Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
8 Noyabr - Zəfər Günü münasibətilə Alov qüllələrində yerləşən “Park Cinema” kinoteatrlar şəbəkəsində Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları üçün “44” bədii filminin xüsusi nümayişi təşkil olunub.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, İkinci Qarabağ müharibəsində erməni işğalçıları üzərində qazanılan 44 günlük Zəfər Azərbaycanın tarixində və taleyində alternativi olmayan, ölkəmizin minillik tarixinin ən şərəfli və möhtəşəm hadisələrindən biridir. Natiq vurğulayıb ki, Qarabağ Zəfəri Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına qazandırdığı böyük və misilsiz qələbədir və Vətən müharibəsində əldə edilən zəfər cənab Prezidenti qalib xalqın qalib lideri səviyyəsinə yüksəldib, Azərbaycan Ordusu isə dünya miqyasında qalib ordular sırasında özünə layiqli yer tutub.
Akademik bildirib ki, bu gün alimlərimizin, ziyalılarımızın əsas vəzifəsi dövlət başçısının ətrafında daha da sıx birləşərək ölkəmizdə həyata keçirilən siyasəti ziyalı mövqeyindən dəstəkləmək və şərh etmək, Vətən müharibəsinin tarixini salnamələrə çevirmək, bu tarixi hadisələri elmi əsərlərdə əks etdirmək, dünya dillərinə tərcümə edərək beynəlxalq aləmdə yaymaqdır.
Vətən müharibəsinə həsr olunmuş “44” filminin bu istiqamətdə mühüm rol oynayacağını söyləyən akademik İsa Həbibbəyli ekran əsərinin Azərbaycan kinematoqrafiyasının son nailiyyətləri əsasında ərsəyə gəldiyini vurğulayıb.
İsa Həbibbəyli filmin ərsəyə gəlməsinə göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevaya, eləcə də filmin yaradıcı heyətinə Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi adından minnətdarlığını ifadə edib.
Daha sonra “44” filmi nümayiş etdirilib.
XQ