
Hesabatlara əsasən, əksər təşkilatlar bu tələbləri artıq yerinə yetirib.
Lakin kapitalı tələblərə uyğun olmayan bəzi BOKT-lərlə bağlı lisenziyanın ləğvi üçün inzibati tədbirlərə başlanılıb.