Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar. AMEA-nınprezidenti İsa Həbibbəyli, vitse-prezident Gövhər Baxşəliyeva, Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev, institut direktorlarından Teymur Kərimli, Ərtegin Salamzadə, Kərim Şükürov, İlham Məmmədzadə və Fərhad Quliyev, bir qrup akademik, müxbir üzv, tarixçi və sənətşünas alimin imzaladıqları açıqlamada bildirilir:
– Son günlərdə Ermənistanda Azərbaycanın Qarabağ ərazisində olan Qafqaz Albaniyası abidələri, xüsusilə də Gəncəsər monastırı ətrafında süni şəkildə yaradılan məqsədyönlü hay-küy tarixi elmi reallıqlarla heç bir əlaqəsi olmayan ucuz və mənasız sensasiya yaratmaq cəhdindən ibarətdir. Əslində isə Gəncəsər monastır kompleksi və onun mühüm tərkib hissəsi olan Gəncəsər monastırı erməni tarixi ilə heç bir əlaqəsi olmayan, Qafqaz Albaniyasına məxsus tarixi abidədir. Bu abidənin Albaniyaya və onun yerli əhalisinə - albanlara məxsus olması təkzibedilməz tarixi-arxeoloji faktlar ilə çoxdan sübuta yetirilib.
Bunu təsdiqləyən ən önəmli faktlardan biri Gəncəsər monastırının ermənilərə heç bir aidiyyəti olmayan Qafqaz Albaniyasının tarixi coğrafi ərazisində inşa edilməsidir. Həmin ərazi Qafqaz Albaniyası dövlətinin əsas vilayətlərindən biri olub, onun tərkibində tarixi inkişaf yolu keçmişdir. Ərəb xilafəti süquta uğradıqdan sonra burada Alban çarlığının hakimiyyəti qismən bərpa olunmuşdur. XII-XIII əsrlərdə bu ərazidə Alban-Xaçın knyazlığı yüksəlmişdir. Bu knyazlığın hökmdarı Azərbaycanın görkəmli dövlət xadimlərindən olan Həsən Cəlal (1215-1261) olmuşdur. Həsən Cəlal və onun həyat yoldaşı əsli etibarilə məşhur Alban sülaləsi Mehranilər şəcərəsinə mənsubdur. Çar, yaxud mütləq hakim titulu daşıyan Həsən Cəlal dövrün mənbələrində “knyazlar knyazı”, “Xaçın ölkəsinin knyazı”, “Albaniyanın çarı” və s. kimi titullar ilə adlandırılırdı.
Bəyanatın davamında qeyd edilir ki, Qarabağ ərazisindəki əksər abidələrdəki və Gəncəsər monastırındakı epiqrafik yazılar albanlara məxsus olan mətnlərdən ibarətdir:
– Bu epiqrafik yazılar Gəncəsər monastırının daş kitabəsidir. 1919-cu ildə Petroqradda Gəncəsər monastırının epiqrafik mətnləri haqqında nəşr olunan və elə həmin dövrdə ermənilər tərəfindən məqsədyönlü şəkildə məhv edilən Gəncəsər yazılarına dair kitabda da bu abidələrin albanlara məxsus olduğu təsdiqini tapmışdır. Monastırın üzərindəki freskalar (divar rəsmləri) da bu abidənin alban irsinə aid olduğunu bir daha əyani şəkildə sübut edir”.
Bəyanatın sonunda vurğulanır ki, Qafqaz Albaniyası abidələri, o cümlədən Gəncəsər monastırı ilə bağlı elmi və tarixi reallıqlar bunlardan ibarət olsa da, ermənilər əsassız hay küy qaldırıblar:
– Azərbaycanda fəaliyyət göstərən diplomatların işğaldan azad edilmiş ərazilərə səfəri zamanı ermənilər tərəfindən edilmiş təhriflərin müşahidə olunmasının Ermənistanda narazılıqlar yaratması əsl həqiqətin ört-basdır edilməsindən başqa bir şey deyildir. Bu onu göstərir ki, Ermənistanda uydurma “böyük Ermənistan” xülyasından əl çəkməyən qüvvələr hazırda öz ölkələrində reallıqlara doğru atılmaqda olan addımları da pozmaq niyyətlərini həyata keçirirlər.
Azərbaycan alimləri Gəncəsər monastırı ətrafında Ermənistanda məqsədyönlü olaraq qızışdırılan kampaniyanı qətiyyətlə pisləyir və erməni tərəfini süni və yalan təbliğata deyil, elmi həqiqətlərə obyektiv yanaşmağa çağırır.
XQ