AmCham: Azərbaycanda idxal mallarının dəyəri gömrük tərəfindən süni şəkildə artırılır

29.01.2026

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasında neft və əsasən qeyri-neft sektorunda fəaliyyət göstərən şirkətlər ölkəyə kommersiya məqsədi ilə idxal etdiyi malların gömrük rəsmiləşdirilməsi zamanı, gömrük nümayəndələri tərəfindən idxal olunan malın dəyərinin süni şəkildə qaldırılması halları ilə rastlaşırlar.

APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") hesabatında bildirilib.

Hesabatda qeyd edilib ki, malları idxal edən tərəfin malların faktiki alqı-satqı sənədlərini təqdim etməsinə baxmayaraq, gömrük orqanları əməkdaşlarının tələbi öz qüvvəsində qalır və nəticə etibarilə, yük sahibi nəqliyyat vasitəsinin saxlanılması kimi əlavə xərclərin qarşısını almaq üçün, gömrük nümayəndəsinin şərtləri ilə razılaşmalı olur.

“Nəzərə almaq lazımdır ki, gömrük əməliyyatlarının bu şəkildə aparılması iqtisadiyyatın digər sahələrinə də mənfi təsir göstərir. Gömrük dəyərinin və ona tətbiq olunan rüsumların yüksək olması xaricdən malları idxal edən sahibkarları qiymətləri artırmağa vadar edir və süni qiymət artımına səbəb olur.

Gömrük dəyərinin bu cür artırılması vergi ödəyicisi ilə gömrük orqanı arasında mübahisələrə səbəb olur ki, bu da biznesin çevikliyini aşağı salır və idxalçı üçün əlavə saxlanma xərclərinin yaranmasına səbəb olur. Bir sıra hallarda, gömrük orqanlarının əməkdaşları idxal zamanı tətbiq edilən gömrük dəyərini, artıq eyni adlı malın həmin qiymətlə gömrük rəsmiləşdirilməsindən keçdiyi və heç bir halda daha aşağı qiymətlə rəsmiləşdirilməyəcəyi ilə əsaslandırırlar. Aydındır ki, belə tələb qanunun tələblərinə ziddir və biznes üçün əlavə xərc yaratmağa səbəb ola bilməz. Bunu da vurğulamağı vacib hesab edirik ki, yükün ölkəyə gətirilməsindən öncə hesablanan rüsum və vergilərin məbləği ilə yük gəldikdən sonra ödənilməsi tələb olunan məbləğ arasında fərqlərin yaranması biznes mühitinin proqnozlaşdırıla bilən olmasına ciddi əngəl yaradır”, -hesabatda vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью